Dost dosta necə tən gəlir? - Bank kartlarından pul oğurluqları artır
Qaradağ rayonu ərazisində bir şəxsin bank kartından 1200 manat pul oğurlanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə vətəndaşın iş yerində baş verib və zərərçəkənin şəxsi maliyyə vasitələrindən sui-istifadə edilməsi ilə nəticələnib. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı N. Ataşov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin iş yoldaşıdır və onun telefonundan mobil tətbiq vasitəsilə ödənişi öz hesabına köçürüb.
![]()
Məsələ ilə bağlı İT üzrə mütəxəssis Elvin Abbasov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Baş vermiş bu hadisə göstərir ki, kibertəhlükəsizlik tədbirləri nə qədər güclü olsa da, "insan amili" və həddindən artıq etibar hər zaman ən zəif həlqədir. Bu növ oğurluqlardan qorunmaq üçün ilk növbədə telefonun ekran kilidindən əlavə, mobil bank tətbiqinə giriş üçün mütləq biometrik autentifikasiya (Face ID və ya barmaq izi) aktiv edilməli və cihaz hətta ən yaxın şəxslərin yanında belə kilidsiz və nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda, SMS-bildirişləri aktiv saxlamaq və günlük köçürmə limitlərini aşağı salmaq lazımdır ki, hər hansı kənar müdaxilə zamanı həm anında xəbərdar olasınız, həm də itkinin miqyası minimuma ensin".
Elmir Heydərli
15:38 26.01.2026
Oxunuş sayı: 958