10 noyabr üçtərəfli bəyannaməsi qüvvədən düşür?: Rusiyanın müzakirəli rolu...
İkinci Qarabağ Müharibəsi Cənubi Qafqazdakı balansı dəyişdi - türkiyəli professor
Beş il əvvəl bu gün İkinci Qarabağ savaşı sona çatdı.44 günlük müharibə nəticəsində Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Döyüşlər dayanandan dərhal sonra- 10 noyabr 2020-ci il tarixində Rusiyanın iştirakı ilə tərəflər üçtərəfli bəyannamə imzalandı. Lakin nə Moskva, nə də İrəvan bu sənədə doğru - düzgün əməl etdi. Beləliklə, sənəd faktiki olaraq gücdən düşdü.
Bu il avqustun səkkizində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda əldə olunan razılaşmalarla isə Rusiyanın bölgədəki imkanları ümumiyyətlə zəiflədi. Moskvanın narahatlığı açıq- aşkar hiss olunur. Belə ki, Zəfər günündə bütün dünya dövlətləri Azərbaycanı təklif etsə də, Rusiya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda üçtərəfli sənədin öz aktuallığını itirmədiyini bildirdi.
Bu barədə Crossmedia.az-a danışan türkiyəli politoloq, professor Yaşar Onay bildirib ki, Qarabağdakı yeni vəziyyət Azərbaycanın üstünlüyünü və Ermənistanın zəifliyini ortaya qoyub: “İkinci Qarabağ Müharibəsi Cənubi Qafqazdakı balansı köklü şəkildə dəyişən bir dönüm nöqtəsi oldu. 27 sentyabr–10 noyabr 2020-ci il tarixləri arasında baş vermiş müharibə nəticəsində, təxminən otuz il ərzində faktiki olaraq ermənilərin nəzarətində olan ərazilərin böyük hissəsini Azərbaycan geri aldı. Bu vəziyyət yalnız döyüş meydanında deyil, həm də regional güc münasibətlərində yeni bir səhifə açdı. Azərbaycan müasir texnologiyalardan, xüsusilə pilotsuz uçuş aparatlarından effektiv istifadə edərək sahədə üstünlük əldə etdi. Türkiyənin dəstəyi ilə aparılan bu əməliyyat Bakının həm hərbi potensialını, həm də diplomatik inamını artırdı. Əksinə, Ermənistanda ciddi daxili siyasi böhran yarandı, müharibədən sonra hökumətə qarşı ictimai etirazlar artdı”.

Politoloq Rusiyanın proseslərdəki rolundan da danışıb: “Rusiya qarşıdurmanı dayandıran aktor kimi yenidən prosesə daxil oldu və 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs razılaşması ilə bölgəyə təxminən iki min nəfərlik sülhməramlı qüvvə yerləşdirdi. Beləliklə, Moskva Cənubi Qafqazdakı nüfuzunu qorumağa çalışarkən, Türkiyə də Naxçıvan vasitəsilə Azərbaycanla quru əlaqəsi qurmaq məqsədini siyasi gündəmə gətirdi. Bu vəziyyət Cənubi Qafqazda uzun illər davam edən “donmuş münaqişə” balansının sona çatdığını və yerinə daha hərəkətli, çoxqütblü bir nizamın gəldiyini göstərdi. 10 noyabr razılaşması bu gün də rəsmi olaraq qüvvədədir, lakin faktiki olaraq zəifləyib. Razılaşma barış müqaviləsi olmaqdan çox, atəşkəsi tənzimləyən müvəqqəti bir razılaşma xarakteri daşıyırdı. İlk mərhələdə silahlı qarşıdurmanı dayandırmaq mümkün oldu. Lakin tərəflər arasında sərhədin müəyyənləşdirilməsi, məcburi köçkünlərin geri qaytarılması, təhlükəsizlik təminatları və nəqliyyat dəhlizləri kimi əsas məsələlər hələ də həll olunmayıb. 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində yenidən nəzarət qurması ilə razılaşmanın “barış yaradan” tərəfi zəifləyib. Rusiya sülhməramlılarının mövcudluğu isə artıq simvolik xarakter daşıyır”.
Professor 10 noyabr razılaşmasının sülhü təmin edən sənəd olmadığını qeyd edib: “Qısacası, bu razılaşma hələ də qüvvədə olan bir sənəd olaraq mövcuddur, amma bölgədə daimi sülhü təmin edən bir sənəd hesab edilmir. Qarabağdakı yeni vəziyyət Azərbaycanın üstünlüyünü və Ermənistanın zəifliyini təsdiqlədi, Rusiyanın rolu müzakirəli vəziyyətə düşdü, Türkiyə isə bölgədə təsirini gücləndirdi. Bu yeni balans Cənubi Qafqazı artıq köhnə “donmuş münaqişə” bölgəsi olmaqdan çıxarıb, qeyri-müəyyən lakin dinamik bir gələcəyə doğru aparıb”.
Günel Verdiyeva
16:23 10.11.2025
Oxunuş sayı: 1555