İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib - YENİLƏNİB









Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Crossmedia.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Əziz
kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!
Bu
gün sizin həyatınızda tarixi bir gündür. Doğma Vətənə, doğma şəhərə 32 ildən
sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Biz ədaləti bərpa
etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan
xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə
baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz -
bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı.
Dövlət
sizin üçün burada gözəl şərait yaradıb. Kəlbəcər şəhəri indi dünyanın ən gözəl
mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində
evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini
qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız,
dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində
Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu
binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər
infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar
salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb
tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli
uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.
Bu
gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər
və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada
rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə -
çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda -
müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub.
Kəlbəcərin
işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə
idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox
böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar
Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və
Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi”
adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol
açmışdı. Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla
keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdır və beləliklə, digər
torpaqlarımızın işğalına yol açmışdır. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi
xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir.
Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt
hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün
olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir.
Mənfur
cütlük bundan istifadə edərək bir ay sonra məhz Şuşa və Laçın faciəsi üzərində
hakimiyyətə gəldi, doğma diyarınızı qoruya bilmədi, ya da qorumaq istəmədi.
Kəlbəcərin
1993-cü il aprelin əvvəlində işğal altına düşməsi məhz ovaxtkı xəyanətkar rəhbərliyin
bəd əməllərinin nəticəsi olmuşdur. Ondan sonrakı dövrü hamımız yaxşı
xatırlayırıq. Uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi.
Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və
danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ
ilə məşğul olmalı olan üç ölkə - Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə,
münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni
işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə
münaqişə sülh yolu ilə həll olunmadı. Əgər Ermənistana qarşı o vaxt ciddi
sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı,
əlbəttə ki, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi və əminəm
ki, qaytaracaqdı. Sadəcə olaraq, onlara qarşı zərrə qədər təzyiq göstərilmədi, əksinə,
onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində
pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində
məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən
verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki,
Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara
pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar
heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla
Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın. Mən bunu dəfələrlə
demişəm və bu, tam həqiqətdir. Mən 2003-cü ildən 2020-ci ilə qədər bu
danışıqlarda iştirak etməyə məcbur idim. Demişdim ki, bu məsələni həll etmək
mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirlər. Biri
silahlar, biri siyasi dəstək, biri isə digər imtiyazlar verirdi. Məhz buna görə
məsələ öz həllini tapmırdı. Kiməsə elə gələ bilərdi ki, Azərbaycan xalqı
bununla barışacaq, halbuki mən dəfələrlə demişdim ki, biz bu məsələ ilə heç
vaxt barışmayacağıq. Hələ 2003-cü ildə prezident vəzifəsinə seçiləndə bunu
demişdim, ondan sonrakı dövrlərdə dəfələrlə demişdim və nəinki demişdim, hər
gün, hər saat biz bu müqəddəs Zəfər günümüzü yaxınlaşdırırdıq. Güclü
iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa
etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində
mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir
silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində
sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Allah bütün şəhidlərimizə
rəhmət eləsin. Biz bu Zəfərə görə onlara, onlar kimi 10 minlərlə Azərbaycan əsgər
və zabitinə borcluyuq.
Azərbaycan
dövləti və Azərbaycan xalqı bir yumruq kimi birləşdi və biz Ermənistanı cəmi 44
gün ərzində kapitulyasiya aktını imzalamağa məcbur etdik. 44 günlük Vətən
müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun
döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni
bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün
xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan
ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur. Vətən müharibəsi
başa çatanda Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi.
Ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri
bizə qaytarsın və bunu etməyə məcbur olmuşdur. Yəni, Kəlbəcər bir güllə
atılmadan azad edildi. Siz kəlbəcərlilər bu bölgənin relyefini, iqlimini çox
yaxşı bilirsiniz. Mən də çox yaxşı bilirəm, çünki dəfələrlə burada olmuşam və əvvəlki
dövrlərdə buraya Ömər aşırımından keçmişəm.
