Azərbaycan–İtaliya əlaqələrinin inkişafı üçün möhkəm zəmin var - Deputat
Azərbaycan və İtaliya arasında münasibətlər uzun illərdir strateji tərəfdaşlıq, qarşılıqlı etimad və çoxşaxəli əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. İki ölkə arasında siyasi-diplomatik əlaqələrlə yanaşı, enerji, iqtisadiyyat, sənaye, müdafiə, nəqliyyat və humanitar sahələrdə də mühüm tərəfdaşlıq formalaşıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olması bu münasibətlərin iqtisadi əhəmiyyətini də aydın şəkildə nümayiş etdirir. Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurası Sədrinin müavini Antonio Tayanini qəbul etməsi də münasibətlərin inkişafı baxımından diqqət çəkən hadisədir. Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji, sənaye, müdafiə, nəqliyyat və kritik xammal sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, Azərbaycan–İtaliya münasibətləri, ölkəmizin Avropa İttifaqına üzv dövlətlərlə əlaqələri sistemində ən mühüm strateji istiqamətlərdən birini təşkil edir: “Bu münasibətlər təkcə enerji əməkdaşlığı ilə məhdudlaşmır, iqtisadiyyat, sənaye, nəqliyyat, müdafiə, humanitar sahə, təhsil və mədəniyyət istiqamətlərini də əhatə edir. Xüsusilə təhsil sahəsini vurğulamağı özümə borc bilirəm. İki ölkə arasında siyasi-diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bu əlaqələr inkişaf etdirilərək 2014-cü ildə imzalanan Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə özünün mühüm mərhələsinə çatıb. Həmin vaxtdan etibarən Azərbaycan–İtaliya münasibətlərində kifayət qədər sabit və dinamik inkişaf müşahidə olunur. Bununla yanaşı, 2020-ci il fevralın 20-də Romada imzalanmış çoxşaxəli əməkdaşlığa dair Birgə Bəyannamə də münasibətlərin strateji xarakterini daha da möhkəmləndirib və yeni səviyyəyə yüksəldib. Bu gün həmin münasibətlər qarşılıqlı səfərlərlə zəngin olan intensiv siyasi dialoq şəraitində inkişaf etdirilir. Burada önəmli məqamlardan biri də regional və beynəlxalq məsələlərdə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdır. İlk növbədə, iqtisadi və ticarət əlaqələrini qeyd etmək lazımdır. Belə ki, İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 12 milyard ABŞ dollarına çatıb. Bu əməkdaşlıq daha çox enerji məhsullarının ixracı üzərində qurulsa da, neft-qaz və neft-kimya sənayesi ilə yanaşı, maşınqayırma, sənaye avadanlıqları, tikinti və infrastruktur, kənd təsərrüfatı və ərzaq sənayesi, nəqliyyat və logistika, rəqəmsal texnologiyalar, innovasiyalar və turizm kimi sahələri də əhatə edir. Bütün bunlar qarşılıqlı ticarət dövriyyəsinin artmasına və əməkdaşlığın müxtəlif istiqamətlərdə dərinləşməsinə şərait yaradır”.
Deputat qeyd edib ki, SOCAR-ın bu prosesdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır: “Şirkətin İtaliya bazarında mövqelərinin möhkəmlənməsi ölkəmizin iqtisadi diplomatiyası sahəsində əldə etdiyi mühüm nəticələrdən xəbər verir. SOCAR-ın İtaliyanın Italiana Petroli şirkətini əldə etməsi də iki ölkə arasında iqtisadi inteqrasiyanın yeni mərhələsi kimi qiymətləndirilə bilər. Bu, strateji baxımdan əhəmiyyətli addımdır və əməkdaşlığın digər sahələrinə də müsbət təsir göstərmək potensialına malikdir. Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıqla yanaşı, siyasi dialoq da ən yüksək səviyyədə inkişaf etdirilir. Bu baxımdan 2026-cı il mayın 4-də İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü xüsusi qeyd etmək lazımdır. Görüş zamanı strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.
