Azərbaycan-Ermənistan münasibətlərində dinamika: Regionda yeni əməkdaşlıq imkanları yaranır
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də iqtisadiyyat, enerji, nəqliyyat və regional təhlükəsizlik sahələrində konkret layihələrlə özünü göstərir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və Orta Dəhliz kimi layihələr iki ölkənin əməkdaşlığını regional və beynəlxalq miqyasda əhəmiyyətli amilə çevirib.
Prezident İlham Əliyev də Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələrin Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən formalaşdırdığını vurğulayıb. Xüsusilə Zəngəzur dəhlizinin reallaşması perspektivi bu əməkdaşlığa yeni strateji məzmun qazandırır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, Azərbaycanla Türkiyəni enerji, nəqliyyat-kommunikasiya, müdafiə sənayesi və bir sıra humanitar layihələr birləşdirir: “Bu əməkdaşlıq müxtəlif istiqamətlərdə həyata keçirilən birgə layihələr vasitəsilə daha da genişlənir. Enerji sahəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP), İğdır-Naxçıvan qaz kəməri, eləcə də yaşıl enerji və enerji ixracı layihələrini xüsusi qeyd etmək olar. Sonuncu istiqamət Azərbaycanda istehsal ediləcək bərpa olunan enerjinin Türkiyə üzərindən Avropaya nəqlini nəzərdə tutur. Nəqliyyat və logistika sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu, Zəngəzur dəhlizi (TRIPP) və Qars-Naxçıvan dəmir yolu layihələri xüsusi əhəmiyyət daşıyır. Bu layihələr regionda nəqliyyat bağlantılarının genişləndirilməsinə, yükdaşımaların həcminin artırılmasına və yeni iqtisadi imkanların yaranmasına xidmət edir. Sənaye və müdafiə sənayesi sahəsində isə STAR neft emalı zavodu, PETKİM layihəsi, həmçinin pilotsuz uçuş aparatlarının birgə istehsalı istiqamətində əməkdaşlıq diqqət çəkir. Humanitar sahədə Türkiyə-Azərbaycan Universitetinin yaradılması isə yüksək ixtisaslı kadrların hazırlanmasına və iki ölkə arasında elmi-təhsil əlaqələrinin inkişafına hesablanıb”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə tamamilə haqlı olaraq, “Azərbaycan və Türkiyənin layihələri Avrasiya regionunun bağlantı xəritəsini yenidən tərtib etdi” fikrini səsləndirib: “Bunun üçün uzaq tarixə nəzər salmağa ehtiyac yoxdur. Cəmi 25 il əvvəl sadaladığımız layihələrin heç biri mövcud deyildi. Onların hər biri sonrakı illərdə, Prezident İlham Əliyevin hakimiyyəti dövründə həyata keçirilərək istifadəyə verilib. Bu layihələr Azərbaycan və Türkiyə ilə yanaşı, Avropanı Mərkəzi Asiya, daha sonra isə Uzaq Şərqlə birləşdirən mühüm nəqliyyat və enerji bağlantıları formalaşdırır. Eyni zamanda, tarixi İpək yolu üzərində yerləşən ölkələrin iqtisadiyyatına mühüm töhfələr verir və bütövlükdə regionun təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayır. Son dövrlərdə Azərbaycanla Ermənistan arasında formalaşmaqda olan iqtisadi münasibətlər də regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına, xalqların sülhə və sabitliyə marağının güclənməsinə xidmət edir”.
Ayhan
18:30 25.11.2026
Oxunuş sayı: 57