Kəlbəcəri
2020-ci ilin sonunda, - artıq qış başlamışdır, - hərbi yolla azad etmək böyük
itkilərlə nəticələnərdi. Təbii ki, biz azad edəcəkdik. Çünki Ermənistan
ordusunu biz o vaxt demək olar ki, məhv etmişdik. Ancaq onların güclü
istehkamları var idi. O vaxt Ağdərə rayonu bizim nəzarətimizdə deyildi. Tək
yeganə istiqamət Murov istiqamətindən idi və yenə də deyirəm, biz böyük itkilər
verə bilərdik. Ona görə tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da
müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ
də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il
sentyabrın 19-na qədər bizim qarşımızda duran əsas hədəf ölkəmizin
suverenliyini tam bərpa etmək idi. O tarixi siz yaxşı xatırlayırsınız, həm
dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm
Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin
yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər
önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları
- bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir
hissəsi idi. Təbii ki, o vaxt biz bir çox şeyləri dilə gətirmirdik, buna
ehtiyac da yox idi. Ancaq hədəfə doğru gedirdik ki, bizim torpağımızda bir dənə
də olsun separatçı qalmamalıdır. Separatizmin başı əzilməlidir, kökü kəsilməlidir
və bunu da etdik. Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində
separatçı xunta kapitulyasiya aktına imza atdı. Öz saxta dırnaqarası
respublikasının guya süquta uğramasını əks etdirən sənəd imzaladı.
Bizim
üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O
vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan
sonra da sülh şəraitində yaşayacaq. Bilirsiniz ki, Ermənistan-Azərbaycan
normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim
maraqlarımızı tam təmin edir. Biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu
artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və
göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu
yaxınlaşır.
Ermənistanla
sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim
mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq
Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi
diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin
noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə
saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət,
biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və
ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın
əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda, bu, təkcə Azərbaycanın
iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat
dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi
keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu
istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam
edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında
dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun
tikintisi nəzərdə tutulur. Yəni, Ermənistan bu öhdəliyi də üzərinə götürüb və
bu, bizim növbəti tarixi uğurumuzdur.
Azərbaycan
xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərmişdir. Həm
Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni
reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən
müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın
havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar.
Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər
səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi. Bizim kifayət qədər
güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər
zaman ədalətli mövqe kimi qəbul olunub. Çünki biz öz torpağımızda müharibə
aparmışıq. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik,
etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran
qoymamışıq. Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi
bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri
əsasında. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr bizə
qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində
imzalanmış sənədlər bütün bu səylərə də son qoydu.
Yəni,
dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul
etmişdir və bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal
dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə
hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. Bizim gücümüz,
xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik
ruhu - bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə
hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Bunu Ermənistan-Azərbaycan
müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bunu
bugünkü reallıqlar da göstərir.
Azərbaycan
ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə
qarşı hansısa bəd əməllər haqqında düşünsün. Hər halda son 80 il ərzində
dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır.
İndi dünyada gedən prosesləri görürsünüz. Müxtəlif yerlərdə toqquşmalar,
müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə
qazanmayıb. Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin
ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək
yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə
qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda,
sülhün təminatçısı da Azərbaycandır.
Biz
düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın
böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki
onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə
qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən
olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt
yaddaşımızdan silinməyəcək və silinməməlidir. Bunu mən həm müharibəni qazanan
ölkənin Ali Baş Komandanı kimi və bu gün Ermənistanla, məğlub edilmiş Ermənistanla
sülh prosesinin iştirakçısı kimi deyirəm. Biz istəmirik ki, müharibə olsun. Biz
sülh istəyirik. Ancaq heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç
vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq. Təbii ki, bizim Silahlı Qüvvələrimiz
hər an, hər gün dövlətimizin maraqlarının, təhlükəsizliyin keşiyindədir. Biz
mümkün olan təhlükə mənbələrini izləyirik, görürük və görəcəyik. Biz hərbi
gücümüzü artırırıq. İkinci Qarabağ müharibəsindən sonra həm Xəzər dənizindəki,
həm də bütün digər silahlı qüvvələrimizin inkişafı ilə əlaqədar minlərlə, -
sayını demək istəmirəm, amma böyük sayda, - xüsusi təyinatlı qüvvələrimizin say
tərkibini artırmışıq, yeni komando qüvvələri yaradılıb.
