Qucağımda həlak olan şəhidin anasıyla görüşərkən onun sualına cavab verə bilmədim – Qazi ilə MÜSAHİBƏ
Beş il əvvəl – 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz qəhrəmanlığını, birliyini və sarsılmaz iradəsini bütün dünyaya göstərdi. Bu qələbə təkcə torpaqlarımızın azad olunması deyil, həm də 30 illik ədalətsizliyə son qoyan tarixi ədalətin bərpası idi. Zəfərimiz Azərbaycan Ordusunun peşəkarlığı, şəhid və qazilərimizin fədakarlığı, xalqımızın birliyi və milli həmrəyliyinin nəticəsidir. Bu tarixi qələbənin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyəti və siyasi iradəsi həlledici rol oynadı. Onun uzaqgörən siyasəti, beynəlxalq arenada prinsipial mövqeyi və döyüş meydanında ordumuza inamı zəfərin əsas dayağı oldu. Xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşərək “Dəmir yumruq” kimi düşmənə qarşı qalxmış, milli həmrəyliyin ən yüksək nümunəsini nümayiş etdirmişdir. Artıq biz Zəfərimizin 5 illiyini qürurla qeyd edirik – bu, həm qəhrəman oğullarımızın qanı bahasına qazanılmış şərəfli tarix, həm də müstəqil Azərbaycanın gələcək nəsillərinə miras qalan qürur mənbəyidir.
Bu münasibətlə Crossmedia.az Analitik İnformasiya Portalı olaraq “Zəfər – 5” adlı rubrikamızda möhtəşəm qələbəmizi və onun qəhrəmanlarını sizə təqdim edirik. Rubrikamızın növbəti müsahibi “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü medalı”, “Hərbi xidmətlərdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Dəmir yumruq” mükafatı ilə təltif edilmiş qazi Ramil Şirinovdur.
- Bu yolu necə seçdiniz? Necə oldu ki, hərbiyə gəldiniz?
- Mən Goranboy rayonunda anadan olmuşam, hər kəs kimi kənddə böyüyən bir uşaq olmuşam. Təəssüf ki, mən doğulan il, 1981-də bizim evimizə şəhid gəlib. Atamın dayısı oğlu Əfqanıstanda şəhid olmuşdu, ilk Azərbaycan şəhidi idi. Bizim ailədə hamı hərbçi olub. 1991-1994-cü illər döyüşlərində mən məktəbdə oxuyurdum. Birinci Qarabağ müharibəsində mənim hərbçi olan 3 əmim döyüşə yollandı. Atam da qoşuldu. Hər kəs kimi bizi də kənddən köçürürdülər. Amma bizim kənddən bir adam belə köçmədi. Zirzəmilər var idi ki, gecələr hər kəs zirzəmiyə girirdi. Ermənilər kəndi atəşə tutanda 20-ə yaxın maşın siqnal verərərk kəndlri gəzir əhalini xəbərdar edirdi. 11 yaşlı uşaq olan mən bu minvalla böyüməyə başladım. Həftədə bir dəfə tabor keçirdi Tərtər yolundan. Şəhidlərlər gəldikləri də olurdu. Bizim həyətimiz çox böyük idi. Elə olurdu ki, sıradan çıxmış texnikaları bizim həyətə gətirirdilər atamgil təmir edib göndərirdilər. Bizim uşaqlığımız mərmilərlə, göydən yağan bombalarla, həyətdəki silah-sursatla keçib. Bir gün yığıldılar ki, hər kəsi kənddən çıxarsınlar. Amma hər kəs dedi ki, burda doğulmuşuq burada da öləcəyik. Həmin dövr çox çətin idi. İqtisadiyyat çox pis idi, vahid komandanlıq yox idi, Bakıda dövlət məmurları vəzifə uğrunda bir-birini qırırdı və insanlar məcbur olub ov tüfəngi ilə döyüşürdülər. Biz hər zaman Birinci Qarabağ müharibəsi döyüşçülərinə borclu olacayıq. Biri var indi müasir texnika ilə, güclü ordu, tank ilə döyüşə girirsən, biri də var ki, silahsız, başsız ordu ilə, texnikasız döyüşə girirsən. Bu əsl qəhrəmanlıqdır. Tək Ağdam şəhəri 6000 şəhid verdi. Bu elə belə say deyil. Mən dünyanın ən xoşbəxt insanıyam ki, bu qisası biz aldıq. Mən uşaq olanda 1993-cü ildə Ulu öndər Heydər Əliyevlə görüşmüşəm. Biz Bərdə yolunu bağlamışdıq ki, biz hakimiyyətə Heydər Əliyevin gəlməsini istəyirik. Siz insanın siyasətinin böyüklüyünə baxın ki, hakimiyyətə gələndə ilk o kəndə gəldi və mən 13 yaşımda ulu öndəri gördüm. Heydər Əliyev yaxşı ki, hakimiyyətə gəldi. Gəlməsə nələr olar düşünə bilmirəm. Ulu öndər hakimiyyətə gələndən sonra vəziyyətimiz yaxşılaşdı. Bir milyon qaçqınımız var idi. Tək bizim evdə iki ailə yaşayırdı. O zamanlar hamımız birləşmiş, bir olmuşduq. O zamanlar deyirdilər bizim neftimiz var, hara gedir bu pul? Amma düşünmürdülər ki, açılan hərbi akademiyalar, 1999-da yaradılan Xüsusi Təyinatlı Qüvvələr (XTQ) gələcəkdə ordunun onurğa sütunu olacaq. Bunlar hər biri hesablanmışdı. Biz necə müharibə şəraitində böyümüşdüksə, İlham Əliyev də o ailədə böyüdü və gəldi bizim üçün yeni bir həyat başlatdı.

