"Nar Mobile" abunəçilərini aldadır? - limitsiz internet vədi insanları narazı salır
Abunəçilərin şikayətləri göstərir ki, “Nar Mobile”in təqdim etdiyi “limitsiz internet” paketləri ilə bağlı ciddi anlaşılmazlıqlar mövcuddur. Reklamlarda və rəsmi məlumatlarda bu paketlər limitsiz kimi təqdim olunsa da, istifadəçilərin təcrübəsi göstərir ki, texniki baxımdan 15 GB həcmindən sonra internet sürəti ciddi şəkildə məhdudlaşdırılır. Nəticədə, istifadəçilər gözlədikləri xidmət səviyyəsini ala bilmir və bu, şirkətin etibarına zərbə vurur.
Problemlər yalnız internet sürəti ilə məhdudlaşmır. Sosial şəbəkələrdə və media platformalarında yayılan şikayətlərdə abunəçilərin hesablarına icazəsiz giriş halları, pul vəsaitlərinin itməsi və digər oğurluq iddiaları yer alır. Ekspertlər bildirirlər ki, bu hallar NAR-ın məlumatların qorunması və kibertəhlükəsizlik tədbirlərində boşluqların olduğunu göstərir. Belə boşluqlar müştərilərin şəxsi məlumatlarının təhlükəsizliyini ciddi risk altında qoyur.
Bundan əlavə, yayılan məlumatlara görə şirkət daxilində işçi hüquqlarının pozulması və ixtisar zamanı qanunvericiliyə əməl edilməməsi idarəetmə mədəniyyətində ciddi problemlərin olduğunu ortaya qoyur. İşçilərin etimadsızlıq və narazılığı, şirkət daxilində əmək mühitinin sağlam olmadığını göstərir.
Ümumilikdə, həm abunəçilərin şikayətləri, həm də daxili idarəetmə nöqsanları “Nar Mobile”ın texniki, təhlükəsizlik və idarəetmə sahələrində ciddi təkmilləşmələrə ehtiyacı olduğunu göstərir. Ekspertlər vurğulayır ki, müştəri məmnuniyyətinin təmin olunması və şirkətin etibarının qorunması üçün dərhal tədbirlər görülməlidir.
Bu barədə Crossmedia.az-a açıqlama verən təhlükəsizlik eksperti İlkin Məmmədkərimovun sözlərinə görə, limitsiz adı altında abunəçiyə 15 GB-lıq internet paketinin verilməsi və sonra surətin zəifləməsi birbaşa istehlakçı hüquqlarının pozulmasıdır: "Azər fon" şirkətin rəsmi saytında qeydlər bölməsində bunu göstərir və çox abunəçi isə buna diqqət etmir. Bunu da ona görə edirlər ki, sabah abunəçi sürət zəiflədi deyə şikayət etdikdə operator cavablandırsın ki , saytımızda bu barədə öncədən məlumat vermişdik. Bu istehlakçı hüquqlarının pozulmasıdır. Məsələ burasındadır ki, baksel ilə Azərfon 2018-ci ildən etibarən birləşdirilib və hər iki şirkət eyni holdinqə məxsusdur. Qıraqdan isə sadəcə ayrı-ayrı operatorlar kimi görsənə bilərlər.
Çox təəssüflər olsun ki, bugün Azərbaycanın mobil rabitə sahəsində qiymətlər bütün xidmətlər üzrə durmadan artır. Elə bir ay yoxdur ki, hansısa xidmətin qiyməti artmasın və ya hansısa şərtlər ləğv olunmasın. Son vaxtlar Azərfon operatoru qiymətləri çox absurd şəkildə artırır. Məsələn, şəbəkəxarici zənglərin qiyməti beynəlxalq istiqamətdə zənglərlə eynidir. Bakcell ilə Azərfonun birləşməsi səbəbindən çox sayda işçi ixtisar olunub. Azərfon çox az sayda işçi ilə fəaliyyət göstərir. Buna görə də, uzun müddətdir ki, həm Bakcell, həm də Azərfonun telefon mərkəzlərinə zəng edərkən abunəçilər bir saatdan artıq xəttdə gözləyirlər. 2026-cı ildə, texnologiyanın inkişaf etdiyi dövrdə abunəçinin bu qədər, 40-50 dəqiqə gözləməsi qəbuledilməzdir. Azərfonun şəbəkəsi bir çox yerdə zəif işləyir. Qapalı ərazilərdə şəbəkə ümumiyyətlə itir. Mobil internet açıq qalsa da qalmasa da istifadə edirmiş kimi göstərilir və balansdan 1 MB-ı Azərfon 49 qəpik kimi hesablayır və abunəçinin balansından 6-7 manat çıxılır. Bu artıq oğurluqdur".
Ekspert qeyd edib ki, əgər operator normal xidmət göstərmirsə, şəbəkə tutumu zəifdirsə və abunəçi uzun müddət xəttdə gözləyirsə, yüksək tariflərin tətbiqi haqsızdırsa onda bu bazar niyə var? Bu artıa operator adına qara ləkədir: "Bundan əlavə, abunəçinin razılığı olmadan balansdan vəsait silinir; xəttin aktiv qalması üçün 97 qəpik çıxılır. Region ofislərdə növbə aparatı işləmədiyi üçün insanlar müştəri xidmətlərində uzun müddət gözləməli olurlar. Ödəniş terminalları yoxdur, abunəçilər əllə ödəniş etmək məcburiyyətində qalır. Bəzi bölgələrdə, məsələn, Qazax rayonunda hələ də müştəri xidməti mövcud deyil. Azərfon həmçinin şəbəkəsi normal tutmadığı halda, telefon mərkəzində abunəçiyə xidmət vermir, qiymətləri isə fantastik səviyyədədir. Xidmət və keyfiyyət yoxdursa, abunəçi niyə belə yüksək qiymət ödəməlidir? İnternet sürəti bərbad, şəbəkə bərbad. Bazara xarici operatorların daxil olması zəruridir. Hazırda yalnız iki operator fəaliyyət göstərir və aralarında rəqabət yoxdur. Bazarın yarısı bir operatora, digər yarısı ikinci operatora aid olduğu üçün qiymətlər durmadan artır və innovativ xidmətlər tətbiq olunmur. Dünyada 5G şəbəkəsi tətbiq olunur, amma Azərbaycanda bu istiqamətdə heç bir addım atılmır. Beləliklə, qiymətlərin artması israrla davam edəcək".
İ.Məmmədkərimov təklif edib ki, bazara xarici mobil operatorlar - Vodafone, Orange və s. açılmalıdır.
Fatimə Məmmədova
17:47 26.01.2026
Oxunuş sayı: 535