Pilotsuz
uçuş aparatlarının ən müasirləri, yeni artilleriya sistemləri ölkəmizə gətirilib.
İndi yeni döyüş təyyarələri üzrə kontraktlar bağlanıb və mövcud olan təyyarələr
tam müasirləşdirilib. Biz hər an müharibəyə hazır olmalıyıq. Çünki dünyada
proseslər elə istiqamətdə gedir ki, bilmək olmaz, sabah nə olacaq. Bizim təhlükəsizliyimizin
qarantı biz özümüzük - dövlət, xalq və Silahlı Qüvvələrimiz. Ona görə, əgər
kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə,
məncə, yenə də peşman olacaq. Biz isə bundan sonra müzəffər xalq və müzəffər,
qalib dövlət kimi yaşayacağıq.
Bizim işimiz quruculuqdur. Onlar bütün şəhər və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində bir dənə salamat bina qalmamışdır. Kəlbəcərin heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər. Onlar gərək bu məsələlərlə məşğul olsunlar, hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir. Bu cəmiyyət xəstədir və mən bunu açıq deyirəm. Mən heç kimi təhqir etmək istəmirəm. Biz onlara nə etmişik ki, nə pislik etmişik ki, bu qədər vəhşiliklə üz-üzə qalaq?! Bütün şəhər və kəndlər dağıdılıb, məscidlər dağıdılıb, təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim dəmir yumruğumuzu hər kəs görəcək. Bu gün bu gözəl binaların ətrafında bizim görüşümüz də çox böyük rəmzi məna daşıyır. Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq və sizi bu münasibətlə bir daha təbrik edirəm. Rahat yaşayın, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.
Prezident İlham Əliyev: Kim söz demək istəyir?
Sakin Cəlil Alıyev: Cənab Prezident, cənab Ali Baş Komandan, çox hörmətli Mehriban xanım, Sizi kəlbəcərlilər adından salamlayırıq. Doğma yurdumuza xoş gəlmisiniz! Bütün çıxışlarınızı diqqətlə izlədik, bəyənirik, alqışlayırıq. Bütün bu hadisələrin qəhrəmanı Sizsiniz. Bir daha Sizə təşəkkür edirik. Bilirik ki, Kəlbəcər xalqı, Kəlbəcər camaatı aşıqlar diyarıdır, şairlər diyarıdır. Ona görə də gözəl şairimiz Sücaət 32 il bundan qabaq yazırdı:
Sücaət, neyləyək, baxt belə baxtdır,
Darıxma,
hər şeyi həll edən vaxtdır.
Bir
gün gülə-gülə qayıdacaqdır,
Ağlaya-ağlaya
köçən Kəlbəcər.
Bu
hadisələrin səbəbkarı Sizsiniz. Sizə təşəkkür edirəm. Sağ olun, var olun.
Prezident
İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.
Cəlil
Alıyev: Həmişə Sizin yanınızda durmalıyıq. Bir olmalıyıq. Yumruq kimi birləşməliyik.
“Böyük Qayıdış”ı başa çatdırmalıyıq. Mənim qızım Hökumənin sözü olmasın, hər
şey yaxşı olacaq. Bir daha təşəkkür edirəm Sizə.
Sakin
Fənarə Sadıqova: Möhtərəm Ali Baş Komandan, cənab Prezidentimiz, çox sevimli əzizimiz
Mehriban xanım, əziz qonaqlar və həmvətənlərim. Bu gün illərdən sonra böyük
qürur hissi ilə doğma yurdum cənnət Kəlbəcərimdə Sizi salamlayıram. Dahi Ulu
Öndərimizin başladığı siyasəti Siz məharətlə, qətiyyətlə, yuxusuz gecələrinizə,
gərgin günlərinizə baxmayaraq davam etdirərək bəşəriyyətdə analoqu olmayan Zəfər
tarixi yazdınız. İşğal olunan torpaqlarımızı geri qaytardınız, cənab Prezident.
