Almaniyada kanslerə narazılıq rekord həddə çatıb
Almaniyada kansler Fridrix Mertsin fəaliyyətindən narazı olan vətəndaşların payı 88 faizə yüksələrək yeni rekord səviyyəyə çatıb.
Crossmedia.az xəbər verir ki, RTL telekanalı “Forsa” ictimai rəy institutunun keçirdiyi sorğunun nəticələrində bu barədə məlumat verilib.
Noyabrın 24-də açıqlanan nəticələrə əsasən, respondentlərin 88 faizi kanslerin fəaliyyətindən narazıdır. Bu göstərici əvvəlki həftə ilə müqayisədə 2 faiz bəndi artıb.
Sorğuda iştirak edənlərin yalnız 11 faizi Mertsin fəaliyyətini müsbət qiymətləndirib. Bu isə əvvəlki həftədən 1 faiz bəndi azdır.
Diqqətçəkən məqamlardan biri narazılığın kanslerin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) blokunun tərəfdarları arasında da yüksək olmasıdır.
Belə ki, CDU/CSU tərəfdarlarının 60 faizi Mertsin fəaliyyətindən narazı olduğunu bildirib. Onların 39 faizi isə kanslerin işini müsbət qiymətləndirib.
Sorğunun nəticələrinə görə, Almaniya üçün Alternativ (AfD) partiyasının dəstək göstəricisi 26 faiz, CDU/CSU blokunun göstəricisi isə 21 faiz təşkil edib.
Beləliklə, AfD ictimai rəy sorğusunda CDU/CSU blokunu 5 faiz bəndi qabaqlayıb.
11:04 25.11.2026
Oxunuş sayı: 32