Rusiya Dövlət Dumasından fon der Lyayenin Ukrayna ilə bağlı bəyanatına REAKSİYA
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Ukrayna münaqişəsinin nizamlanması üzrə növbəti danışıqlarda Avropa komandasının iştirak edəcəyi barədə açıqlaması Rusiyada müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı, politoloq Aleksandr Asafov bu bəyanatı Avropa Komissiyası rəhbərinin danışıqlar prosesinə nəzarət edirmiş kimi görünmək cəhdi kimi qiymətləndirib.
O, “Gazeta.Ru”ya açıqlamasında bildirib ki, fon der Lyayenin Avropa İttifaqının danışıqlarda mütləq iştirak edəcəyini əminliklə bəyan etməsi onun həddindən artıq özünəinamından xəbər verir.
Deputatın sözlərinə görə, hələlik danışıqların növbəti mərhələsinin dəqiq tarixi müəyyənləşməyib və təşkilati məsələlər üzrə razılıq əldə olunmayıb.
Asafov qeyd edib ki, danışıqlarda iştirakçıların səviyyəsi, formatı və Avropa tərəfini kimin təmsil edəcəyi hələ dəqiqləşdirilməyib. Onun fikrincə, Avropa İttifaqının kollektiv şəkildə prosesə qoşulmaq istəyi danışıqların irəliləməsinə mane ola bilər.
Deputat iddia edib ki, Avropa tərəfinin iştirakı ilə bağlı təşəbbüslər tərəflər arasında yaxınlaşmanı çətinləşdirmək və müzakirə olunan təkliflərin həyata keçirilməsinə mane olmaq məqsədi daşıya bilər.
Qeyd edək ki, Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı Ukrayna münaqişəsinin həlli ilə bağlı növbəti danışıqlarda güclü Avropa komandasının iştirak edəcəyini bildirib. O, Ukraynanın təhlükəsizliyinin Avropanın təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu vurğulayıb.
18:39 25.11.2026
Oxunuş sayı: 33