Aİ Ukraynanın üzvlüyü ilə bağlı şərtləri dəyişir
Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlardakı mövqeyini dəyişərək Polşanın kənd təsərrüfatı və nəqliyyat sektorlarının qorunmasına dair tələblərini qismən nəzərə alıb.
Crossmedia.az xəbər verir ki, Polşanın “RMF FM” radiostansiyası bu barədə məlumat yayıb.
Bildirilib ki, dəyişikliklər Ukraynanın Aİ-yə üzvlük danışıqlarında kənd təsərrüfatı və nəqliyyat sahələrini əhatə edir.
Yeni müddəalara əsasən, Ukraynanın həssas kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışına müəyyən məhdudiyyətlərin tətbiqi, ukraynalı fermerlərə subsidiyaların ayrılması üçün xüsusi qaydaların müəyyənləşdirilməsi nəzərdə tutulur.
Həmçinin xarici daşıyıcıların digər ölkələrin daxili bazarında yükdaşımalarını nəzərdə tutan kabotaj əməliyyatları üçün keçid dövrünün tətbiqi təklif edilir.
Polşalı diplomat bildirib ki, Avropa Komissiyasının yeni yanaşması Varşavanın tələblərinə uyğundur. Bununla belə, Polşa bəzi müddəaların daha da dəqiqləşdirilməsini və gücləndirilməsini istəyir.
Ukraynanın kənd təsərrüfatı məhsullarına dair əlavə təminatların tətbiqində Fransa da maraqlıdır.
Məlumata görə, Polşanın danışıqlara təsir göstərmək üçün mühüm hüquqi imkanı var. Belə ki, Aİ-yə üzvlük danışıqlarının növbəti mərhələlərinin açılması və bağlanması bütün üzv dövlətlərin yekdil razılığını tələb edir.
Bu səbəbdən Varşava öz maraqlarının kifayət qədər qorunmadığını hesab edərsə, Ukraynanın üzvlük danışıqlarında irəliləyişə mane ola bilər.
Avropa Komissiyası isə Ukrayna ilə kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə danışıqları dekabrın 15-dək açmağı hədəfləyir.
Məhdudiyyətlərin müddəti, Ukrayna kənd təsərrüfatı məhsullarına tətbiq ediləcək kvotalar və kabotaj qaydalarının detalları hələ müəyyənləşdirilməyib.
Bu məsələlərin müvafiq danışıqlar bölmələrinin bağlanması mərhələsində müzakirəsi nəzərdə tutulur. Prosesin aylarla, hətta illərlə davam edə biləcəyi bildirilir.
Ukrayna isə fermerlərinin Avropa bazarından daimi olaraq kənarlaşdırılmasına qarşı çıxır. Kiyev yalnız mütənasib və müddəti məhdud keçid dövrlərinin tətbiqini qəbul edə biləcəyini bildirir.
14:57 25.11.2026
Oxunuş sayı: 43