Bir sıra çox vacib sazişlərə imza atdınız. Biz Sizinlə qürur duyuruq. Biz həmişə
Sizin yanınızdayıq. Allah Ulu Öndərimizə rəhmət eləsin ki, Sizin kimi ləyaqətli
davamçı qoyubdur. Sizin prezidentlərlə görüşlərinizi hər dəfə televiziyada izləyərkən
şux duruşunuzu, natiqliyinizi böyük həyəcan və sevinc hissi ilə müşahidə edirik
– Siz əsl poliqlotsunuz. Siz müxtəlif dillərdə çox natiq danışırsınız, onların
özlərindən də gözəl olur. Biz bununla qürur duyuruq. Bu istedad Allah tərəfindən
hər prezidentə verilmir.
Cənab
Prezident, mən bir haşiyə çıxmaq istəyirəm. Üzrlü sayın, mən bunu deməsəm,
atamın ruhu məni bağışlamaz. Hələ 1992-ci ildə hərc-mərclik, özbaşınalıq baş
alıb gedəndə sadə sürücü olan atam, - o Kəlbəcərdə yaxşı insan kimi tanınırdı,
- bu hadisələrdən çox narahat idi. Atam gedib, - o vaxt Ulu Öndərimiz Ali
Sovetin sədri idi,- öz adından ona teleqram vurur ki, Azərbaycan batır, Siz
burada lazımsınız. Ulu Öndərimiz 1998-ci ildə prezident seçiləndə atamın
çıxışını verirlər. Sonra Prezidentimiz bayrağı öpür və kürsüyə qalxır. O, mənim
atamdır. Çox əfsuslar olsun ki, atam Şuşanın alındığı gün dünyasını dəyişdi.
Prezident
İlham Əliyev: Allah rəhmət eləsin!
Fənarə
Sadıqova: Allah ölənlərimizə rəhmət eləsin. Atalarımızın ruhu şaddır bu gün.
Ulu Öndər Sizin kimi layiqli övladı yerində qoyub gedib. Bu gün mənim atamın da
ruhu şaddır, biz bu arzumuza çatmışıq. Doğma Kəlbəcərimizdə, eləcə də Qarabağda
böyük quruculuq işi gedir. Bunu Siz edirsiniz. Biz Sizə minnətdarıq. Şəhidlərimizə
Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirik. Möhtərəm Prezidentimiz, biz
Sizə bu ağır işinizdə, bu fəaliyyətinizdə uğurlar, ailənizə, özünüzə cansağlığı
arzulayırıq. Biz həmişə Sizin arxanızdayıq. Sizin dediyiniz kimi, “Yaşasın Azərbaycan!
Qarabağ Azərbaycandır!”.
Prezident
İlham Əliyev: Sağ olun, xoş sözlərə görə təşəkkürümü bildirirəm.
Kəlbəcər
ölkəmizin ən gözəl rayonlarından biridir. Hər dəfə buraya gələndə Mehriban
xanım və mən maşından izləyirik və bir-birimizə deyirik ki, nə gözəl diyardır,
nə gözəl mənzərədir. Bunun dünyada tayı-bərabəri yoxdur. Amma siz də yaxşı
bilirsiniz ki, Kəlbəcər həmişə ucqar rayon sayılırdı, çünki yollar yox idi. Yüz
il bundan əvvəl, ümumiyyətlə, yol yox idi, ancaq atlarla hərəkət etmək mümkün
idi. Ondan sonra sovet hakimiyyəti dövründə çəkilmiş o yollar da çox təhlükəli
idi, ensiz idi. Biz Mehriban xanımla işğaldan sonra ilk dəfə Kəlbəcərə, təbii
ki, Ömər aşırımından gəldik. O vaxt o yol da demək olar ki, yox idi, bir cığır
idi və həm də çox təhlükəli idi. Amma o qədər əzəmətli mənzərə ilə üzləşdik ki,
çətinlik heç özünü hiss etdirmirdi. Göygöldən gələndə Ömər aşırımından hər dəfə
aşağıya baxarkən bu təbiətə valeh olurduq. Eyni zamanda, mən o vaxt dərhal göstəriş
verdim ki, biz mütləq Gəncə istiqamətindən Kəlbəcərə müasir yol çəkməliyik.
Çünki bilirsiniz ki, o vaxt biz Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmirdik.
