Lukaşenko: Rusiya-Ukrayna münaqişəsindən artıq hamı yorulub
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsinin yalnız Rusiya və Ukraynada deyil, Avropa və Belarusda da yorğunluq yaratdığını bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Fransanın “Le Point” jurnalına müsahibəsində danışıb.
Lukaşenkonun sözlərinə görə, müharibədən yorğunluq həm siyasi elitalar, həm də münaqişənin hər iki tərəfində yaşayan xalqlar arasında müşahidə olunur.
“Bunu sadəcə hiss etmirəm, bilirəm ki, müharibə edən Ukrayna və Rusiyada olduğu kimi, sizdə – Avropada və bizdə də hamı bundan yorulub. İstənilən müharibə ilk növbədə insanların düşüncəsində başlayır. Əgər insanların şüurunda sabah müharibə edəcəyimiz fikri formalaşıbsa, tankların hansı istiqamətə hərəkət edəcəyi artıq zaman məsələsidir”, – deyə Belarus lideri bildirib.
O, münaqişədən yorğunluğun təkcə siyasi dairələrdə deyil, cəmiyyətlərdə də hiss olunduğunu vurğulayıb.
Qeyd edək ki, noyabr ayında Fransanın “Le Monde” qəzeti Avropada Ukrayna müharibəsindən yorğunluğun artdığını yazıb. Nəşrin məlumatına görə, Avropa ölkələrinin sakinləri döyüşlərin davam etməsindənsə, ərazi güzəştlərini də ehtiva edən sülh sazişinin imzalanmasına üstünlük verirlər.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Qərb ölkələrinin əhalisinin əhəmiyyətli hissəsinin münaqişədən yorulduğunu etiraf edib.
18:49 25.11.2026
Oxunuş sayı: 27