ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: 907-ci düzəlişin tamamilə ləğvi gözlənilir
Azərbaycan və ABŞ arasında münasibətlər son dövrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar və bu ilin fevralında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni perspektivlər yaradıb.
Prezident İlham Əliyevin ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etməsi isə iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi razılaşmalar Azərbaycan–ABŞ münasibətlərinin gələcək inkişafı üçün geniş imkanlar açıb: “Xüsusilə həmin görüşdə Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə işçi qrupunun yaradılması və sənədin altı ay ərzində hazırlanması barədə razılıq əldə olunub. Beynəlxalq münasibətlər tarixində tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri bu qədər dəqiqliklə və müəyyən edilmiş müddətdə yerinə yetirməsinə nadir hallarda rast gəlinir. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin bu ilin fevral ayında Azərbaycana səfəri zamanı Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması da bunun bariz nümunəsidir. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərimiz hüquqi baxımdan da strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu isə fundamental məsələlərdə tərəflərin ortaq mövqedən çıxış etməsi üçün mühüm zəmin yaradır. Yeri gəlmişkən, 2001-ci il ikitərəfli münasibətlərimizin tarixində həlledici mərhələlərdən biri olub. Belə ki, həmin il Azərbaycan ABŞ-nin beynəlxalq terrorizmə qarşı başladığı mübarizəyə fəal dəstək verərək antiterror koalisiyasının üzvünə çevrilib. Məhz bundan sonra hər il 907-ci düzəlişin qüvvəsi bir il müddətinə dayandırılıb. Hazırda isə Vaşinqtonda əldə edilmiş razılaşmalar çərçivəsində həmin düzəlişin tətbiqi yenidən dayandırılıb. Onun tamamilə ləğvi isə Konqresin qərarından asılıdır. Ümid edirik ki, bu istiqamətdə də müsbət nəticə əldə olunacaq”.
Deputat qeyd edib ki, bu kontekstdə ABŞ-nin daxili təhlükəsizlik nazirinin Azərbaycana səfəri və səfər çərçivəsində aparılan danışıqlar xüsusi əhəmiyyət kəsb edir: “Təhlükəsizlik məsələləri hazırda dünyanı narahat edən əsas problemlərdən birinə çevrilib. Beynəlxalq təhlükəsizliyin təmin olunması ilə bağlı bir sıra beynəlxalq hüquqi mexanizmlərin effektivliyini itirdiyi müşahidə olunur. Beynəlxalq hüququn təsir imkanlarının zəiflədiyi şəraitdə güc amili ön plana çıxır. Belə bir vəziyyətdə hüquqi mexanizmlərin real güclə dəstəklənməsi onların daha işlək və təsirli olmasına şərait yaradır. Hesab edirəm ki, daxili təhlükəsizlik sahəsində də əməkdaşlığın inkişafı hər iki dövlətin strateji maraqlarına xidmət edir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-dən gələn yüksəkvəzifəli rəsmisi ilə apardığı danışıqlar ikitərəfli təhlükəsizlik məsələlərinin müzakirəsi, mövcud çağırışların qiymətləndirilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Ayhan
15:00 25.11.2026
Oxunuş sayı: 41