Bakıda Malayziya Qastronomiya Həftəsinin açılışı olub

Bakıda Malayziya Qastronomiya Həftəsinin açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, Malayziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi bu ölkənin mətbəxinin zəngin dadlarını və mədəni müxtəlifliyini Azərbaycan ictimaiyyətinə tanıtmaqdır.
Tədbirdə Malayziya mətbəxinə məxsus milli yeməklər təqdim olunub, həmçinin ölkənin mədəni irsini əks etdirən musiqi və təqdimatlar nümayiş etdirilib.
Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza açılış nitqi ilə çıxış edərək bildirib ki, Malayziya Qastronomiya Həftəsi ölkəsinin çoxşaxəli və rəngarəng kulinariya irsini göstərən bir tədbirdir:
"Bu irs, bir çox mədəniyyətlərin birləşməsi nəticəsində formalaşıb. Malayziyanın qədim ticarət mərkəzi kimi zəngin tarixi müxtəlif xalqları bir araya gətirib və bu gün "Malayziya mətbəxi" kimi tanınan unikal kulinariya sintezini yaradıb. Bu irs təkcə çoxmədəniyyətli cəmiyyətimizin harmoniyasını deyil, eyni zamanda nəsillərin və bölgələrin hekayələrini də əks etdirir. Küçə yeməklərindən tutmuş restoranlara qədər Malayziya mətbəxi aromatik ədviyyatların, güclü dadların və zəngin teksturaların ahəngidir və hər bir yemək özünəməxsus cazibəyə malikdir. Siz bu axşam milli mətbəximizin nümunələrini dadacaqsınız. Hər bir yemək Malayziya mətbəxinin ədviyyat və ləzzətlərin tarazlı istifadəsini nümayiş etdirir".
Diplomat onu da əlavə edib ki, bu axşamın qeyd edilməsi həm də böyük bir mərhələnin başlanğıcını simvolizə edir:
"Çünki biz artıq böyük həyəcanla "2026-cı ildə Malayziyanı ziyarət et: Malayziya həqiqi Asiyadır" kampaniyasına hazırlaşırıq. Bu təşəbbüs Malayziyanın bütün gözəlliklərini və mədəni müxtəlifliyini dünyaya təqdim etməyi hədəfləyir. Biz Azərbaycan vətəndaşlarını ölkəmizə səfərə dəvət edirik, maraqlı adalarımızı, sıx tropik meşələrimizi, canlı şəhərlərimizi, zəngin mədəni festivallarımızı və əlbəttə, dünya səviyyəli mətbəximizi kəşf edə bilərsiniz. Azərbaycan vətəndaşları Malayziyaya 30 günədək olan turizm səfərləri üçün viza tələb olunmadan səyahət edə bilər. Bu isə Malayziyanı azərbaycanlı turistlər üçün daha da əlçatan və cəlbedici məkana çevirir. Sizin dəstəyiniz Malayziya ilə Azərbaycan arasında dostluq körpüsünü daha da möhkəmləndirir".
19:40 17.10.2025
Oxunuş sayı: 1324