Türkiyə və Yunanıstan arasında hərbi görüş keçirilib
Türkiyə və Yunanıstan arasında etimadın artırılması tədbirləri üzrə növbəti görüş oktyabrın 9-da Krit adasının Xanya şəhərində keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Yunanıstanın ev sahibliyi etdiyi görüşdə tərəflər 2026-cı il üçün razılaşdırılmış tədbirləri nəzərdən keçirib, 2027-ci il üzrə fəaliyyət planını müzakirə ediblər. Görüşdə hər iki ölkənin diplomatik nümayəndələri, yüksək rütbəli hərbçiləri və mülki təmsilçiləri iştirak ediblər.
Görüş Türkiyə ilə Yunanıstan arasında Şərqi Aralıq dənizində elektrik kabeli layihəsi və Cənubi Kipr Rum Administrasiyasının silahlanma fəaliyyəti ilə bağlı gərginliyin davam etdiyi dövrdə baş tutub.
Türkiyənin Milli Müdafiə Nazirliyi danışıqların müsbət atmosferdə keçdiyini bildirib. Tərəflər arasında hərbi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı etimadın gücləndirilməsi və mümkün gərginliklərin qarşısının alınması istiqamətində görüşlərin davam etdiriləcəyi qeyd olunub.
Növbəti görüşün Türkiyədə keçirilməsi planlaşdırılır.
11:05 11.10.2026
Oxunuş sayı: 67