Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının yol xəritəsi
Müasir beynəlxalq münasibətlər sistemi geosiyasi rəqabətin kəskinləşməsi, qlobal ticarət marşrutlarının yenidən qurulması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması və iqtisadi əlaqələrin şaxələndirilməsi zərurəti ilə səciyyələnir. Belə mühitdə dövlətlər milli maraqlarını qorumaqla yanaşı, qarşılıqlı faydaya əsaslanan regional tərəfdaşlıq mexanizmləri qurmağa məcburdurlar. Tək başına güclü olmaq artıq kifayət etmir. Rəqabət qabiliyyəti resursları ortaq məqsədlər ətrafında birləşdirmək bacarığı ilə ölçülür. Prezident İlham Əliyevin 8 oktyabr 2026-cı ildə Türkmənistanın Türkmənbaşı şəhərində, Avaza kompleksində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı bu baxımdan diqqətəlayiqdir. Nitq protokol təşəkkürləri ilə kifayətlənmir. O, əməkdaşlığın hazırkı vəziyyətini rəqəmlərlə təsvir edir və gələcək istiqamətləri müəyyənləşdirir. Çıxışın əsas qayəsi bir cümləyə sığır: münasibətlər siyasi dostluqdan ortaq istehsala, birgə sərmayəyə və üçüncü bazarlara koordinasiyalı çıxışa doğru təkamül etməlidir. Bu yazıda həmin ideyanın hansı faktlara söykəndiyi, hansı sualları açıq buraxdığı və regionun digər tərəfdaşlıq modelləri fonunda necə qiymətləndirilə biləcəyi araşdırılır. Azərbaycan ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Prezident çıxışında bu qərarı yekdilliklə dəstəklədikləri üçün həmkarlarına təşəkkür edib və Türkmənistanın, şəxsən Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi vurğulayıb. Onun xatırlatdığına görə, Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ötən ilin avqustunda məhz Avazada irəli sürülüb. Bu hadisənin əhəmiyyəti coğrafi yaxınlıq amilindən daha genişdir. Çoxtərəfli platformalarda üzvlük qərarlarının konsensusla qəbul olunması tərəflər arasındakı etimad səviyyəsinin dəqiq göstəricisidir. Mərkəzi Asiya ölkələri bir sıra məsələlərdə fərqli mövqe tuta bilsələr də, Azərbaycanın qəbuluna dair ortaq qənaətə gəliblər. Bu, Bakının regionda kənar oyunçu kimi deyil, tarixi, mədəni və linqvistik baxımdan doğma tərəfdaş kimi qəbul edildiyinin əlamətidir. İkitərəfli münasibətlərin intensivliyi də bu mənzərəni təsdiqləyir. Prezident bildirib ki, ötən ildən etibarən Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə beş səfər həyata keçirilib. Diplomatiyada səfər tezliyi siyasi iradənin ən sadə, lakin ən dürüst ölçüsüdür. Bir ilə yaxın müddətdə beş qarşılıqlı səfər münasibətlərin konyunktur deyil, sistemli xarakter daşıdığını göstərir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin məşvərətdəki çıxışı da diqqəti çəkir. O, Azərbaycanın sədrliyi ilə C6 formatında əməkdaşlığın əlavə təkan alacağını bildirib. Bu, Bakının platformada sıradan iştirakçı qismində qalmayacağını, gündəliyin formalaşmasında da söz sahibi tərəf kimi gözlənildiyini nümayiş etdirir. Burada mühüm bir şərt var: dövlət başçıları səviyyəsində formalaşan etimad real iqtisadi layihələrə, yeni istehsal müəssisələrinə və birgə infrastruktur təşəbbüslərinə çevrilmədikcə əməkdaşlıq dayanıqlı sayıla bilməz.
