Akademik İsa Həbibbəyli Çinin Qansu vilayətinin UNESCO Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çin Xalq Respublikasının Qansu vilayətinin UNESCO Assosiasiyasının prezidenti Du Yongjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan ilə Çin arasında münasibətlərin qədim tarixi köklərə söykəndiyini, hələ qədim dövrlərdən etibarən iki ölkə arasında ticarət və mədəni əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli bu gün də Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olduğunu, bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin qarşılıqlı dostluq münasibətlərinin, siyasi iradəsinin və imzalanmış sənədlərin mühüm rol oynadığını söyləyib.
Akademik İsa Həbibbəyli bütün istiqamətlər üzrə genişlənən ikitərəfli əlaqələrin elmi və mədəni sahələrdə də yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb. AMEA rəhbəri ölkələrimiz arasında tarixi əlaqələrin müasir elmi tədqiqatlar vasitəsilə daha dərindən öyrənilməsinin əhəmiyyətinə toxunub. O, Nizami Gəncəvinin yaradıcılığında Çin obrazının əks olunmasına toxunub və XII əsr Azərbaycan poeziyasında Çin mədəniyyətinə verilən bədii qiymətin tarixi-mədəni əlaqələrin öyrənilməsi baxımından maraq doğurduğunu söyləyib.
Akademik İsa Həbibbəyli AMEA-da Çinin tarixi, mədəniyyəti ilə bağlı aparılan tədqiqatlar və əməkdaşlıq əlaqələri barədə də məlumat verib. Qeyd edib ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə müxtəlif vaxtlarda Konfutsi İnstitutu tərəfindən Çin dili kursları təşkil olunub və indiyədək 15-dən çox Akademiya əməkdaşı bu kurslarda iştirak edib. Onlardan bir neçəsi Çində universitetlərdə təhsil proqramlarına qatılaraq müvafiq sertifikatlar əldə edib. Bundan əlavə, Ədəbiyyat İnstitutunda Çin şairlərinin XX əsrin ikinci yarısında Azərbaycan haqqında yazdıqları şeirlər və hekayələr, eləcə də azərbaycanlı müəlliflərin Çin mövzusunda qələmə aldıqları bədii əsərlərin toplanaraq ayrıca kitab şəklində nəşrə hazırlandığını və 2027-ci ildə çap olunacağını söyləyib. AMEA rəhbəri, həmçinin Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatında Çin arxetipləri” mövzusunun tədqiq olunduğunu, bu istiqamətdə Nərgiz Kərimovanın dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi aldığını bildirib. Şərqşünaslıq İnstitutunda isə Çinlə Azərbaycan arasında tarixi, iqtisadi və mədəni əlaqələrin sistemli şəkildə araşdırıldığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli AMEA ilə Çin Sosial Elmlər Akademiyası arasında 2016-cı ildə imzalanmış əməkdaşlıq müqaviləsinin dəyişən müasir elmi çağırışlar və genişlənmiş əlaqələr çərçivəsində yenilənməsinin vacibliyini vurğulayıb. Həmçinin AMEA ilə Honkonq Kore Akademiyası, Hebey Pedaqoji Universiteti və Pekin Xarici Dillər Universiteti arasında mövcud əməkdaşlıq münasibətlərindən danışıb.
AMEA prezidenti əməkdaşlığın yeni mərhələsində humanitar və ictimai elmlərlə yanaşı, rəqəmsal inkişaf və süni intellekt sahələrinin də prioritet istiqamətlərdən biri olduğunu deyib. Akademiyada Rəqəmsal Akademiya, Süni intellekt və Elektron Xidmətlər Mərkəzinin fəaliyyət göstərdiyini bildirən akademik bu sahədə Çinin elmi müəssisələri ilə birgə tədqiqatların aparılması üçün geniş imkanların olduğunu vurğulayıb. Xüsusilə süni intellekt və rəqəmsal texnologiyaların humanitar və ictimai elmlərin tədqiqinə tətbiqi, eləcə də bərpa olunan enerji və digər innovativ sahələr üzrə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Akademik İsa Həbibbəyli qonaqların təklif etdiyi “Çin və Azərbaycan arasında dostluq və dostluq münasibətlərinin tarixi” kitabının hazırlanması layihəsini dəstəklədiyini bildirib. Təklif olunan layihədə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Tarix və Etnologiya İnstitutu, Şərqşünaslıq İnstitutu və Fəlsəfə və Sosiologiya İnstitutunun iştirak edə biləcəyini qeyd edib. Layihənin ilkin plan-prospektinin müvafiq elmi müəssisələrin təklif və əlavələri əsasında yekunlaşdırılmasını, daha sonra fəsillərin müəlliflərinin müəyyənləşdirilməsini, nəşrin 2027-ci ildə Azərbaycan və Çin dillərində çapını məqsədəuyğun hesab edib.
Çin Xalq Respublikasının Qansu vilayətinin UNESCO Assosiasiyasının prezidenti Du Yongjun çıxışında Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini və bu əlaqələrin tarixi-mədəni aspektlərinin birgə nəşrlər vasitəsilə daha geniş auditoriyaya çatdırılmasının vacibliyini bildirib. O, Çin ilə digər ölkələr arasında dostluq münasibətlərinin tarixindən bəhs edən üç kitabın – Belarus, Qazaxıstan və Tacikistanla bağlı nəşrlərin artıq hazırlandığını, növbəti kitabın isə Azərbaycanla əlaqələrə həsr olunacağını qeyd edib.
Du Yongjun gələn il Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd ediləcəyini xatırladaraq, “Çin və Azərbaycan arasında dostluq və dostluq münasibətlərinin tarixi” kitabının 2027-ci ildə tamamlanmasının və yubiley çərçivəsində təqdim olunmasının əhəmiyyətini vurğulayıb. O, nəşrdə iki ölkə arasında tarixi, mədəni, texniki və iqtisadi əlaqələrin əks etdiriləcəyini bildirib. Qansu vilayətinin UNESCO Assosiasiyası ilə AMEA arasında müvafiq əməkdaşlıq sənədinin imzalanmasını və kitab üzərində işə tezliklə başlanılmasını təklif edib.
Qonaq gələcək əməkdaşlıq çərçivəsində süni intellekt, müasir texnologiyalar, bərpa olunan enerji və s. sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov, AMEA-nın Rəyasət Heyətinin elmi katibi iqtisad üzrə fəlsəfə doktoru Coşqun Məmmədov və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli çıxış edərək AMEA-da süni intellekt və rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri, eləcə də Çin ədəbiyyatı istiqamətində aparılan tədqiqatlar barədə məlumat verib, sözügedən sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.
Çıxışlardan sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qonaq, həmçinin AMEA-nın Rəyasət Heyətinin binası, buradakı Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər Mərkəzi ilə tanış olub, AMEA-nın tarixi barədə məlumat alıblar.
Görüşdə, həmçinin Qansu vilayətinin UNESCO Assosiasiyasının Şura üzvləri - Zhang Junbao, An Mandong, tərcüməçi Song Guangxiao, o cümlədən AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.
14:00 25.11.2026
Oxunuş sayı: 38