Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərərçəkən şəxslər ifadə veriblər






Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 21-də davam etdirilib.
Crossmedia.az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,
Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova)
keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə
tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda
təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir
qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını
müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim
Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini,
dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və sair təqdim edib,
habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini
izah edib.
Ardınca
zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.
Zərərçəkmiş
şəxs Əziz Hüseynovun hüquqi varisi – bacısı Sonagül Şirinova ifadəsində
qardaşının 1994-cü il iyunun 16-da Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində
Xocavənddə, qaynı Habil Şirinovun isə 1993-cü il iyunun 26-da Ağdamın Xıdırlı kəndində
şəhid olduqlarını bildirib.
Zərərçəkmiş
şəxs Elgin Abbaslının hüquqi varisi – atası Ağayar Abbasov ifadəsində Ermənistan
silahlı qüvvələrinin silahlı hücumları nəticəsində 1992-ci ildə Laçından məcburi
köçkün düşdüyünü deyib. Qeyd edib ki, oğlu 2020-ci ildə baş vermiş 44 günlük Vətən
müharibəsində Şuşadan yaralıları təxliyə etmək üçün gedərkən şəhid olub.
Zərərçəkən
Mustafa Ağayev ifadəsində 2021-ci il iyunun 16-da Sədərək rayonu istiqamətində
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralandığını söyləyib.
Zərərçəkən
Vüsalə Salmanova ifadəsində qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin
hücumları nəticəsində 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüb.
Zərərçəkən
Gülnarə Soltanova ifadəsində diqqətə çatdırıb ki, 1993-cü il oktyabrın 31-də
ailə üzvləri ilə birlikdə Ağdamda avtomobillə gedərkən Ermənistan silahlı qüvvələrinin
hərbçiləri tərəfindən girov götürülüb. “Bizi Xankəndidə həbsxanada, sonra uşaq
xəstəxanasında saxladılar. Jirik adında erməni polis var idi, o, girovluqda bizə
çoxlu əzab-əziyyətlər, işgəncələr verib. O zaman 24 yaşım var idi. Girovluqda
beş ay qaldıq”, - deyə o əlavə edib.
1995-ci
ilin fevralında Haramı düzü yaxınlığında əsir götürüldüyünü söyləyən İlqar
Zaidov ifadəsində vurğulayıb ki, 1 il 3 ay Ermənistan silahlı qüvvələrinin əsirliyində
qalıb. “Əvvəlcə Hadrutda, sonra Xankəndidə, daha sonra Şuşa həbsxanasında
saxladılar. Həbsdə olduğum müddətdə ağır işgəncələr verirdilər. Avtomatın
qundağı, təpik və yumruqla necə gəldi vururdular. Aylar sonra əsirlikdən azad
olundum”, - deyə o bildirib.
Zərərçəkmiş
şəxs Rəhilə Hacıyeva ifadə verərək, 1992-ci ilin fevral ayında Xocalı soyqırımı
zamanı ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib. O, əvvəllər Xankəndidə
yaşadıqlarını bildirib. Qeyd edib ki, 1988-ci ildə Xankəndidə azərbaycanlılara
qarşı təzyiqlər başlayanda məcbur olub Şuşaya, oradan da Xocalıya köçüblər.
Xocalı faciəsi zamanı isə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən
girov götürülüblər.
Zərərçəkmiş,
həmçinin ifadəsində Ermənistan silahlı qüvvələri tərəfindən Xankəndi sakini Cəlil
kişinin hamilə gəlininin qarnının bıçaqla yarılaraq körpəsinin çıxarıldığını da
söyləyib.
Kəlbəcərin
Ağcakənd kəndinin sakini olan Gültəkin Cəlilova ifadəsində deyib ki, 1993-cü
ilin martın 31-də kəndi məcburi tərk etməli olublar. O, hadisəni belə nəql
edib: “Atam, anam, iki qardaşım və mən “Niva” avtomobili ilə kəndi tərk etdik.
Zülfüqarlı kəndinə çatanda orada çoxlu hərbçi var idi. “Tunel” deyilən ərazidə
çoxlu yük maşını saxlanılmışdı. Hamısı yaşadıqları yerlərdən köçənlər idi. Ermənistan
silahlı qüvvələri üzərimizdəki qızıl-zinət əşyalarını çıxardılar. Tuneldən
çıxanda ətrafdakı qayalıqlarda faciənin baş verdiyini gördük. Qız-gəlinlərimizin
ağlaşma səsləri hər tərəfə yayılırdı.
O
vaxt 16 yaşım var idi. Əzab-əziyyətlə Gəncəyə gəlib çıxdıq, ayaqlarımızı don
vurmuşdu”.
Zərərçəkənlər
Xədicə Əhmədova və Mahizər Abdullayeva ifadələrində Ermənistan silahlı qüvvələrinin
hücumları nəticəsində 1992-ci ildə Laçından məcburi köçkün düşdüklərini, evlərinin
talan edildiyini bildiriblər.
Laçın
rayon sakini Vidadi Məmmədov ifadəsində Ermənistan silahlı qüvvələrinin
hücumları nəticəsində sol diz oynağından yaralandığını söyləyib. “Bacanağım şəhid
oldu, kəndimizdə bir ailənin 4 üzvü girov götürüldü. Hələ də onlar haqqında heç
bir məlumat yoxdur”, - deyə o vurğulayıb.
Zərərçəkən
Elvin Fərhadlı ifadəsində atası Vidadi Fərhadovun 2023-cü il sentyabrın 19-da
Şuşada tikintidə işləyən zaman Ermənistan ordusunun qalıqları və qanunsuz erməni
silahlı dəstələri tərəfindən açılan artilleriya atəşi nəticəsində həlak
olduğunu deyib.
