ABŞ İran münasibətlərinin inkişafı ilə bağlı üç mümkün ssenari açıqlandı
İran parlamentinin ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsini təcili qaydada qəbul etməyə hazır olması beynəlxalq münasibətlər sistemində, xüsusilə də Yaxın Şərqdə nüvə təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. ABŞ və İsraillə hərbi qarşıdurmadan sonra Tehranda bu istiqamətdə səsləndirilən çağırışların intensivləşməsi İranın gələcək nüvə siyasətinin hansı istiqamətdə dəyişə biləcəyi ilə bağlı suallar doğurur. İran parlamentində müqavilədən çıxmaq təşəbbüslərinin irəli sürülməsi, eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi ilə münasibətlərdə etimadın azalması Tehranın beynəlxalq nüvə nəzarəti mexanizmlərinə yanaşmasında mümkün dəyişikliklərdən xəbər verir.
Digər tərəfdən, İranın NPT-dən çıxmaq niyyəti yalnız ABŞ və İsrailə ünvanlanan siyasi mesaj kimi deyil, həm də regionda qüvvələr balansına təsir göstərə biləcək strateji addım kimi qiymətləndirilir. Belə bir qərar İranın nüvə fəaliyyətlərinə beynəlxalq nəzarətin zəifləməsi, regional dövlətlər arasında nüvə silahlanması meyillərinin güclənməsi və Yaxın Şərqdə yeni təhlükəsizlik böhranının yaranması ehtimalını gündəmə gətirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əli Zülfüqaroğlu qeyd edib ki, ABŞ ilə İran arasında əsas fikir ayrılıqlarından biri nüvə proqramı, xüsusilə də uranın zənginləşdirilməsi məsələsidir: “ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının əsaslandırılmasında Tehranın nüvə silahı əldə etmək ehtimalı ön plana çəkilsə də, İran tərəfi bu iddiaları rədd edir. Tehran nüvə silahının yaradılmasına qarşı dini fətvanın mövcud olduğunu bildirir və uranın zənginləşdirilməsinin yalnız dinc məqsədlər daşıdığını bəyan edir. İranla ABŞ və İsrail arasında baş vermiş müharibədən sonra regionda bir sıra yeni problemlər meydana çıxıb. Xüsusilə Hörmüz boğazı ətrafında yaranan mürəkkəb vəziyyət ABŞ-nin maraqlarına zidd olmaqla yanaşı, ölkənin iqtisadiyyatına da mənfi təsir göstərir. Boğaz ətrafında gərginliyin yanacağın qiymətinə təsiri ABŞ-də daxili siyasi müzakirələrin də əsas mövzularından birinə çevrilib. ABŞ İranı həm Hörmüz boğazının açılması, həm də zənginləşdirilmiş uranla bağlı məsələlərdə güzəştlərə getməyə məcbur etmək üçün müxtəlif cəhdlər göstərib. Lakin Tehran bu məsələlərdə mövqeyindən geri çəkilməyib. Vaşinqtonun İrana qarşı məhdud hərbi zərbələri də bu kontekstdə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Paralel olaraq diplomatik danışıqların davam etdirilməsi isə tərəflərin münaqişənin siyasi həlli imkanlarını tamamilə istisna etmədiyini göstərir”.

