Z nəsli ayağa qalxır: Gənclər mövcud düzəni dəyişmək istəyir
Avropanın bir sıra ölkələrində
gənclərin küçələrə çıxması, hökumətlərə qarşı etiraz aksiyaları keçirməsi və
mövcud siyasi-iqtisadi sistemdə köklü dəyişikliklər tələb etməsi yeni bir
ictimai dalğanın formalaşdığını göstərir. Xüsusilə Z nəslinin bu proseslərdə
fəal iştirakı diqqət çəkir. Fransa, Serbiya, İtaliya, Almaniya, İspaniya,
Belçika və digər ölkələrdə gənclər sosial problemlərdən tutmuş siyasi
idarəetməyə, korrupsiyaya, bahalaşmaya və gələcəklə bağlı narahatlıqlara qədər
müxtəlif məsələlərə etiraz edirlər. Noyabrın 20-də isə 20-dən çox Avropa
ölkəsində gənclərin iştirakı ilə koordinasiyalı etiraz aksiyaları keçirilib.
Maraqlıdır ki, bu etirazları yalnız
siyasi narazılıq və ya hakimiyyət dəyişikliyi istəyi ilə izah etmək düzgün
olmazdı. Çünki Z nəslinin gündəliyində daha geniş problemlər dayanır. Onlar
münasib qiymətə mənzil, layiqli əməkhaqqı, keyfiyyətli təhsil, sosial təminat,
şəxsi azadlıqlar və təhlükəsiz gələcək istəyirlər. Eyni zamanda, dövlətlərin
hərbi xərcləri artırdığı halda təhsil, səhiyyə və sosial sahələrə ayrılan
vəsaitlərin azaldılmasına da etiraz edirlər. Bir sözlə, gənclər yalnız siyasi
qərarların dəyişməsini deyil, həyat şəraitinin yaxşılaşmasını və öz
gələcəklərinin təmin olunmasını tələb edirlər.
Bu prosesin psixoloji tərəfi də xüsusi maraq doğurur. Niyə gənclər narazılıqlarını artıq ənənəvi müraciət və müzakirələrlə deyil, kütləvi etirazlarla ifadə etməyə üstünlük verirlər?

Crossmedia.az-a açıqlamasında psixoloq
Ezgi Şahin bildirib ki, əvvəlki nəsillərin gəncləri də, bəlkə də, mövcud
vəziyyəti dəyişmək istəyirdilər.
“Ola bilsin ki, həmin dövrdə qayda-qanunlar daha sərt, rejim daha ağır olub.
Təbii ki, bunu o dövrdə yaşayanlar daha yaxşı bilər. Amma istər qadınlar,
istərsə də kişilər arasında gənclər etiraz etmək, öz fikirlərini açıq şəkildə
bildirmək gücündə deyildilər. Keçmişin gəncləri daha çox sakit, özünə qapanıq,
özgüvəni zəif olan, böyüklə kiçik arasındakı sərhədlərə ciddi riayət edən
insanlar olublar. Böyüyün yanında danışmamaq, kiçiyə hörmət göstərmək kimi
qaydalara əməl etdikləri üçün daha çox başqalarının deyil, ətrafdakıların
fikirlərini düşünərək hərəkət ediblər.
Amma indiki dövrün gəncləri bu
məsələlərə o qədər də önəm vermirlər. Onlar hesab edirlər ki, hər kəs qanunlara
və mövcud qaydalara tabe olmalıdır. Hüquqi düşüncələrini və formalaşmış hüquqi
vərdişlərini heç kəs dəyişdirə bilməz. Əgər mövcud qaydalarda qəbul etmədikləri
məqamlar varsa, digər Avropa ölkələrində olduğu kimi, bizim cəmiyyətin gəncləri
də artıq buna etiraz edə bilirlər. Çünki düşüncələr fərqlidir, hər nəslin öz
istəkləri var və öz fikirlərini ifadə edə bilən, dəyişikliklərə yol aça biləcək
yeni gənc nəsil yetişir.
Bir tərəfdən, mən bunu çox yaxşı hal
hesab edirəm. Çünki insan həyata bir dəfə gəlir. Ona görə də insanlar özgüvənli
olmalı, öz sərhədlərini müəyyənləşdirməli, istəklərini dilə gətirə bilməli və
azadlıq hüququna sahib olmalıdırlar. Amma digər tərəfdən, bəzən düşünürəm ki,
gənclər özlərini başqaları ilə həddindən artıq müqayisə edərək depressiyaya da
səbəb ola bilirlər.
Keçmişlə bu günü müqayisə etsək,
intihar hallarının da artdığını görərik. Bu məsələyə toxunsaq, intiharın əsas
səbəblərindən birinin də məhz özünü digər ölkələrin insanları ilə həddindən
artıq müqayisə etmək, özündə nöqsan axtarmaq və yaşadığı ölkədən getməyə meyil
göstərmək olduğunu deyə bilərik. Bu, təkcə Azərbaycana xas deyil. Diqqət
etsəniz, dünyanın müxtəlif ölkələrində gənclər yaşadıqları ölkənin
qayda-qanunlarından uzaqlaşmağa çalışır, dəyişiklik və hətta inqilab istəyirlər”.
Psixoloq vurğulayıb ki, Əslində, bu
etirazların səbəbi ölkənin özü ilə bağlı deyil, mövcud düzənlə əlaqədardır:
“Gənclər düşünürlər ki, daha yaxşı
yaşaya, daha gözəl həyat qura bilərlər. Keçmiş nəsil isə, təbii ki, bu cür
düşüncələrə o qədər də meyilli olmayıb. Onlar daha çox belə düşünürdülər: "Necə
hərəkət edim ki, ailəmin, xalqımın, ətrafımdakı insanların, qonşuların gözündə
yaxşı görünüm?".
İndiki Z nəsli üçün isə qonşunun,
ətrafındakıların, qohumların və ya ailəsinin onun haqqında nə düşündüyü o qədər
də vacib deyil. Yəni Z nəsli ilə keçmiş dövrün gəncləri arasında kifayət qədər
ciddi düşüncə fərqləri mövcuddur”.
Məhəbbət Tərlanoğlu
14:20 25.11.2026
Oxunuş sayı: 39