Prezidentin çıxışını təhlil edərkən diqqətimi ilk növbədə orada səslənən statistik göstəricilər çəkdi. Bu rəqəmlər əməkdaşlığın hazırkı mənzərəsini aydın əks etdirir.Ticarət sahəsində ötən il Mərkəzi Asiya ölkələri ilə dövriyyə 50 faizdən çox artıb. Biznes iştirakında Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir. Birgə fondlarlara nəzər salsaq, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılan fondların hər birinin kapitalı yüz milyonlarla dollardır.Orta dəhliz məsələsinə gəldik də isə , Tranzit yükdaşımaları keçən il 10 faizdən çox, bu ilin ilk səkkiz ayında təxminən 20 faiz artıb. Siyasi dialoq baxımından, Türkmənistanla ötən ildən beş yüksəksəviyyəli səfər olub. Mənim qənaətimcə, bu göstəricilər müsbət dinamikanı inandırıcı şəkildə təsdiqləyir. Eyni zamanda, peşəkar təhlil sevindirici faktları sadalamaqla kifayətlənmir. Ona görə də rəqəmlərin arxasında qalan üç məqama xüsusi diqqət yetirməyi vacib sayıram. Faizlə ifadə olunan artım çıxış nöqtəsi bilindikdə tam məna kəsb edir. Əgər ticarət dövriyyəsi əvvəlki illərdə nisbətən cüzi həcmdə olubsa, 50 faizlik sıçrayış mütləq rəqəmdə hələ strateji çəkiyə uyğun gəlməyə bilər. Nitqdə dövriyyənin dollar ifadəsi açıqlanmayıb. Buna görə tam mənzərənin müstəqil statistik mənbələrlə tamamlanması lazım olduğunu düşünürəm. “Yüz milyonlarla dollar” ifadəsi kapitalın həcmini göstərir, lakin həmin vəsaitin nə qədərinin artıq konkret layihələrə yönəldiyini aydınlaşdırmır. Mənim üçün maraqlı məqam Prezidentin özünün fondların potensialından daha fəal istifadə edilməsinə çağırmasıdır. Bu çağırış dolayısı ilə həmin potensialın hələ tam reallaşmadığını da qəbul edir. Hesab edirəm ki, bu səmimiyyət çıxışın güclü cəhətlərindəndir, çünki təntənəli bir nitq fondların fəaliyyətini artıq başa çatmış kimi təqdim edə bilərdi. Orta Dəhlizdəki iki rəqəmli artım əhəmiyyətlidir, lakin marşrutun cəlbediciliyi yük həcmindən daha geniş meyarlarla, o cümlədən çatdırılma müddəti, tarif şəffaflığı və xidmətin etibarlılığı ilə müəyyən olunur. Çıxışda ortaq məqsədin bu marşrutları daha səmərəli və rəqabətədavamlı etmək olduğunun vurğulanması mənə belə bir nəticə çıxarmağa əsas verir: mövcud vəziyyət hələ ideal səviyyədə deyil və tərəflər bunu açıq etiraf edirlər. Siyasi dialoq göstəricisinə gəldikdə, ötən ildən bəri Türkmənistanla ən yüksək səviyyədə beş qarşılıqlı səfərin keçirilməsini diplomatik fəallığın dəqiq ölçüsü hesab edirəm. Bir ilə yaxın müddətdə bu qədər səfər münasibətlərin konyunktur xarakteri daşımadığını, sistemli və davamlı olduğunu göstərir. Yekun olaraq deyə bilərəm ki, bu rəqəmlər əməkdaşlığın düzgün istiqamətdə irəlilədiyini təsdiqləyir. Lakin onların real iqtisadi dəyərə çevrilməsi baza göstəricilərinin şəffaflığından, fondların icra sürətindən və logistika xidmətlərinin keyfiyyətindən asılı olacaq.