Politoloq qeyd edib ki, hazırda vəziyyət qeyri-müəyyən olaraq qalır: “ABŞ-də qarşıdakı prezident seçkiləri ərəfəsində İranla bağlı problemin həlli Donald Tramp administrasiyası üçün xüsusi əhəmiyyət daşıyır. Mövcud vəziyyətin davam etməsi demokratların siyasi mövqelərini gücləndirə və respublikaçıların seçki perspektivlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən Tramp administrasiyasının İran məsələsində nəticə əldə etməyə çalışacağı gözlənilir. ABŞ-nin qarşısında bir neçə mümkün ssenari var. Bunlardan birincisi İranın maraqlarını da nəzərə alan razılaşmaya getməkdir. Lakin bu variant Vaşinqtonun indiyədək irəli sürdüyü maksimal tələblərdən geri çəkilməsi anlamına gələ bilər. İkinci ssenari məhdud hərbi zərbələrlə paralel olaraq iqtisadi təzyiqlərin gücləndirilməsidir. Üçüncü variant isə genişmiqyaslı hərbi eskalasiyadır. Sonuncu ssenari ABŞ üçün ciddi risklər və siyasi-iqtisadi problemlər yarada bilər. Bu baxımdan məhdud hərbi zərbələrlə iqtisadi təzyiq siyasətinin davam etdirilməsi daha mümkün variant kimi görünür. İran da öz növbəsində ABŞ ilə problemin həllində maraqlı olsa da, Vaşinqtonun güzəştlərə getməsinə çalışır. Tehran ABŞ-nin regiondakı hərbi bazalarını, şirkətlərini və xüsusilə enerji infrastrukturunu hədəfə ala biləcəyi ilə bağlı açıqlamalar verməklə təzyiq ritorikasından istifadə edir. Məqsəd ABŞ-ni danışıqlarda mövqeyini yumşaltmağa sövq etməkdir. Bununla belə, ABŞ administrasiyasının İranın təhdidləri qarşısında geri çəkilməsi daxili siyasi müstəvidə ciddi tənqidlərə səbəb ola bilər. Xüsusilə demokratlar belə bir addımı Tramp administrasiyasının xarici siyasətdə zəifliyi kimi təqdim edə bilərlər. Bu səbəbdən tərəflərin qarşılıqlı təhdidləri və təzyiq xarakterli açıqlamaları informasiya məkanında daha çox müşahidə olunur. İranın nüvə silahı əldə edib-etməyəcəyi məsələsi də qeyri-müəyyən olaraq qalır. Müxtəlif ölkələrin siyasətçiləri və ekspertləri Tehranın nüvə silahı yaratmasının mümkünlüyü ilə bağlı fərqli fikirlər səsləndirirlər. Hətta İranın artıq nüvə silahına malik olduğunu iddia edənlər də var. Lakin bu istiqamətdə səsləndirilən fikirlər özlüyündə təsdiqlənmiş fakt hesab edilə bilməz. İranın nüvə proqramı ilə bağlı qeyri-müəyyənlik ABŞ-nin regional təhlükəsizlik siyasətinə də təsir göstərir. Vaşinqton hesab edir ki, İranın nüvə silahı əldə etməsi Türkiyə və Səudiyyə Ərəbistanı kimi regional aktorların da analoji imkanlara yiyələnmək istəyini gücləndirə bilər. Belə bir proses Yaxın Şərqdə nüvə silahlanması yarışına səbəb olmaqla ABŞ-nin regiondakı təsir imkanlarını zəiflədə bilər. Bu kontekstdə ekspert hesab edir ki, ABŞ-nin Pakistanın da iştirak etdiyi Məkkə İttifaqının yaradılmasına dəstəyinin arxasında regional nüvə təhlükəsizliyi ilə bağlı narahatlıqlar dayanır. Pakistanın nüvə dövlət olması və Türkiyə ilə Səudiyyə Ərəbistanının bu əməkdaşlıq platformasında təmsil olunması İranın mümkün nüvə silahlanmasının doğura biləcəyi nəticələr baxımından əhəmiyyətlidir. Belə bir ittifaqın mövcudluğu Türkiyə və Səudiyyə Ərəbistanının İran təhlükəsini əsas gətirərək ABŞ-dən nüvə silahı əldə etmək üçün dəstək tələb etməsi arqumentini zəiflədə bilər. Digər tərəfdən, İranın yeni ali dini liderinin əvvəlki nüvə əleyhinə fətvanı dəyişə biləcəyi ilə bağlı mesajlar da diqqət çəkir. İranın təhlükəsizlik doktrinasında mümkün dəyişikliklər barədə açıqlamalar Tehranın Vaşinqtona qarşı təzyiq vasitələrindən biri kimi qiymətləndirilə bilər. Bu mesajların əsas məqsədi ABŞ-ni maksimal tələblərindən geri çəkilməyə və diplomatik danışıqlara üstünlük verməyə sövq etməkdir. İran parlamentinin ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasını nəzərdə tutan qanun layihəsini qəbul etməyə hazır olması barədə açıqlaması da bu təzyiq siyasətinin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Beləliklə, tərəflər arasında qarşıdurma yalnız hərbi və iqtisadi müstəvidə deyil, həm də diplomatik və nüvə təhlükəsizliyi istiqamətində davam edir”.
Ayhan
13:00 25.11.2026
Oxunuş sayı: 39