Zərərçəkən
Anar Orucov ifadəsində qeyd edib ki, atası Telman Orucov, anası Raya Rəhimova,
bacısı Təranə Orucova, həmçinin əmisi və əmisi oğlu Ermənistan silahlı qüvvələrinin
törətdiyi Xocalı faciəsində qətlə yetiriliblər. “Televiziya görüntülərində atam
Telman Orucovun başının dərisinin soyulduğu görünür”, - deyə o vurğulayıb.
Qardaşının
və əmisi oğlunun 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində
Laçının Güləbird kəndində şəhid olduqlarını deyən zərərçəkən Nailə Aslanova
bildirib ki, həmin il mayın 18-də Laçından məcburi köçkün düşüb.
Sonra
təqsirləndirilən Arayik Harutyunyanın vəkili müdafiə etdiyi şəxslə konfidensial
şəkildə görüşmək üçün vəsatətlə çıxış edib.
Hakim
Zeynal Ağayev vəsatəti təmin edib və konfidensial görüş keçirilməsi üçün məhkəmədə
fasilə elan olunub.
Fasilədən
sonra məhkəmə iclası zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib.
Neftçala
rayonunun Xıllı qəsəbəsindən olan Xankişi Qafarov diqqətə çatdırıb ki, 1994-cü
ilin əvvəlində Kəlbəcərdə Ömər aşırımı istiqamətində döyüşlərdə Ermənistan
silahlı qüvvələrinin mühasirəsinə düşüb. O, döyüşlərdə çox sayda insanın həlak
olduğunu və yaralandığını vurğulayaraq qeyd edib: “Dörd gün qarın içində
mühasirədə qaldıq, ayaqlarımı, əllərimi don vurdu. Sonra bizi əsir götürüb Ermənistana
apardılar. Hər gün ağır işgəncələr verirdilər. Bir müddət sonra azad olundum.
Donvurmaya görə sol ayağım amputasiya edildi”.
Təqsirləndirilən
şəxs David Manukyanın suallarını cavablandıran Xankişi Qafarov bildirib ki, Ermənistanda
əsirlikdə olduğu zaman hər gün döyülüb, işgəncələrə məruz qalıb, üzərinə itlər
buraxılıb, alnına bıçaqla xaç işarəsi çəkilib.
Sonra
Xankişi Qafarovun aldığı xəsarətlərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyi
açıqlanıb.
Zərərçəkmiş
şəxslər Fəxrəddin Ağayev, Loğman Balayev, Əli Qənbərov, Lətif Mürsəlov, Ramazan
Mamedov və Çıraq Mehraliyev ifadələrində Ermənistan silahlı qüvvələrinin
hücumları nəticəsində 1993-cü ildə Kəlbəcər rayonundan məcburi köçkün düşdüklərini
bildiriblər.
Digər
zərərçəkmiş şəxslər Minarə Mirzəyeva, Vəzirxan Süleymanov, Şahin Məmmədov, Aidə
Məcnunova, Tahirə Zeynalova, Səadət Heydərova, Tahirə Abdullayeva, Gülsarə Əhmədova,
Əminə Məhərrəmova, Zəminə Qaraşova, Afaq Qasımova, Səxavət Rzayev, Sədrəddin
İsmayılov, Elşad Hüseynov, Mahir Mirzəyev, Vasif Cəbrayılov, Çingiz İlyasov, Sərxan
Kazımov, Xaqani Mustafayev, Məhəmməd Əhmədov, Qalib İsmayılov, Rasim Bəşirov,
Əhməd Qarayev, Nicat Behbudov, Kəmalə Həsənova, Bəturə Quliyeva, Fərqanə Rəsulova,
Yeganə Aslanova və Ənvər Abdullayev ifadələrində 1992-ci ildə Ermənistan
silahlı qüvvələrinin hücumları nəticəsində Laçın rayonunun artilleriyadan, digər
silah-sursatlardan atəşə tutulduğunu, kəndlərin yandırıldığını və nəticədə məcburi
köçkün düşdüklərini vurğulayıblar.
Mustafa
Əmirov və Elxan Şıxəliyev ifadələrində Ermənistan silahlı qüvvələrinin
hücumları nəticəsində zərər çəkdiklərini və xəsarət aldıqlarını bildiriblər.
Daha
sonra ifadə verən Hümbət Alırzayev, Səxavət Əliyev və Astan Bayramov Ermənistan
silahlı qüvvələrinin hücumları nəticəsində 1993-cü ildə Qubadlı rayonundan məcburi
köçkün düşdüklərini diqqətə çatdırıblar.
Zərərçəkmişlərin
hüquqi varisləri və zərərçəkənlər iclas zamanı Baş prokurorun böyük köməkçisi
Vüsal Əliyevin, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin,
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir
Bayramovun, dövlət ittihamçıları Fuad Musayevin, Vüsal Abdullayevin və Təranə Məmmədovanın,
həmçinin təqsirləndirilən şəxslərin, təqsirləndirilənlərin müdafiəçilərinin
suallarını da cavablandırıblar.
Məhkəmə
prosesi avqustun 22-də davam etdiriləcək.
Qeyd
edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin,
hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında,
eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq
hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə
yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan
Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan
Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və
dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham
edilir.
Həmin
şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan
Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David
Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik
Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset
Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə
edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə),
106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib),
110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına
zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq
humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam
öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya
ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və
onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma)
və digər maddələri ilə ittiham olunurlar.
21:10 21.08.2025
Oxunuş sayı: 1493