İnternetin sürəti artır, keyfiyyəti isə sual doğurur
İnternet sürəti müasir dövrdə ölkələrin rəqəmsal inkişaf səviyyəsini,
telekommunikasiya infrastrukturunun vəziyyətini və əhalinin rəqəmsal xidmətlərə
çıxış imkanlarını müəyyənləşdirən əsas göstəricilərdən biridir. Xüsusilə
distant iş, onlayn təhsil, elektron ticarət, rəqəmsal bankçılıq və digər xidmətlərin
geniş yayıldığı bir şəraitdə internetin sürətli və stabil olması artıq zərurətə
çevrilib. Lakin internetin keyfiyyəti yalnız yüksək sürətlə deyil, həm də
bağlantının sabitliyi, gecikmə müddəti və istifadəçilərin müxtəlif ərazilərdə
eyni səviyyədə xidmət əldə edə bilməsi ilə ölçülür.
Bu baxımdan beynəlxalq internet sürəti reytinqləri ölkələrin
rəqəmsal infrastrukturunun müqayisəsi üçün mühüm göstərici hesab olunur. Ookla
şirkətinin hazırladığı “Speedtest Global Index”in 2026-cı ilin oktyabr ayı üzrə
nəticələri Azərbaycanda internet sürəti ilə bağlı diqqətçəkən mənzərə ortaya
qoyub. Məlumata görə, Azərbaycan sabit genişzolaqlı internetin yükləmə sürətinə
görə 150 ölkə arasında 83-cü yerdə qərarlaşıb. Ölkədə median yükləmə sürəti
93,51 Mbit/s, məlumatların ötürülmə sürəti isə 93,98 Mbit/s təşkil edib.
Sentyabr ayı ilə müqayisədə Azərbaycan bu kateqoriyada iki pillə geriləyib.
Bununla belə, illik müqayisədə sabit internetin sürətində 10,3 faiz artım qeydə
alınıb.
Mobil internet üzrə göstəricilər də diqqət çəkir. Azərbaycan
100 ölkə arasında 49-cu yerdə qərarlaşıb. Mobil internetin median yükləmə sürəti
96,17 Mbit/s, ötürülmə sürəti isə 23,28 Mbit/s olub. Əvvəlki ayla müqayisədə bu
istiqamətdə də iki pillə geriləmə qeydə alınıb. Paytaxt Bakının göstəricilərinə
gəlincə, şəhər sabit internet sürətinə görə 192 şəhər arasında 112-ci yerdə qərarlaşıb.
Burada median yükləmə sürəti 92,78 Mbit/s təşkil edib və əvvəlki ayla müqayisədə
Bakı iki pillə irəliləyib.
Rəqəmlər göstərir ki, Azərbaycanda internet sürətinin illik
artımına baxmayaraq, beynəlxalq reytinqdə mövqelərin yaxşılaşması avtomatik baş
vermir. Çünki reytinqdə digər ölkələrin göstəriciləri də dəyişir və rəqabət
daim davam edir. Digər tərəfdən, ölkə üzrə orta göstəricilərin yüksək olması
bütün abonentlərin eyni keyfiyyətdə internet əldə etməsi demək deyil. Paytaxtla
regionlar, şəhər mərkəzləri ilə ucqar yaşayış məntəqələri arasında
infrastruktur və xidmət keyfiyyəti baxımından fərqlər də ayrıca qiymətləndirilməlidir.
Burada əsas diqqət çəkən məsələlərdən biri də internet sürətinin
istifadəçilərin gündəlik təcrübəsi ilə nə dərəcədə üst-üstə düşməsidir. Belə
ki, beynəlxalq reytinqdə göstərilən sürət göstəriciləri ilə bəzi abonentlərin
üzləşdiyi bağlantı problemləri, sürətin günün müxtəlif saatlarında dəyişməsi və
internetin qeyri-sabit işləməsi arasında fərq yarana bilər. Bu isə provayderlərin
infrastrukturunun vəziyyəti, şəbəkə yüklənməsi, texnologiyaların tətbiqi və
xidmət keyfiyyətinə nəzarət məsələlərini gündəmə gətirir.
Bəs Azərbaycanın internet sürəti üzrə beynəlxalq reytinqdəki
mövqeyi ölkənin rəqəmsal infrastrukturunun real vəziyyətini nə dərəcədə əks
etdirir?

Məsələni Azərbaycan
Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin
eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev
Crossmedia.az-a açıqlamasında izah edərkən bildirib ki, Azərbaycanın internet
sürətinin artması müsbət hal olsa da, reytinqdə geriləməsi nisbi rəqabətlə
bağlıdır:
“Digər ölkələr daha sürətlə inkişaf etdiyi üçün biz yerimizdə sayarkən onlar
irəli gediblər. Həmçinin, reytinq yalnız internet sürətinə deyil, gecikmə və
bağlantının stabilliyi kimi mühüm göstəricilərə əsasən hesablanır.
Beynəlxalq mövqeyə təsir edən əsas texniki amillər beynəlxalq internet
magistral nöqtələri ilə birbaşa əlaqə, şəbəkənin topologiyası və magistral
xətlərin tutumudur. Mövcud sürət göstəriciləri isə istifadəçilərin real
internet təcrübəsini hər zaman tam əks etdirmir.
Regionlarda rəqəmsal fərqi aradan qaldırmaq üçün ilk növbədə fiber-optik
infrastruktur genişləndirilməli, magistral şəbəkələr yenilənməlidir. Eyni
zamanda, provayderlər üçün xidmət səviyyəsi standartları (SLA) və dövlət
nəzarəti gücləndirilməlidir. Bu addımlar interneti yalnız sürətli deyil, həm də
stabil və əlçatan edərək ölkənin rəqəmsal nüfuzunun artmasına töhfə verə bilər”.
Məhəbbət Tərlanoğlu
18:35 25.11.2026
Oxunuş sayı: 48