Nitqin ən düşündürücü fikri iqtisadi əməkdaşlığın məntiqinin dəyişdirilməsinə çağırışdır. Prezidentin sözlərinə görə, tərəflər qarşılıqlı ticarətin artırılması ilə məhdudlaşmamalı, birlikdə sərmayə qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıdırlar. Bu fərq prinsipialdır. Ticarət modelində hər tərəf hazır məhsulunu digərinə satır və əlaqə konyunktur dəyişikliklərinə həssas qalır. İstehsal modelində isə dəyər zənciri ortaq qurulur: xammal bir ölkədən, emal ikincisindən, logistika üçüncüsündən gəlir, son məhsul isə birgə marka ilə beynəlxalq bazara çıxarılır. Belə quruluş tərəflərin qarşılıqlı asılılığını dərinləşdirir və sabitliyə maraq yaradır. Avropa inteqrasiyasının tarixi də göstərir ki, ortaq istehsal zəncirləri siyasi etimadın ən davamlı təminatlarındandır. Bu yanaşmanın praktik məzmunu konkret sahələrdə görünə bilər. Kənd təsərrüfatı məhsullarının emalı, aqrar texnologiyalar, suvarma sistemləri, gübrə istehsalı, ərzaq təhlükəsizliyi, mineral xammalın emalı və rəqəmsal xidmətlər üzrə birgə layihələr həm investisiya imkanlarını genişləndirə, həm də region ölkələrinin idxaldan asılılığını azalda bilər. Lakin bunun üçün vahid standartlar, vergi və gömrük mexanizmlərinin uzlaşdırılması və hüquqi mühitin yaxınlaşdırılması kimi texniki işlər tələb olunur. Çıxışda bu detallar açılmayıb və məhz onlar növbəti mərhələnin əsas məzmununu təşkil edəcək. Prezidentin nəqliyyat məsələsinə ayırdığı xüsusi yer təsadüfi deyil. Qlobal təchizat zəncirlərindəki dəyişikliklər, alternativ marşrutlara artan tələbat və Asiya ilə Avropa arasında yükdaşımaların şaxələndirilməsi zərurəti Orta Dəhlizin strateji əhəmiyyətini artırır. Prezident Xəzər dənizinin ölkələr arasında nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynadığını, hər iki sahildəki infrastrukturun isə Mərkəzi Asiyanı Azərbaycanla, daha sonra beynəlxalq bazarlarla birləşdirdiyini vurğulayıb. O, dəniz limanlarına, aeroportlara, dəmir və avtomobil yollarına böyük sərmayə qoyulduğunu da xatırladıb. Bu zəncirin hər həlqəsi ayrıca götürüldükdə lokal əhəmiyyət daşıyır. Vahid sistemdə işlədikdə isə Şərq–Qərb tranzit dəhlizinin onurğasına çevrilir. Beləliklə, Xəzər təbii maneə deyil, iki sahili birləşdirən su magistralıdır. Beynəlxalq təcrübə göstərir ki, uğurlu tranzit mərkəzləri coğrafi mövqeyə əlavə olaraq sürətli sərhəd keçidi, rəqəmsallaşdırılmış sənədləşmə, proqnozlaşdırıla bilən tariflər və multimodal nəqliyyat sistemləri hesabına rəqabət üstünlüyü qazanır. Zəncirin ən zəif həlqəsi bütövlükdə sürəti müəyyən edir. Ona görə də əsas vəzifə yükdaşımanın həcmini artırmaqla yanaşı, limanların, dəmir yollarının, terminalların və gömrük sistemlərinin koordinasiyalı fəaliyyətini təmin etməkdir. Nəqliyyat əməkdaşlığının digər mühüm qolu rəqəmsal infrastrukturdur. “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzərin dibi ilə fiber-optik xətlərin çəkilməsi tranzit anlayışını genişləndirir. XXI əsrdə tranzit coğrafiyası konteyner və neft axını ilə yanaşı, məlumat trafiki ilə də ölçülür. Qədim İpək Yolunun karvanları ipək, ədviyyat və ideyalar daşıyırdısa, bugünkü yol məlumat paketlərini də daşıyır. Belə təşəbbüslər elektron xidmətlərin, rəqəmsal iqtisadiyyatın və dövlətlərarası informasiya əlaqələrinin inkişafına zəmin