ABŞ Fransaya necə zərbə vurdu?- Açıqlama

Qısa yay tətilindən sonra Fransanın cənubundan Parisə qayıdan Prezident Emmanuel Makron ciddi siyasi böhranla üzləşib. Ölkədə altıncı baş nazirin vəzifədən kənarlaşdırılması gözlənilir, həmçinin “Bloquons Tout” hərəkatı və həmkarlar ittifaqları ölkəni böyük etiraz aksiyalarına hazırlayır. Üsyan dalğası həm şəhərlərdə, həm də kəndlərdə yayılmaqda davam edir.
Fransada siyasi böhran dərinləşir və Makronun liderliyi ciddi sınaq altındadır. Həm etiraz hərəkatlarının, həm də həmkarlar ittifaqlarının fəaliyyətləri ölkəni iflic vəziyyətinə gətirmək potensialına malikdir. Bu durum Makron hökumətinin gələcəkdə nə qədər davam edə biləcəyinə dair ciddi suallar doğurur.
Mövzu ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Crossmedia.az saytına açıqlama verib.
O, "Bloquons Tout" hərakatını və həmkarlar ittifaqlarının genişmiqyaslı etiraz aksiyalarına hazırlaşmasını dövlət idarəetməsində etimad böhranın yaşandığının göstəricisi olduğunu bildirib: “Uzun illər Avropanın siyasi lokomotivi olaraq qəbul edilən Fransa bu gün dərin siyasi böhran dövrünü yaşayır. Baş nazirin gözlənilən istefası, "Bloquons Tout" hərakatı və həmkarlar ittifaqlarının genişmiqyaslı etiraz aksiyalarına hazırlaşması dövlət idarəetməsində etimad böhranın yaşandığının göstəricidir. Mövcud situasiyanın yaranması ilk növbədə Prezident Emanuel Makronun siyasi portfelindəki ziddiyyətlərdə öz əksini tapır. Makron birmənalı olaraq Şarl De Qoll tərəfindən qurulan Beşinci Respublikanın ən uğursuz siyasi simasıdır. Onun yenilik və daha dərin liberal dəyərlər vədləri indi sistematik çüküntünün simvoluna çevrilib. Qeyri-obyektiv iqtisadi və sosial islahatlar, vergilər, qiymət artımları, sosial təminatın azalması xalqla hakimiyyət arasında etimad uçrumunu daha da dərinləşirdirən faktorlar sırasındadır".
O bildirib ki, Makronun xarici siyasət dilemmasındakı natamamlıqlar, Parisin Afrikanın zənginliklərindən məhrum edilməsi və Ukrayna münaqişəsi səbəbindən Avropada yaranan fikir ayrılıqları Fransanın mövqeyinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələndi: "İlin əvvəlində Makronun ABŞ-yə səfəri və səfər çərçivəsində Donald Tramp tərəfindən ona göstərilən etinasızlıq münasibət Fransanın beynəlxalq imicinə zərbə idi. Bütün bunlar isə haqlı olaraq Prezident Makronun siyasi populyarlığının hər keçən gün daha da aşağı səviyyəyə düşməsinə əsas verdi. Hazırda respondentlərin təqribən 20% i onu dəstəkləyir və bu olduqca aşağı göstəricidir. Hesab edirəm ki, artıq Fransa cəmiyyəti yeni bir idarəetmə sisteminə ehtiyac duyur və bunun ilk işıltıları müşahidə edilməkdədir”.
Nicat Rüstəmzadə
13:12 09.09.2025
Oxunuş sayı: 7279