“Tehran Ermənistandan xəyanət gördü, amma hesabı Pezeşkian sormayacaq” – Rauf Arifoğlundan açıqlama

Ermənistan Baş Naziri aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsi İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfərinin tarixini rəsmən təsdiqləyib. Sələfi İbrahim Rəisinin prezidentliyi dövründə İran və Ermənistan arasında münasibətlər xeyli sıx və müsbət xarakter daşımış, Azərbaycana olan qeyri-dost yanaşmaları isə münasibətlərdə gərginliklərə səbəb olmuşdu. Lakin Pezeşkianın prezident seçilməsindən sonra Azərbaycanla İran arasında diplomatik əlaqələr bərpa olunmuş və münasibətlər normallaşma yoluna qədəm qoymuşdur. Bu yeni dinamika fonunda Pezeşkianın Ermənistana gözlənilən səfəri, onun məqsədləri və potensial nəticələri regional siyasət baxımından böyük maraq doğurur. Səfərin Cənubi Qafqaz regionundakı geosiyasi tarazlığa və dövlətlər arası münasibətlərə təsiri diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu Crossmedia.az-a açıqlama verib:
“Pezeşkian kökəncə azərbaycanlı olsa da və ölkəmizdə müəyyən rəğbətlə qarşılanmasına baxmayaraq, o, İran dövlətinin prezidentidir. Və təbii ki, İranın öz siyasi maraqları, strateji hədəfləri var. Bu dövlət uzun illərdir ki, Ermənistanın yanında dayanır, ona dəstək verir. Azərbaycanla münasibətlərdə isə daha çox Ermənistanın işğal siyasətinə gizli və ya açıq formada arxa durub. Ona görə də Pezeşkian üçün çox çətin bir siyasi miras mövcuddur. Onun birdən-birə İranın bu istiqamətdəki siyasətini dəyişməsi real görünmür. Üstəlik, Pezeşkianın Azərbaycanla bağlı müsbət jestləri artıq SEPAH-ın, mühafizəkar mollaların və İranın “gizli dövlət” aparatının (əsasən farslardır) təzyiqlərinə səbəb olub. Bu baxımdan, biz İrəvanda bir Azərbaycan türkünün Paşinyana və bütövlükdə Ermənistan cəmiyyətinə hansısa qəzəbli jestlər edəcəyini gözləməməliyik. Digər tərəfdən, situasiya dəyişib. Vaşinqton razılaşmasından sonra Azərbaycan artıq Paşinyan hökuməti ilə müttəfiq statusundadır. Yəni, həm Rusiyaya qarşı, həm də Pezeşkianın təmsil etdiyi İrana qarşı Azərbaycan və Ermənistan, Tramp administrasiyasının yaratdığı yeni reallıq çərçivəsində bir yerdə hərəkət edir. Bu səbəbdən Pezeşkianın çiyninə Azərbaycana qarşı ayrıca bir yük düşməyəcək. İran isə açıq şəkildə narahatdır. Çünki “Tramp yolu”nun Ermənistan–İran sərhədindən keçməsi Tehranı faktiki regional blokadada qoyur. SEPAH generalları və dini liderin müşavirləri açıq şəkildə bəyan edirlər ki, bu proseslə İran-Ermənistan sərhədi faktiki bağlanmış olur. Amma Pezeşkian məsələni daha praqmatik görməyə çalışır. Onun açıqlamalarında da hiss olunur ki, vəziyyəti şişirtməyə ehtiyac duymur, dövlətlərin öz maraqları var və İran bu maraqları nəzərə almağa məcburdur”.
Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaya İranın münasibətindən danışan R.Arifoğlu qeyd edib: “Əslində, İran burada həm də məyusdur. Çünki illərlə dəstəklədiyi Ermənistan hakimiyyəti birdən-birə ABŞ-ı bölgəyə gətirdi, amerikalı hərbçilərin İrəvanda və İranla sərhədlərdə mövcudluğuna razılıq verdi. Bu, Tehran üçün xəyanət kimi qiymətləndirilir. Buna görə də İran həm məyus, həm də qəzəblidir. Amma unutmamalıyıq ki, iyun ayındakı İsraillə 12 günlük müharibə, İran hərbi elitasının ağır zərbələr alması və ölkənin zəiflədilməsi Tehranı əvvəlki təsir imkanlarından məhrum edib. Bu faktor nəzərə alındıqda, Paşinyan–Pezeşkian görüşündə hansısa sərt bəyanat və ya addım gözləmirik. Rusiya və İran siyasətçilərinin iddialarına görə, Ermənistan həm İrana, həm də Moskvaya “xəyanət edib”. Lakin bu, onların dəyərləndirməsidir. Mənim fikrimcə, Paşinyan bir erməni lider kimi son 200 ildə ən doğru addımı ataraq Azərbaycan və Türkiyəyə yaxınlaşma yolunu seçib. Bu yaxınlaşmanı da birbaşa deyil, Vaşinqton xətti ilə həyata keçirir. Çünki bunu birbaşa etsəydi, erməni lobbisi, ictimaiyyəti, o cümlədən də Rusiya və İran qarşısında daha köməksiz qalmış olardı. Pezeşkian və Paşinyanın görüşündən yüksək gözləntim yoxdur. Onlar sadəcə, aralarındakı inciklikləri və məyusluqları öz aralarında həll etməyə çalışacaqlar. Vaşinqtondan dönəndən, rəsmi İrəvan İrana və Rusiyaya hesabat verməkdədir. Bunun davamını görəcəyik. Bizim üçün isə əsas məsələ – Zəngəzur dəhlizidir, “Tramp yolu”dur. Azərbaycan cəmiyyəti üçün maraqlı olan budur: biz nə vaxt Naxçıvana birbaşa bu yol ilə gedəcəyik. Qalan məsələlər təfərrüatdır”.
Ayhan
12:22 14.08.2025
Oxunuş sayı: 1294