yaradır. Beləliklə, Orta Dəhliz fiziki yükdaşıma marşrutu çərçivəsini aşaraq nəqliyyatı, rabitəni, logistika xidmətlərini və iqtisadi əməkdaşlığı birləşdirən geniş regional infrastruktur modelinə çevrilmək potensialına malikdir. Energetika əməkdaşlığın ənənəvi sütunudur. Prezident Azərbaycanın Mərkəzi Asiya enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında mühüm rol oynadığını və Türkmənistan ilə Qazaxıstan neftinin ölkəmiz vasitəsilə nəqlinin həcminin artdığını bildirib. Bu fakt Azərbaycanı enerji ixracatçısı rolundan kənara çıxararaq etibarlı tranzit qovşağı kimi də təqdim edir.Eyni zamanda, bu əlaqələr region ölkələrinə ixrac marşrutlarını şaxələndirməyə imkan verir. Müasir enerji siyasəti isə karbohidrogenlərin daşınması ilə məhdudlaşmır. İqlim dəyişikliyi, bərpaolunan mənbələrin genişlənməsi və aşağı karbonlu iqtisadiyyata keçid yeni texnoloji və institusional həllər tələb edir. Azərbaycanın Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq istiqamətində apardığı iş bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyanın günəş və külək potensialı ilə Azərbaycanın Qafqaz və Xəzər üzərindən Avropaya çıxış imkanı bir-birini tamamlayır. Beynəlxalq təcrübədə enerji əməkdaşlığının səmərəliliyi istehsal gücünün yaradılması ilə kifayətlənmir, ötürücü şəbəkələrin uyğunlaşdırılması, enerji saxlama sistemlərinin inkişafı, bazar qaydalarının uzlaşdırılması və investisiyalar üçün əlverişli mühitin təmin edilməsindən də asılıdır. Yaşıl dəhliz hələ genişlənən əməkdaşlıq mərhələsindədir və onun real iqtisadi çəkisi məhz bu texniki-tənzimləyici işlərin sürətindən asılı olacaq. Strateji baxımdan ən doğru yanaşma ənənəvi resursların daşınmasını və yaşıl enerjinin inkişafını rəqib deyil, bir-birini tamamlayan proseslər kimi nəzərdən keçirməkdir. Bu, regionun mövcud üstünlüklərini qoruyaraq gələcəyin enerji bazarlarına uyğunlaşmağa imkan verir. Çıxışın iqtisadi-texniki hissəsindən fərqli olaraq, humanitar xətt əməkdaşlığın insani məzmununu ön plana çıxarır. Prezident Azərbaycanın azad edilmiş ərazilərinin bərpasındakı qardaş dəstəyinin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib və konkret nümunələrlə, Türkmənistanın Füzulidə tikdiyi məscid, Özbəkistanın Füzulidə inşa etdiyi Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstanın Ağdamda tikdiyi Manas adına məktəbi sadalayıb.Təbii ki, obyektlərə verilən adlar da simvolik məna daşıyır. Uluqbəy, Kurmanqazı və Manas Türk dünyasının ortaq mədəni yaddaşının nişanələridir. Beləliklə, bərpa prosesi tikinti işindən daha geniş məna qazanaraq mədəni körpüyə çevrilir.Təhsil və mədəniyyət müəssisələri cəmiyyətin sosial həyatının dirçəlməsinə, uşaq və gənclərin inkişafına xidmət edir. Beynəlxalq münasibətlərdə humanitar əməkdaşlıq siyasi dialoqu tamamlayır və xalqlar arasında münasibətlərin dərinləşməsində mühüm rol oynayır. Bu layihələr Azərbaycan–Mərkəzi Asiya tərəfdaşlığının iqtisadi maraqlardan daha geniş əsasa, yəni ortaq dəyərlərə və qarşılıqlı dəstəyə də söykəndiyini göstərir. Mərkəzi Asiya son illərdə böyük güclərin diqqət mərkəzindədir. Avropa İttifaqı ilə region arasında 2025-ci ilin aprelində Səmərqənddə keçirilən ilk zirvə görüşündə nəqliyyat, kritik xammal və enerji sahəsində iri investisiya paketləri müzakirə olunub. Çin “Mərkəzi