Yəmən Britaniyaya qarşı cavab tədbirləri barədə xəbərdarlıq edib
Yəmənin paytaxtı Sənada fəaliyyət göstərən husilərə bağlı Xarici İşlər Nazirliyi Böyük Britaniyanı ölkəyə qarşı mümkün düşmənçilik addımları ilə bağlı xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, Yəmənin SABA xəbər agentliyi bu barədə məlumat yayıb.
Nazirliyin noyabrın 25-də yayımlanan bəyanatında bildirilib ki, Britaniyanın Yəmən xalqına zərər verəcək istənilən düşmənçilik hərəkəti analoji cavabla qarşılanacaq.
Açıqlamada Londonun Yəmənlə bağlı son addımları tənqid edilib. Səna rəsmiləri Britaniyanı Səudiyyə Ərəbistanının Yəməndəki hərbi fəaliyyətinə dəstək verməkdə ittiham ediblər.
Xəbərdarlıq Böyük Britaniyanın husilərə qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra səsləndirilib.
Belə ki, London noyabrın 24-də husilərə və qruplaşma ilə əlaqəli dörd yüksəkvəzifəli şəxsə qarşı yeni məhdudlaşdırıcı tədbirlər elan edib.
Britaniya hökuməti qərarın Yəməndə təhlükəsizliyin qorunması və regionda sabitliyin təmin edilməsi məqsədi daşıdığını bildirib.
Qeyd edək ki, Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin Xarici İşlər Nazirliyi isə Britaniyanın husilərə qarşı sanksiyalarını müsbət qarşılayıb.
11:37 25.11.2026
Oxunuş sayı: 26