- Müharibənin başlaması xəbərini necə aldınız? Nə his sedirdiniz?
Mənim üçün 27 sentyabr Polad Həşimov Şəhid olandan başladı. Polad Həşimov gətiriləndə hər kəs onun evinin qarşısında toplaşmışdı. Mən 2005-ə qədər gizir işləmişəm daha sonra ehtiyata buraxıldım. Aprel döyüşlərində iştirak etmək üçün müraciət etsəm də ehtiyac olmadı. Amma Polad Həşimov şəhid olanda artıq hər kəs başa düşürdü ki, geri dönüş yoxdu. Hər kəs kimi mən də müraciət etdim. Bakıda şəhidləri qarşılayırdıq. Amma gördüm ki, bura mənlik deyil. Bu Azərbaycan kişisinin sınağı idi. Səfərbərlik idarəsi məni qəbul etdi. Mən də bir neçə tankçını orduya yönləndirdim. Birinci Ağcəbədiyə getdik, yerləşdik daha sonra Füzuli-Qubadlı istiqamətində döyüşə başladıq. Qubadlı döyüşlərindən sonra komandanlığın qərarı ilə başqa bir hərbi hissə heyətinə göndərildim. Ən yaxın dostlarımdan biri Vilayət Quliyev də o hərbi hissənin komandiri idi. Tuğ kəndində idim, burdan sonra da Çanaqçı, Topxana, Daşaltı sonda isə Qarabağın tacı Şuşa gəlir. Bu prosesdə sonuna qədər iştirak etdim.
- Döyüşdə yaralandığınız andan danışa bilərsinizmi?
Əvvəla onu deyim ki, Azərbaycan ordusu tək Qarabağı azad etmədi. Biz Qarabağa girəndə tapdaq altında qalmış şəhidlərin ruhunu xilas etdik. Düşmən o qədər mənfur idi ki, dədə babalarımızın məzarlarını açıb dağıtmışdı. Cənab Prezident çox düzgün vurğulamışdı ki, torpaq sənindirsə niyə talan edirsən? Biz Qarabağa ermənilərdə olanda orda gözəllik görmədik. Qarabağ viranə qalmış xarabalıq idi. Lakin Azərbaycan ordusu ora girəndə sanki Qarabağa yeni nəfəs gəldi. Fikirləşin biz döyüşəndə havada bir problem belə yaranmadı. Sanki təbiət də bizə kömək edirdi. Qarabağda hər gün bir əzab idi amma hər gün də şərəfli idi. O torpaqlara 32 il ayaq basılmamışdı, əsarət altında idi. Bura girməkdən böyük şərəf qürur yoxdur. Orda döyüşə gələn hər kəs geri dönmək barədə yox, irəli getmək, döyüşmək və azad etmək barədə düşünürdü. Hələ də biz, “hazır tabut” olan tankçılar. 42 tonluq dəmirlə gedəndə nə edə bilərsən? Raketlə vururlar və 3500 dərəcə istilik verir içəri. Bu istilikdən sağ qalmaq olar? Ən böyük şərəfimiz odur ki, xalqımızın, şəhid ailələrinin üzünə dik baxırıq. Bizə elə istiqamət vermişdilər ki, ora çıxmaq mümkün deyildi. Biz Sığnaq kəndinə çatdıq. Şuşaya getməli idik. Şuşaya da getmək üçün Topxana meşəsinə girmək lazım idi. Meşədə tank nə edə bilərdi? İstənilən düşmən səni orada məhv edə bilər. Amma ümidimi itirmir, uşaqlara da motivasiya verirdim. Topxanada qaranlığı gözlədik ki, Daşaltıya düşmək, çuxura düşmək kimidir. İşıq yandıra, səs çıxara bilmərsən ki, səni görməsinlər. Amma 42 tonluq tank necə səssiz getsin? Tankda olanda hamı səni görür. Amma sən heç kimi görmürsən. Ən son Daşaltıda düşdük çuxura. Orada ciddi problemlər yaşadıq. Daşaltı elə relyefdədir ki, biz cığırla dik qalxmalı idik. Amma tank bunu qalxa bilməzdi. Biz gecələr telefonla danışmırdıq. Evə də tapşırmışdıq ki, gecə zəng etməsinlər. Gecə 