Zelenski: Kiyevdə istilik sistemi qənaətbəxş deyil
Ukrayna Prezidenti Volodimir Zelenski regionlarda enerji vəziyyəti ilə bağlı keçirilən müşavirədə Kiyevdə istilik sisteminin bərpası prosesini sərt şəkildə tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O, mövcud tempin qənaətbəxş olmadığını bildirərək aidiyyəti qurumları daha sürətli və koordinasiyalı tədbirlər görməyə çağırıb.
Prezident Kiyev vilayəti ilə yanaşı, Xarkov, Çerniqov, Sumı, Dnepr və Zaporojye vilayətlərində enerji vəziyyəti ilə bağlı hesabatları dinləyib.
Zelenski xüsusilə paytaxtdakı vəziyyətə diqqət çəkərək bildirib ki, hazırda paytaxtda 1200-dən çox çoxmərtəbəli yaşayış binası hələ də istiliklə təmin olunmur.
Onun sözlərinə görə, bu vəziyyət son dərəcə çətindir.
“Yerli rəhbərlərlə mümkün qədər tez necə kömək edə biləcəyimizi müzakirə etdik. İndiyə qədər təqdim olunan bərpa müddətlərinin heç biri qənaətbəxş deyil. Daha sürətli hərəkət etməliyik”, – deyə Zelenski vurğulayıb.
Prezident əlavə edib ki, görüləcək addımların ardıcıllığı müəyyənləşdirilib və bu axşam konkret icra müddətləri ilə bağlı əlavə hesabat gözlənilir.
O, sosial infrastrukturun, xüsusilə məktəblərin və dəstək mərkəzlərinin real ehtiyaclara uyğun hazırlanmasının vacibliyini də qeyd edib.
Zelenskinin tapşırığına əsasən, Baş nazir və Maliyyə Nazirliyi Kiyevin alternativ elektrik və istilik istehsalı imkanlarını, eləcə də bu məqsədlə təcili avadanlıq alınması yollarını təhlil edəcək.
Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığına Xarkov üçün əlavə hava hücumundan müdafiə variantlarının müəyyənləşdirilməsi tapşırılıb.
Qeyd edək ki, 24 yanvar gecəsi Rusiya qüvvələrinin dron və raket hücumları nəticəsində Kiyevin beş rayonunda yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib.
Hücumlar nəticəsində bir nəfər ölüb, azı dörd nəfər yaralanıb. Yanvarın 25-i səhər saatlarına olan məlumata görə, 340-dan çox bina yenidən istilik sisteminə qoşulub. Hazırda paytaxtda 90-dan çox “Yenilməzlik Nöqtəsi” fasiləsiz fəaliyyət göstərir.
19:55 26.01.2026
Oxunuş sayı: 454