Rusiya Avropaya hücum edəcək?: Savaşın Almaniyaya çatması ehtimalı...

Rusiya-Ukrayna müharibəsinin hələ də davam etməsinin əsas səbəblərindən biri kənar təsirlərin mövzuya şəxsi mənfəətlərindən çıxış edərək müdaxilə etməsidir. Avropa dövlətlərinin Ukraynanı silahlandırmaqda əsas məqsədi Ukraynaya bir “sərhəd divarı” kimi baxmasıdır. Ukrayna nə qədər keçilməz olarsa, Avropanın təhlükəsizliyi bir o qədər təmin olunar düşüncəsi bu müharibəni müəyyən müddət uzatdı. Lakin bu gün Avropa dövlətləri başa düşürlər ki, Ukrayna silahlansa belə digər amillər Avropanın təhlükəsizliyini şübhə altına alır. Belə ki, "The Washington Post" qəzetinin yaydığı məlumata görə Almaniyada metro stansiyalarını və zirzəmiləri Rusiya ilə mümkün müharibə fonunda sığınacaqlara çevirmək planlaşdırılır. Həmçinin qeyd olunur ki, Almaniya hakimiyyəti ölkəni 2029-cu ilə qədər müharibəyə hazır vəziyyətə gətirməyə söz verib. Rəsmi şəxslərin fikrincə, həmin ilədək Rusiya Almaniyaya zərbə endirməyə hazır ola bilər. Bəs mövcud şəraitdə həqiqətən Almaniya-Rusiya müharibəsi gözlənilirmi?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib:
“Rusiyanın hazırda Avropaya hücumu gözlənilmir. Amma Rusiya Avropanın təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Bu təhdid əsasən 3 istiqamətdə özünü göstərir: keçmiş sovet məkanı hissələri olan Baltikyanı ölkələrdə, uzun müddət bitərəflilik statusunu qorumuş və müharibə başladıqdan bir müddət sonra bitərəfliyini pozmuş Finlandiya, üçüncü isə Polşadır. Rusiya bu istiqamətlərdə Avropanı ciddi şəkildə təhdid edir. Ötən günlərdə Rusiya Ukraynaya qarşı çox dəhşətli hücum həyata keçirdi. Kiyevdə Ukraynanın, demək olar, bütün strateji əhəmiyyətli binaları vuruldu. Bundan sonra Rusiyaya məxsus aviasiya hissələri Polşa ilə sərhəddə post qurdular. Buradan da görürük ki, Rusiya Avropanın təhlükəsizliyinə əhəmiyyət vermir. Savaşın Almaniyaya çatması ehtimalı da zəifdir. Amma nəzərə almaq lazımdır ki, Almaniya İkinci dünya müharibəsindən sonra özünün hərbi gücünü artırmaq üçün çox böyük fürsət əldə edib. Şübhəsiz ki, bu fürsətdən mümkün qədər yararlanacaq. Rusiyanın Avropaya hücum edəcəyinə inanmıram”.
Ayhan
12:02 09.09.2025
Oxunuş sayı: 1386