Eyni zamanda, bu ilin oktyabrında Romada Azərbaycan və İtaliya arasında iqtisadi və sənaye əməkdaşlığının gücləndirilməsinə həsr olunmuş tədbir keçirilib. Həmin tədbirdə kritik xammal, metallurgiya, süni intellekt, rəqəmsal infrastruktur və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub. Son günlərdə İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayaninin Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan–İtaliya biznes forumunun keçirilməsi də diqqətəlayiq hadisədir. Forumda 240-dan çox şirkət və biznes qurumunun təmsil olunması göstərir ki, tərəflər neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafı istiqamətində də ciddi müzakirələr aparırlar. Müdafiə və hərbi-texniki əməkdaşlıq sahəsində də kifayət qədər intensiv əlaqələr mövcuddur. Xüsusilə C-27J Spartan hərbi nəqliyyat təyyarələrinin Azərbaycana tədarükü məsələsi bu sahədə əməkdaşlığın yeni mərhələsini nümayiş etdirən mühüm məqamlardan biridir”.
Azər Allahverənov qeyd edib ki, humanitar sahədə də münasibətlər xüsusi xarakter daşıyır: “Bu kontekstdə Heydər Əliyev Fondunun İtaliyada həyata keçirdiyi humanitar layihələri qeyd etmək lazımdır. Həmin layihələr ölkəmizin humanitar diplomatiyasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirilə bilər.
Gələcək perspektivlərə gəldikdə isə əməkdaşlığın genişləndirilməsi üçün kifayət qədər böyük potensial mövcuddur. Xüsusilə investisiyaların şaxələndirilməsi, kritik xammalın emalı, Azərbaycanın mineral ehtiyatlarının İtaliya texnologiyaları vasitəsilə emalı və əlavə dəyər yaradan istehsal zəncirlərinin qurulması mühüm istiqamətlərdəndir. Nəqliyyat və logistika sahəsində, xüsusilə Orta Dəhliz layihəsi çərçivəsində də əməkdaşlığın genişləndirilməsi üçün ciddi imkanlar var. Bunlarla yanaşı, yaşıl enerji sahəsini də xüsusi vurğulamaq lazımdır. Xəzər hövzəsindən Avropaya yaşıl elektrik enerjisinin ötürülməsi prosesində İtaliya şirkətlərinin iştirakı bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini daha da artırır. Süni intellekt və digər qabaqcıl texnologiyalar sahəsində əməkdaşlığın inkişafı da gələcək üçün mühüm perspektivlər vəd edir. Ümumilikdə, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan–İtaliya münasibətləri bu gün dinamik şəkildə inkişaf edir. Əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün geniş imkanlar mövcuddur və atılan addımlar həmin potensialdan səmərəli istifadə edilməsinə yönəlib. Önəmli məqamlardan biri də Antonio Tayaninin Azərbaycana səfəri zamanı Azərbaycan–Avropa İttifaqı və Azərbaycan–NATO münasibətlərində İtaliyanın daha yaxından iştirak etməsi ilə bağlı səsləndirilən fikirlərdir. Bu təşəbbüs yeni istiqamətlər üzrə tərəfdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi baxımından diqqətəlayiqdir. Azərbaycan və İtaliya arasında münasibətlərin yaxınlığını nümayiş etdirən digər mühüm amil də yüksək səviyyəli siyasi təmasların intensivliyidir. Bu baxımdan İtaliya Prezidenti Sercio Mattarella ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşlərini və beynəlxalq platformalarda keçirilən təmaslarını xüsusi qeyd etmək lazımdır. Avropa Siyasi Birliyi çərçivəsində, Davos İqtisadi Forumunda və digər beynəlxalq tədbirlərdə İtaliya rəsmiləri ilə keçirilən görüşlər iki ölkə arasında siyasi dialoqun davamlılığını göstərir. Həmin təmaslarda münasibətlərin dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi hər iki tərəfin mövqeyində öz əksini tapır. Bütün bunlar Azərbaycan–İtaliya əlaqələrinin nə qədər yaxın və çoxşaxəli olduğunu, eləcə də gələcəkdə daha da inkişaf etdirilməsi üçün möhkəm zəminin mövcudluğunu nümayiş etdirir”.
Ayhan
16:00 25.11.2026
Oxunuş sayı: 41