Asiya–Çin” formatı ilə, ABŞ isə “C5+1” platforması ilə regionla dialoqunu dərinləşdirir. Rusiya ilə ənənəvi əlaqələr müxtəlif təşkilatlar vasitəsilə qorunur. Region ölkələri isə bu rəqabətli mühitdə tərəfdaşlarını şaxələndirməyə çalışırlar. Bununla yanaşı, rəqabətin reallığını da nəzərə almaq lazımdır. Avropa İttifaqı və digər tərəfdaşların investisiyaları Orta Dəhlizin infrastrukturuna da yönələ bilər ki, bu da Azərbaycana əlavə imkan yaradır. Lakin marşrutun uğuru Xəzərin hər iki sahilində limanların ötürmə qabiliyyətinin, gəmi parkının və gömrük koordinasiyasının eyni tempdə inkişafından asılıdır. Gələcək institusional inkişafı qiymətləndirərkən Avropa İttifaqı və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) təcrübəsinə də nəzər salmaq faydalıdır. Avropa təcrübəsi göstərir ki, vahid bazar, ortaq standartlar, nəqliyyat şəbəkələri və institusional mexanizmlər iqtisadi əlaqələri dərinləşdirir. ASEAN isə müxtəlif siyasi və iqtisadi quruluşlu dövlətlərin suverenliyini qoruyaraq praktik əməkdaşlığı genişləndirməsinin mümkünlüyünü nümayiş etdirir. Məşvərət formatını bu modellərdən birinə bərabər tutmaq düzgün olmazdı. Amma hər iki təcrübədən çıxan nəticə eynidir: davamlı regional əməkdaşlıq üç amilə söykənir. Bunlar siyasi iradə, ortaq iqtisadi maraq və razılaşdırılmış fəaliyyət mexanizmləridir. Bu kontekstdə Məşvərət görüşlərinin dəyəri dövlət başçıları arasında dialoqla yanaşı, konkret sahələr üzrə birgə qərarların hazırlanmasına şərait yaratmasındadır. Növbəti mərhələdə nəqliyyat tariflərinin uzlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal sənədlərin qarşılıqlı tanınması və investisiya layihələrinin koordinasiyası daha sistemli yanaşma tələb edir. Nəticələr isə ölçülə bilən göstəricilərlə qiymətləndirilməlidir: ticarət dövriyyəsi, qarşılıqlı investisiya həcmi, tranzit müddəti, birgə müəssisələrin sayı və yeni texnologiyaların tətbiqiPrezident çıxışının sonunda formatın geosiyasi əhəmiyyətinin energetika və nəqliyyat layihələrindən daha geniş olduğunu bildirib.Onun fikrincə, sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün nailiyyətlərin təməli, ölkələrin gələcək uğurlu inkişafının və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin təminatıdır. Bu mesaj qlobal qeyri-sabitlik fonunda xüsusi çəki qazanır. Nəqliyyat dəhlizləri və enerji marşrutları artıq iqtisadi çərçivəni aşaraq təhlükəsizlik məsələsinə də çevrilib. Hüquqi müəyyənlik, dövlətlərarası etimad və təhlükəsiz marşrutlar investisiya qərarlarına və uzunmüddətli planlara birbaşa təsir edir. Nəqliyyat, enerji və rəqəmsal bağlantı layihələri tərəflər arasında iqtisadi qarşılıqlı asılılığı artırır və sabitliyi qorumaq üçün stimul yaradır. Eyni zamanda, müasir təhlükəsizlik anlayışı ənənəvi siyasi və hərbi çərçivədən genişdir. Su ehtiyatlarının idarə olunması, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, enerji təchizatının dayanıqlığı və kritik infrastrukturun qorunması birgə fəaliyyət tələb edən sahələrdir. Xəzərin ekoloji vəziyyəti də bu sıradadır. Məşvərətdən bir gün sonra Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin keçirilməsi artan yükdaşıma və enerji layihələri fonunda inkişafla ətraf mühitin qorunması arasında tarazlığın gündəmdə olduğunu göstərir. Türkmənbaşı görüşü