3-ə işləmiş gördük ki, iki tank qalmışıq. Yanımda mexanik Qafarov Fariz var idi. Dedim: “Fariz gəl bir-birimizi güllələyək. Buranı çıxmaq mümkün deyil. Biz də geri dönə bilmərik”. Artıq ölümü hiss edirdim, ürək döyüntümün səsini eşidirdim qorxudan. Kim ki, deyir müharibədə qorxmaq olmaz o yalandır. Telefona baxdım ki, zəng gəlir. Təəccübləndim ki, bu vaxtı məni kim yığacaqdı? Gördüm ki, anamdır. Dedim yəqin sonumdu Allah anamla danışmağa icazə verir. Açdım telefonu. Anam qışqırdı ki, mən yata bilmirəm, yerimə girə bilmirəm, sən hardasan? Gördüm artıq danışa bilmirəm. Dedim “Ana bundan sonra mən olmasam, Azərbaycan əsgərinə dua et”. Zəngdən sonra bizim Şuşa qalasına qalxmağımız necə oldu bilmədim. Ya Allah irəli deyib, o “Şuşa” sözü yazılan yerin qabağında oturduq. XTQ zabiti Zaur Hüseynov gəldi bizdən tankları götürü girdi Şuşanın içinə. Bizdə qalanın qabağında dayandıq ki, kim gəlsə vuracağıq. Orada çox şiddətli döyüşlər getdi. Şəhidləri, yaralıları toplamağa, bir yerə yerləşdirməyə başladıq. Orada sonuncu Şəhid, Vidadi İsrafilov mənim qollarımda şəhid oldu. Mən onu xilas edə bilmədim. Biz 5 ildi gecə də, gündüz də bu şeyləri yaşayırıq. Həmişə bir söz deyirəm ki, müharibədən heç kim sağ qayıtmır. Heç kimi də qınamaq olmur. Ya şəhid olursan, ya da hər gün ölürsən. Elə döyüşçü yoxdu ki, gecə yatanda yadına nəsə düşməsin. Bir qapını möhkəm vuranda səsinə bütün ev durur. Düşünün bir döyüşçü o minomyotların səsi ilə qalmışdı orda. Ayın 7-8-i XTQ artıq Şuşada oturmuşdu. Bizim yerimiz elə oldu ki, düşmən tərəfindən bəlli oldu. Ayın 9-u dayanmadan vurmağa başladılar. Məni Qafarov Fariz oyatdı, dedi ki, narahat olma, gözünün biri pis gündədir. Ayın 9-u ağ bayraq göstərirdilər amma inanmırdıq. Çünki müharibə ərzində bu bir neçə dəfə təkrarlanmışdı. Və biz dayanacağımızı da düşünmürdük. Məni XTQ maşını ilə Sığnaq kəndinə apardılar. Oradan da Hadurtdakı xəstəxanaya göndərdilər. Müharibə bitib amma bizim xəbərimiz yoxdur. Görün erməni xisləti necə murdardır ki, yaralı və şəhid daşıyan maşını vururdular. Hadrutda işləyən tibb işçilərinin hər biri qarşısında baş əyirəm. Bizi o cür qarşılayırdılar, su verir, yemək verirdilər. Sabahsı gün təcili tibbi yardım maşını ilə Füzulinin Əhmədbəyli kəndinə göndərmişdilər. Oradan da Gəncəyə. Gəncədə mənə demişdilər ki, başını hərəkət etdirmək olmaz. Başım içəridən dağılmışdı. İçəridə deşiklər əmələ gəlmişdi. Dedilər getsə, qansızma ola bilər. Mənim də ağzımdan tez-tez qan gəlirdi gizlədirdim ki, birdən çıxmağa icazə verməzlər. Axırda Musa həkim var idi soruşdu ki, qayıtmaq istəyirsən? Bura qol çək get. Ərizəyə qol çəkib, o vəziyyətdə cəbhəyə getdim. O an hərbi hissə komandirimiz Elvin Həsənov zəng etdi ki, qardaş təbrik edirəm, müharibə bitti. Elə bildim məni aldadır ki, müalicədə qalım. Dedim: “İnanmıram, gəlirəm”. Dedi gəl. Düzdü yaxşı olmadı getməyim, pisləşdim və yenidən müalicəyə başladım. Və 5 ildir ki, dövlətimizin qayğısında, diqqətindəyəm.

