Tramp Rusiya ilə böyük biznes layihələri planından imtina edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanı Ukraynada müharibəni dayandırmağa təşviq etmək məqsədilə hazırlanan genişmiqyaslı iqtisadi əməkdaşlıq təkliflərini təxirə salıb.
Crossmedia.az xəbər verir ki, “Financial Times” nəşri bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Vaşinqton Moskva ilə energetika və aviasiya sahələrində birgə layihələr həyata keçirməyi planlaşdırsa da, Rusiya tərəfi bu təşəbbüslərə ciddi maraq göstərməyib.
Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner avropalı rəsmilərə bildiriblər ki, korporativ tərəfdaşlıq layihələri artıq ABŞ-ın Rusiyaya təqdim etdiyi sülh təkliflərinin əsas hissəsi deyil.
Məlumata əsasən, oktyabr ayında yüksəkvəzifəli ABŞ və Rusiya rəsmiləri arasında mümkün iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Təkliflərdən biri müharibədən əvvəl Almaniyaya qaz nəql edən “Şimal axını” boru kəmərləri layihəsinə amerikalı investorun cəlb edilməsini nəzərdə tutub.
Bundan başqa, ABŞ şirkətlərinin Rusiyanın neft layihələrinə və titan istehsalına sərmayə yatırması imkanları da gündəmə gətirilib.
Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmağa çalışan Kuşner iqtisadi əlaqələrin inkişafını müharibədən sonrakı sülhün bərpasında mühüm amillərdən biri hesab edir.
“Financial Times”ın mənbələrinə görə, Moskva əvvəlcə ABŞ-ın iqtisadi təkliflərinə müsbət yanaşsa da, sonradan bu layihələrə marağı azalıb.
Bununla yanaşı, Rusiya Ukraynadan ərazi güzəştləri və Kiyevin qəbul etmədiyi digər şərtlərin yerinə yetirilməsini tələb etməkdə davam edib.
“Rusiyalıların hazırda bu cür razılaşmalara qətiyyən maraq göstərmədikləri kifayət qədər aydın idi”, – deyə rəsmilərdən biri nəşrə bildirib.
Beləliklə, ABŞ administrasiyası iqtisadi əməkdaşlıq vasitəsilə Moskvanı sülh sazişinə razı salmaq yanaşmasını hələlik gündəmdən çıxarıb.
11:43 25.11.2026
Oxunuş sayı: 46