ABŞ-nin yeni məhdudiyyətləri Asiya banklarını hərəkətə keçirib
ABŞ-nin süni intellekt çiplərinin ixracına dair qaydaları sərtləşdirməsindən sonra “Citigroup”, “Standard Chartered” və Sinqapurun aparıcı bankları Asiyadakı məlumat mərkəzlərinə verilən kreditlər üzrə yoxlamaları gücləndiriblər.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, banklar Sinqapur, Malayziya və regionun digər ölkələrində fəaliyyət göstərən məlumat mərkəzlərindən süni intellekt çiplərinin kimlər tərəfindən istifadə edildiyini açıqlamağı və ABŞ-nin ixrac məhdudiyyətlərinə əməl olunduğunu təsdiqləyən sənədlər təqdim etməyi tələb edirlər.
Yoxlamalara ABŞ-nin “Citigroup”, Böyük Britaniyanın “Standard Chartered”, eləcə də Sinqapurun DBS, OCBC və UOB bankları qoşulub.
Bu addımlar Vaşinqtonun qabaqcıl Amerika çiplərinin üçüncü ölkələr vasitəsilə Çin şirkətlərinin istifadəsinə verilməsinin qarşısını almaq səyləri fonunda atılır.
Məsələ “Nvidia” şirkətinin rəhbəri Censen Huanq (Jensen Huang) ətrafında yaranmış qalmaqaldan sonra daha çox diqqət çəkib. Qalmaqal ABŞ istehsalı olan çiplərin qeyri-qanuni dövriyyəsi ilə bağlı narahatlıqları artırıb.
DBS bankı bildirib ki, standart kredit şərtlərində müştərilərin qüvvədə olan yerli və beynəlxalq qanunvericiliyə riayət etməsi nəzərdə tutulur.
Ekspertlər hesab edirlər ki, ixrac məhdudiyyətlərinin sərtləşdirilməsi Asiyada məlumat mərkəzlərinin maliyyələşdirilməsini çətinləşdirə və bankların bu sektora kredit ayırarkən daha ehtiyatlı davranmasına səbəb ola bilər.
17:48 25.11.2026
Oxunuş sayı: 47