Sükan arxasında yuxulamaq həyatınıza son qoya bilər – XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə edən sürücülərə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu barədə məlumat yayıb.
Bildirilib ki, gündəlik qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili bəzi sürücülərin yorğun, yuxusuz, hətta səhhətlərində ciddi problemlərin olduğunu bildikləri halda sükan arxasına əyləşdiklərini göstərir.
İdarədən qeyd olunub ki, iş və istirahət rejiminə əməl etməyən, uzun müddət fasiləsiz avtomobil idarə edən sürücülər xüsusilə gecə saatlarında və məhdud görünmə şəraitində ciddi təhlükə yaradırlar.
Bu cür halların daha çox sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə edildiyi vurğulanıb.
BDYPİ-nin məlumatına görə, yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə edilməsi ağır yol qəzalarına, bəzən isə insan tələfatına səbəb olur.
“Yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməyin, əhval-ruhiyyəniz, səhhətiniz imkan vermədikcə səfərlərə çıxmaqdan çəkinin”, – deyə xəbərdarlıqda bildirilib.
Yol Polisi sürücülərə uzaq məsafələrə səfər edərkən mütəmadi fasilə verməyi, avtomobili təhlükəsiz yerdə saxlayaraq qısa müddət də olsa istirahət etməyi tövsiyə edib.
“Unutmayın: Sükan arxasında yuxulayan sürücü bir daha oyanmamaq kimi risk daşıyıcısıdır!” – deyə BDYPİ-nin müraciətində vurğulanıb.
15:25 25.11.2026
Oxunuş sayı: 41