Ona görə dərhal işlər başlandı və bu gün biz Mehriban xanımla Kəlbəcərə gələndə
daha Ömər aşırımından yox, ilk dəfə olaraq tuneldən keçdik. Bu da uzunluğuna
görə Avropada beşinci tuneldir. Təxminən 12 kilometr uzunluğunda ən böyük
tunel. Amma yol boyunca beş tunel artıq var. Ən uzun tuneli də biz bu gün
açdıq. Düzdür, hələ yəqin ki, yeddi-səkkiz ay vaxt lazım olacaq ki, onun içərisi
də tam düzəlsin. Ondan sonra Kəlbəcərdən Gəncəyə, Göygölə getmək çox rahat
olacaq. Yəni, biz Kəlbəcəri ölkəmizin qərb bölgəsi ilə birləşdiririk.
Digər
yol, - onu da biz indi inşa edirik, - Ağdərə-Kəlbəcər yoludur. O da Naftalandan
gələn yoldur. O yol olub, işğal dövründə işğalçılar istifadə ediblər. Mən o yol
ilə də gəlmişəm. O da çox narahat yoldur. Kələ-kötür yoldur. Ona görə biz o
yolu da genişləndiririk, düzəldirik.
Üçüncü istiqamət isə Kəlbəcər-Laçın yoludur. Mən o vaxt Göygöldən Kəlbəcərə, Kəlbəcərdən ta Laçına qədər getmişdim. Mən ömrümdə bunun kimi təhlükəli yol görməmişdim və siz də o yolu yəqin ki, xatırlayırsınız. İndi biz o yolu da dördzolaqlı tunellərlə, körpülərlə tamamilə yeni görkəmə salırıq. Laçının Qorçu kəndində beynəlxalq hava limanı da istifadəyə verilib. Biz o yerin seçilməsində də çətinlik çəkirdik. Çünki Kəlbəcərdə və Laçında bir dənə də düz yer tapa bilməmişdik ki, orada uçuş-enmə zolağı inşa edilsin. Bir dənə də düz yer yoxdur. Amma mən istəyirdim ki, aeroport həm Kəlbəcərə, həm Laçın şəhərinə yaxın olsun. Ona görə o yer seçildi. Dedilər ki, burada da bunu etmək mümkün deyil, gərək dağları kəsək. Dedim kəsmək lazımdırsa, kəsək. Əminəm ki, bu aeroport sayəsində bura gələnlər üçün çox gözəl bir turizm mərkəzi olacaq. Yəni, üç istiqamətdən yol, - Gəncə, Laçın, hətta Zəngilandan ta Kəlbəcərə qədər, bir də Naftalan, Ağdərə, Sərsəng, Kəlbəcər, - üç tərəfdən rahat əlaqələndirmə olacaq və əlbəttə ki, bu, bölgənin canlandırılması üçün böyük imkanlar yaradacaq: iş adamları, hotellər, turizm kompleksləri. Yəni, planlarımız çox böyükdür. Mən artıq bəyan etmişdim ki, biz kanat yollarını da çəkməyə başlayırıq. Birincisi, Laçında. Siz Laçın şəhərini də yaxşı tanıyırsınız, Həkəri çayından da Laçının yuxarı məhəlləsinə məsafə böyükdür. Həm də hündürlük fərqi də böyükdür. Laçın şəhərində kanat yolu yəqin ki, gələn il hazır olacaq. İkinci kanat yolu isə Xankəndi-Şuşadır, onun da təməlini qoyduq. Üçüncü kanat yolu da Kəlbəcərdə olacaq. Onun da yerinə baxmışıq. Bura çox gözəl mənzərəli yerlərdir, həm də cənnətdir. Amma buranı cənnət etmək üçün gərək bax, belə gözəl şərait olsun. Bunu da biz edirik. Ona görə bir daha sizi təbrik edirəm. Xoşbəxt yaşayın, cansağlığı arzulayıram. Sağ olun.
Sonra
açarların təqdim edilməsi mərasimi oldu.