göstərir ki, əməkdaşlığın siyasi və iqtisadi bazası formalaşıb. İndi əsas məsələ mövcud imkanların sistemli şəkildə reallaşdırılmasıdır. Qarşıdakı dövrdə beş istiqamət xüsusi diqqət tələb edir. Orta Dəhliz üzrə əlaqələrin daha səmərəli qurulması, sərhəd prosedurlarının sadələşdirilməsi və rəqəmsal həllərin genişləndi-rilməsidir. Birgə fondların daha fəal istifadəsi, regional istehsal zəncirlərinin yara-dılması və yüksək əlavə dəyərli layihələrə üstünlük verilməsidir. Ənənəvi enerji əməkdaşlığı ilə bərpaolunan enerji layihələri arasında tamamlayıcılığın güclən-dirilməsi və yaşıl dəhliz üçün texniki-iqtisadi koordinasiyanın artırılmasıdır. Universitetlər, tədqiqat mərkəzləri və biznes strukturları arasında ortaq proqramların hazırlanması regionun insan kapitalının inkişafına mühüm töhfə verə bilər. Bu proqramlar gənc mütəxəssislərin mübadiləsini, birgə tədqiqat layihələrini və elmi nəticələrin real istehsalata tətbiqini təmin etməklə əməkdaşlığın intellektual bazasını möhkəmləndirər.Su ehtiyatlarının idarə olunması, torpaq deqradasiyası və şoranlaşma ilə mübarizə, ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqlim risklərinə uyğunlaşma sahəsində birgə elmi-praktiki təşəbbüslər həyata keçirilməlidir. Bu məsələlər həm Mərkəzi Asiya, həm də Azərbaycan üçün aktualdır və aqrar istehsalın davamlılığına, təbii ehtiyatlardan səmərəli istifadəyə birbaşa təsir göstərir. Bu prioritetlərin işlək olması üçün siyasi razılaşmalar konkret fəaliyyət planları, məsul qurumlar, icra müddətləri və ölçülə bilən nəticə göstəriciləri ilə tamamlanmalıdır. Belə yanaşma əməkdaşlığın davamlılığını artırar və görülən işlərin obyektiv qiymətləndirilməsinə imkan verər. Prezident İlham Əliyevin Türkmənbaşıdakı çıxışı Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin hazırkı mərhələsini real nəticələrə söykənən strateji tərəfdaşlıq kimi xarakterizə etməyə əsas verir. Siyasi dialoq intensivdir, ticarət artır, kapital qarşılıqlı axır, nəqliyyat və enerji infrastrukturu genişlənir, humanitar həmrəylik isə konkret obyektlərdə təcəssüm olunur. Eyni zamanda bir neçə sual növbəti məşvərətlərin gündəliyini müəyyən edəcək. Birgə fondlar hansı həcmdə və nə vaxt konkret istehsal layihələrinə çevriləcək? Orta Dəhliz xərc, müddət və etibarlılıq baxımından alternativ marşrutlarla necə rəqabət aparacaq? Yaşıl enerji dəhlizi nə vaxt kommersiya reallığına çatacaq? Azərbaycanın C6 çərçivəsindəki sədrliyi institusional mexanizmlərin gücləndirilməsinə hansı töhfəni verəcək? Fikrimcə, bu münasibətlərin gələcək uğuru siyasi dialoqun iqtisadi nəticələrlə, infrastruktur layihələrinin texnoloji yeniliklərlə, regional tərəfdaşlığın isə insanların rifahına xidmət edən təşəbbüslərlə nə dərəcədə uzlaşdırılacağından asılı olacaq. Türkmənbaşı görüşü bu baxımdan aydın mesaj verir: müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti resursların həcmi ilə yanaşı, onları ortaq məqsədlər naminə birləşdirmək bacarığı ilə də müəyyən olunur. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin qarşısındakı əsas vəzifə mövcud siyasi etimadı uzunmüddətli iqtisadi tərəfdaşlığa çevirmək və gələcək nəsillər üçün daha dayanıqlı inkişaf mühiti formalaşdırmaqdır.

Fərid Mustafayev
YAP Yasamal rayon təşkilatının fəalı
12:30 11.10.2026
Oxunuş sayı: 57