Maqnit qasırğalarından necə qorunaq ?

Alimlər günəş plazmasının planetə doğru atılması ilə əlaqədar bu günlərdə Yer kürəsində güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırırlar.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş Astronomiya Laboratoriyasından verilən məlumata görə, alimlər günəş plazmasının planetə doğru atılması ilə əlaqədar bu günlərdə Yer kürəsində güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırırlar. Plazma buludunun atılması Günəşdə M2.76 səviyyəsinin alovlanması nəticəsində baş verib. "Günəş materiyası çərşənbə axşamı, sentyabrın 2-də Yerin orbitinə çıxaraq G2-G4 səviyyəli (beş indikator miqyasında – red.) maqnit qasırğalarına səbəb olacaq", - deyə qeyd edilir. Alimlər qeyd edirlər ki, ən böyük təhlükə, çox güman ki, günəş alovu enerjisinin ümumi ehtiyatlarının yüksək qiymətləndirilməsi nəzərə alınmaqla təkrarlanan plazma emissiyalarıdır. Maraqldır bu meteohəssas insanlar üçün əlverişsiz bir şəraitdir. Bəs bu zaman özümüzü narahat hiss etməmək üçün nələr edə bilərik və bu adətən daha çox hansı xəstəliyi insanlarda hiss olunur?
Maqnit qasırğası və ondan qorunmağın yolları barədə Crossmedia.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Mərziyyə Məmmədova deyib ki, maqnit qasırğaları sağlam insanlar üçün birbaşa təhlükə yaratmasa da, bəzi insanlarda — xüsusilə meteohəssaslıq və ya central sensitization syndrome (CSS) diaqnozu olan şəxslərdə — müvəqqəti narahatlıqlar yarada bilər: “Son günlər Yer kürəsində müşahidə olunan maqnit qasırğası Günəşdə baş verən M2.7 səviyyəli plazma alovlanması nəticəsində yaranan koronal kütlə atılması (CME) ilə əlaqədardır. Bu hadisə 30 avqust 2025-ci ildə qeydə alınıb və ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Space Weather Prediction Center (NOAA SWPC) tərəfindən rəsmi şəkildə təsdiqlənib. NOAA-nın proqnozlarına görə, 1 sentyabr 2025 tarixində G2 (orta), 2 sentyabr 2025 tarixində isə G3 (güclü) səviyyəli geomaqnit qasırğası müşahidə olunub. Bu məlumat həmçinin NASA və SpaceWeatherLive kimi etibarlı elmi mənbələrdə dərc edilib və davamlı monitorinq nəticələri ilə də təsdiqlənib. Maqnit qasırğaları sağlam insanlar üçün birbaşa təhlükə yaratmasa da, bəzi insanlarda — xüsusilə meteohəssaslıq və ya central sensitization syndrome (CSS) diaqnozu olan şəxslərdə — müvəqqəti narahatlıqlar yarada bilər".
Onun sözlərinə görə, elmi araşdırmalar göstərir ki, günəş və geomaqnit aktivliyinin pik dövrlərində vegetativ sinir sistemi və damar tonusu dəyişə bilər: "Bu dəyişikliklər əsasən aşağıdakı qruplarda özünü göstərir:
Ürək-damar sistemi xəstələri – hipertoniya, aritmiya və damar sərtliyi olan pasiyentlərdə təzyiq dəyişkənliyi, ürəkdöyünmə, halsızlıq müşahidə olunur.
Migren və baş ağrısı sindromları olanlar – beyində damar və neyron balansındakı dəyişikliklər nəticəsində miqren tutmalarının tezliyi və intensivliyi arta bilər.
Xroniki ağrı və CSS xəstələri – fibromialgiya, xroniki yorğunluq sindromu, irritabl bağırsaq sindromu (IBS), temporomandibular oynağın disfunksiyası (TMD) və digər CSS hallarına malik insanlarda ağrı intensivliyi və sensor həssaslıq kəskinləşə bilər.
Psixoemosional həssaslığı yüksək olanlar – yuxu pozuntuları, əsəbilik, konsentrasiya çətinlikləri və emosional gərginlik arta bilər. CSS sinir sistemində ağrı və sensor siqnallarının emalının həddindən artıq aktivləşməsi və hiperhəssaslıqla xarakterizə olunur. Bu zaman beynin ağrı siqnallarını tənzimləyən mexanizmləri zəifləyir və bədən xarici dəyişikliklərə daha güclü reaksiya göstərir. Son illərdə aparılan araşdırmalar göstərir ki, CSS xəstələrinin 30–50%-i geomaqnit aktivliyinin yüksəldiyi günlərdə simptomlarının kəskinləşdiyini bildirir. Patofizioloji izahlar belədir:
Beyin və onurğa beyni səviyyəsində nociceptiv yolların hiperaktivliyi
Glial hüceyrələrin iltihabi aktivləşməsi
Stress hormonlarının dəyişməsi və damar tonusuna təsir edən mexanizmlərin balanssızlığı
Bu səbəbdən, maqnit qasırğası günlərində CSS spektrinə aid pasiyentlərdə baş ağrısı, ürəkbulanma, yorğunluq, sensor hiperhəssaslıq (məsələn, fotofobiya, mizofoniya) daha tez-tez müşahidə olunur”.
Ekspert həmçinin bununla bağlı bəzi tövsiyyələridə diqqətə çatdırıb : “Maqnit qasırğası zamanı xüsusi panikaya ehtiyac yoxdur. Lakin meteohəssas insanlar və CSS diaqnozu olan şəxslər üçün profilaktik tədbirlər faydalıdır:
1. Rejim və profilaktika
Dərmanlarınızı vaxtında qəbul edin, xüsusilə təzyiq, ürək və nevroloji dərmanları.
Gün ərzində bol maye qəbul edin, duzlu və ağır yeməklərdən uzaq olun.
Yuxu rejiminə ciddi əməl edin, ən azı 7–8 saat yatın.
2. Fiziki və emosional balans
Yüngül gəzinti və nəfəs məşqləri edin.
Stressi minimuma endirmək üçün meditasiya, sakit musiqi və rahatladıcı fəaliyyətlər seçin.
Baş ağrısı və ya yuxu pozuntuları təkrarlanarsa, həkimlə məsləhətləşin.
3. Təhlükə siqnalları
Aşağıdakı hallarda dərhal tibbi yardıma müraciət edin:
Ani və baş ağrısı
Nitqdə, və ya hərəkətdə qəfil pozuntu
Qol və ayaqlarda zəiflik və ya keylik
Dözümsüz ürəkdöyünmə və ya idarə olunmayan təzyiq
Maqnit qasırğaları sağlam insanlar üçün ciddi risk yaratmasa da, meteohəssaslığı və ya central sensitization syndrome (CSS) diaqnozu olan şəxsləri daha çox təsirləndirə bilər. Bu günlərdə ən doğru yanaşma — rejimə əməl etmək, stressi azaltmaq, kifayət qədər maye qəbul etmək və simptomları diqqətlə izləməkdir”.
Elmir Heydərli
14:09 02.09.2025
Oxunuş sayı: 6960