- Anti-terror tədbirində iştirak etdinizmi?
- Vətən müharibəsindən sonra qisas əməliyyatı oldu. Mən də orda idim. Orada da mənim toyunu etməyə hazırlaşdığım qardaşlarım şəhid oldular. Təxliyyədə iştirak edirdik orada. Anti-terror əməliyyatında da iştirak etdim. Təxliyyə çox ağır bir şeydi. Şəhidləri oradan çıxarmaq, onu həzm etmək çox ağırdır. Mən qucağımda sonuncu həlak olan şəhidin ailəsi ilə görüşdüm. Anasının verdiyi suala cavab verə bilmədim. Anası soruşdu ki, oğlum sənin qucağında son olaraq nə dedi? İki balası var idi onlar da ayaqlarımı qucaqladılar. Bilmədim ki, nə deyim. Necə deyim ki, pambıqla su içirirdim? Çox ağır idi çox. Anti-terror əməliyyatından sonra xəbər etdilər ki, Xankəndidə tədbir var. Bütün qaziləri ora dəvət etdilər. Orada dedilər ki, cənab Prezident sizi gözləyir. Sevindirici hal idi ki, bu mənə qismət oldu. Həmin ərəfələrdə də Prezident seçkiləri vaxtı idi. Cənab Prezident çox səmimi insandır. Görüşdüyümüzdə dedim: “Cənab Prezident seçkiyə filan ehtiyac yoxdur. Bizim bir Prezidentimiz var, o da sizsiniz”. Güldü və dedi ki, digər qaziləri də yığ xatirə şəkli çəkdirək. Mən şəkil çəkəndə bir az yaxşı çıxmadı. Biz getdik ki, tədbir davam etsin. Bir nəfər yaxınlaşdı ki, Prezident sizi çağırır. Qəribə gəldi ki, axı yeni gəlmişik. “Görəsən nə etdik?” – deyə öz-özümə fikirləşdim. Prezident dedi ki, bayaq gördüm şəkil yaxşı alınmadı gəlin yenisini çəkdirək. Çox gözəl atmosfer idi. Biri var bunu qıraqdan görəsən, biri də var yaşayasan.
Biz kikboksinq üzrə dünya çempionatında Türkiyədən dəvət almışdıq. Orada bir məşhur aktyor var idi ki, hamı onunla şəkil çəkdirirdi. Təsəvvür edin o da şəkil çəkdirəndə ayağa belə durmurdu. Bizə bir nəfər yaxınlaşdı ki, sizinlə də şəkil çəkdirmək istəyir. Dedim ki, şəkil çəkdirmək istəyirsə dursun gəlsin. Göndərdiyim mesaj ona çatdı və gördüm ki, durub gəlir. Onda uşaqlarımıza dedik ki, indi durun. Qucaqladı bizi, şəkil çəkdirdik getdi. Bu cür nüanslar çox olur. Diqqət etmək lazımdır. Biz Azərbaycan ordusunun fərdləriyik.
- Cəbhədə olarkən arxadan xəbər ala bilirdinizmi?
- Bizə arxadan ərzaq və sovqat gəlirdi. Uşaqlardan məktublar gəlirdi. Bir gün də bizə sovqatlar gəlmişdi. Hər kəs açır, içində uşaqlardan gələn məktubları oxuyurdu. Mən də bir məktub götürdüm başladım oxumağa. Mən o məktubu 5 ildir oxuyuram və eyni hissləri keçirirəm. O məktubu oxuduqca öldüm-dirildim. Oğluma da yazmışdım ki, əgər mənə nəsə olsa bu məktubu yazan uşağın məktəbini tap görüş. Hospitalda idim, gördüm cibimdə kağız var. Açdım ki, o məktub. Şəhərə gələndən sonra uşağın məktəbini tapdım, gedib görüşdüm. Uşaq məni görüb elə qucaqladı ki, sanki illərlə tanış idik. Orada da qəhərləndim. Bu tamam başqa duyğu idi. Mən o uşağın məktubunu oxuyanda demişdim ki, biz heç vaxt uduza bilmərik. Balaca uşaqlar belə bizə güvənir, inanır. Biz onlara bunu borcluyuq.
Ayhan
18:29 06.11.2025
Oxunuş sayı: 1574