Sakin Hikmət Şahmuradov: Çox sağ olun, cənab Prezident, təşəkkür edirəm, minnətdaram. İcazənizlə, cənab Prezident, Sizə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Sizin çıxışlarınıza hər zaman diqqətlə qulaq asmışıq. Sizi fəxarətlə izləyirik, cənab Prezident. Mən Sizi sülhün, xoşbəxtliyin banisi kimi tanıyıram. Mən ümidvaram ki, Sizin bu missiyanız dünyada öz sözünü deyəcək və bəşəriyyət Sizdən örnək götürərək sülhü bərqərar edəcək. Dünyamız da, Azərbaycanımız da xoşbəxt, əmin-amanlıq şəraitində yaşayacaq.
Sakin
Fənarə Sadıqova: Allah Sizi və sevdiklərinizi qorusun. Tunel üçün də xüsusi təşəkkürümü
bildirirəm, var olasınız.
Prezident
İlham Əliyev: İndi Gəncəyə buradan, Kəlbəcərdən yəqin ki, 1 saat yarıma gedəcəksiniz.
Bir məsələni də demək istəyirəm. Bu gün tunelin açılışını edəndə bir göstəriş də
verdim. İndi onun üzərində işləyəcəklər ki, Toğanalıdan ta Gəncəyə qədər də
baxsınlar, biz o yolu da qısaldaq, çünki o yol da bir az narahatdır. Orada da bəlkə
bir yox, bir neçə tunel inşa ediləcək. O olarsa, onda Gəncədən Kəlbəcərə rahat
1 saat, 1 saat 10 dəqiqəyə gəlmək mümkün olacaq.
Sakin
Fənarə Sadıqova: Necə deyək, Siz çox namümkünü mümkün etdiniz. Var olun!
Mehriban xanım, istəyərdim Sizi qucaqlayım. Biz Sizi sevirik, Allah balalarınızı qorusun, Allah Sizə uzun ömür versin, var olun, biz Sizi çox sevirik.
Sonra birgə foto çəkdirildi.
Sakin: Qoy hər zaman Azərbaycan bizi uğurları ilə sevindirsin. Bütün əmin-amanlıq, xoşbəxtlik həmişə xalqımızla olsun.
Prezident
İlham Əliyev: Köçkünlük dövrü bitdi. İndi burada yerləşirsiniz. O biri yaşayış
kompleksləri də tikiləcək. Bura gözəl bir şəhər olacaq.
Sakin:
Sizin rəhbərliyinizlə. İnşallah. Allah Sizi var eləsin.
Prezident
İlham Əliyev: Sovet vaxtında buranın əhalisi nə qədər idi?
Sakin:
Şəhərin əhalisi 7-8 min nəfər idi.
Prezident
İlham Əliyev: 7-8 min. İndi bu dörd yaşayış kompleksində 10 min nəfər
yaşayacaq.
Sakinlər:
İnşallah.
Prezident
İlham Əliyev: Yəni, ovaxtkından daha çox. Amma gələcəkdə əlbəttə ki, daha çox.
Sən işğal dövründə harada yaşamısan? Bakıda?
Sakin:
Bəli.
Prezident
İlham Əliyev: İstisu indi məşhurlaşır. Prezidentlərə göndərirəm. Amerikaya da
aparmışam özümlə.
Qadın
sakin: Mən Sizə təşəkkürümü bildirirəm. Atam 1993-cü ildə şəhid olub.
Prezident
İlham Əliyev: Allah rəhmət eləsin.
Qadın
sakin: Bu gün Sizinlə, ailə üzvlərinizlə, dövlətimizlə fəxr edirəm. Ona görə
ki, atamın şəhid olduğu bu torpağa mən bu gün Sizin sayənizdə ayaq basa bilmişəm,
gələ bilmişəm. Sizə minnətdarlığımı bildirirəm. Bütün xalqımız Sizinlə qürur
duyur. Hər zaman var olasınız.
Prezident
İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə
qalmayıb.
Qadın
sakin: Qalmayıb, bəli, çox şükür.
Prezident
İlham Əliyev: Onların qanını yerdə qoymadıq. Həm Birinci, həm İkinci Qarabağ
müharibələrinin şəhidlərinin qisasını biz döyüş meydanında aldıq. Bu, bütün şəhid
övladları üçün bir təsəllidir.
Qadın
sakin: Bu gün biz qürur hissi ilə buradayıq, torpağımızdayıq. Sizin sayənizdə.
Minnətdarıq Sizə.
Mehriban
xanım Əliyeva: Siz də gəlin, bu tərəfdə dayanın.
Qadın
sakin: Yanınıza keçmək olar?
Prezident
İlham Əliyev: Bəli. İşğal dövründə harada yaşamısan?
Qadın
sakin: Mən Göygöldə.
Prezident
İlham Əliyev: Göygöldə?
Qadın
sakin: Bəli. Arzu edirəm verdiyiniz bu açarlar xeyirli qapılar açsın, İnşallah.
Prezident
İlham Əliyev: Bəli. Gəlin. Burada iş yerləri ilə bağlı da tədbirlər görülür.
Burada həm yaşayış, həm iş yerləri olmalıdır.
Qadın
sakin: İnşallah.
Prezident
İlham Əliyev: Burada gözəl məktəb tikilir.
Qadın
sakin: Bəli, Allah Sizi var eləsin.
Sakinlər:
İnşallah, İnşallah, əsl vətənpərvərlər yetişsin.
Qadın
sakin: Bu oğlan ikinci sinifdə oxuyurdu. İndi bu gün gözəl İstisuyumuzun
laboratoriyasında işləyir.
Prezident
İlham Əliyev: İndi orada işləyir?
Sakin:
Bəli, orada işləyir. Mən yerimizlə, yurdumuzla, xalqımızla fəxr edirəm.
Prezident
İlham Əliyev: İstisuyu da biz bərpa etdik, birinci layihələrdən biri idi. Özü də
biləsiniz, sovet vaxtındakı İstisu ilə indikinin arasında böyük fərq var.
Sakinlər:
Bəli.
Prezident
İlham Əliyev: İndi laboratoriyadan keçirmişik, xarici mütəxəssislər baxıblar.
Onun tərkibində bəzi maddələr var ki, standartlara uyğun deyildi, tam təmizləndi,
indi dünyanın ən yaxşı suyu oldu.
Qadın
sakin: Bəli, təmizləmədə iştirak edirəm.
Prezident
İlham Əliyev: Siz də orada işləyirsiniz?
Qadın
sakin: Bəli. Cənab Prezident, Sizinlə şəkil çəkdirmək olar?
Prezident
İlham Əliyev: Bəli, gəlin.
Kişi
sakin: Çox sağ olun.
Prezident
İlham Əliyev: Sağ olun. Anandır?
Qadın
sakin: Buraya gəlmişik, Allah qoysa, burada çalışacağıq.
Prezident
İlham Əliyev: Məsələn, neçə dəqiqəyə gedirsən?
Qadın
sakin: 15 dəqiqəyə çatıram.
Prezident
İlham Əliyev: 15 dəqiqəyə. Gələn il hotel də istifadəyə veriləcək. Orada da
yüzlərlə iş yeri olacaq.
Qadın
sakin: Allah qismət eləsin.
Prezident
İlham Əliyev: “İstisu” sanatoriyasını da dağıdıblar, görmüsünüz? Bilmirəm,
getmisiniz ya yox. Amma indi necə gözəl tikilib, görmüsünüz?
Kişi
sakin: Çox gözəldir.
Prezident
İlham Əliyev: Gəlin, hamımız birlikdə şəkil çəkdirək.
Kişi
sakin: Çox sağ olun, cənab Prezident. Allah Sizə ömür versin. Allah Sizi var eləsin.
Qadın
sakin: Qızım gəlir, gəlsin onunla da çəkdirək?
Mehriban
xanım Əliyeva: Gəlsin, əlbəttə. Balacanı da gətirib. Üçaylıq körpəsi ilə gəlib.
Qadın
sakin: Birinci dəfədir Kəlbəcərə ayaq basır.
Prezident
İlham Əliyev: Bəli, nə gözəl.
Mehriban
xanım Əliyeva: Üç ayı oldu. Bu, Əli balamızdır?
Qadın
sakin: Bəli.
Mehriban
xanım Əliyeva: Əliş, gedək, görək.
Qadın
sakin: Çox sağ olun, Allah sizlərə cansağlığı versin. Mehin, gəl də, istəmirdin
Mehriban xanımla şəkil çəkdirmək?
Qadın
sakin: Gəlirəm.
Mehriban
xanım Əliyeva: Gör kimi gətirirəm? Əli balamızı.
Prezident
İlham Əliyev: Gəl balaca, bir yerdə şəkil çəkdirək. Anası hansıdır?
Mehriban
xanım Əliyeva: Nənə də gəlsin.
Prezident
İlham Əliyev: Nənəsi haradadır?
Mehriban
xanım Əliyeva: Nənə də buradadır.
Qadın
sakin: Allah sizlərə cansağlığı versin.
Prezident
İlham Əliyev: Adı Əlidir?
Sakin:
Bəli, Əlidir.
Qadın
sakin: Allah saxlasın.
Mehriban
xanım Əliyeva: Allah saxlasın, böyük oğlan olsun.
Qadın
sakin: Allah hamınıza cansağlığı versin.
Digər
qadın sakin: Çox sağ olun, minnətdaram Sizə.
Qadın
sakin: Bizim də Mehriban xanımla şəklimizi çək.
Kişi
sakin: Müharibə qurtaran vaxt mən bir şeir yazmışdım. Onun axırıncı kupletini
deyim.
Adaşımdır
Baş Komandan,
Saxlasın
Ulu Yaradan,
Bu əsgərdən,
bu ordudan,
İlham,
tərif yaz dəftərə,
Bəyan
olsun nəsillərə,
Əhsəndir
bu hünərə,
Gəlin
gedək Kəlbəcərə.
Prezident
İlham Əliyev: Çox sağ olun.
Qadın
sakin: Kitabı da gətirmişik, Sizə təqdim etməyə.
Prezident
İlham Əliyev: Sağ olun.
Qadın
sakin: Həmişə bayraqların uca olsun, heç vaxt enməsin.
Prezident
İlham Əliyev: Enməyəcək İnşallah. Ancaq biz qabağa gedəcəyik. Burada şəraitiniz
necədir? Yaxşıdır?
Qadın
sakin: Bəli, çox sağ olun.
Prezident
İlham Əliyev: Bəli, mən də baxdım, çox gözəldir. Geniş otaqlardır, qaz da var.
Sovet vaxtında burada qaz olmayıb.
Qadın
sakin: Yox, olmayıb, məcburən meşələri qırırdıq.
Prezident
İlham Əliyev: Bəli, meşələri qırırdılar. Buraya qaz çəkmək asan məsələ deyildi.
Qadın
sakin: Çox çətindir.
Kişi
sakin: Dağları yarıb gətirmək çox çətindir.
Qadın
sakin: Görürük, neçə yerdə quruculuq işləri görürsünüz. Allah Sizə ömür versin.
Prezident
İlham Əliyev: Olmalıdır, siz neçə il əziyyət içində yaşamısınız. Həm fiziki əziyyət,
həm mənəvi əzablar çəkmisiniz.
Qadın
sakin: Bəli, mənəvi əzablar çox çəkmişik.
Prezident
İlham Əliyev: Çətin, çadır şəhərciyi. Öz yerindən didərgin düşmək çox ağır
taledir. Özü də bir il yox, on il yox, otuz il.
Kişi
sakin: 32 il.
Prezident İlham Əliyev: Bəli, 1993-cü ilin aprelindən çıxmısınızsa 32 il. Ona görə, sizin üçün ən gözəl şərait yaradılmalıdır. Bu da İsveçrə layihəsidir. İsveçrədəki şəhərlərə tam uyğundur. Bəli, həm memarlıq, həm də daxildəki dizayn baxımından. Bilirsiniz, İsveçrə dünyada insanın həyat keyfiyyətinə görə birinci yerdədir. Ona görə, biz Kəlbəcər üçün bunu seçmişik.
Kişi sakin: Bu havaya, bu iqlimə yaraşandır elə.
Prezident İlham Əliyev: Bəli. Necə də gözəldir, o tərəf, bu tərəf gözəl binalardır. Cansağlığı ilə yaşayın.
Kişi sakin: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağlığınıza qismət.
Kişi sakin: Allah Sizi var eləsin.
Qadın
sakin: Təşəkkür edirik. Allah Sizi qorusun.
19:56 21.08.2025
Oxunuş sayı: 761