"Ermənistanda revanşist qüvvələr üçün ATƏT adlı “çətir” olmayacaq" - Deputat

Azərbaycan və Ermənistan ATƏT-in üzv ölkələrini Minsk qrupunun ləğv edilməsi ilə bağlı müraciəti dəstəkləməyə çağırıb. Azərbaycan və Ermənistan arasındakı münasibətləri tənzimləmək, sabitliyi təmin etmək məqsədilə yaradılan bu qurum heç bir funksiyanı yerinə yetirmədi. Əksinə ATƏT-in yeganə məqsədi Azərbaycanı işğalla barışdırmaq idi. Lakin Azərbaycanın balanslı, prinsipial mövqeyi bizi öz məqsədimizə çatdırdı. Azərbaycan ATƏT-in Minsk qrupunun ölü qurum olduğunu sübut etdi.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlama verib: “ATƏT-in Minsk Qrupunun ləğvi çoxdan olmalı idi. Sadəcə, Ermənistanın prosesi yubatması, özünə “təhlükəsizlik çətiri” axtarması səbəbindən yarıtmaz Qrup de-yure hələ də ləğv olunmayıb. Məlum olduği kimi, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı, vasitəçilik mandatı alan həmsədrlər isə bu illər ərzində problemin həlli istiqamətində addım atmadı. Əksinə, işğalçı ilə işğala məruz qalan tərəflər arasında fərq qoymadı, rəsmi Bakıya təslimçi sülhlə bağlı təzyiqlər etməkdən də çəkinmədilər. Bu isə Ermənistanı işğal siyasətini davam etdirməyə cəsarətləndirdi. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bununla da ATƏT-in Minsk Qrupu yaramaz qurum kimi, Cənubi Qafqaz məkanında sülhün təmin olunması istiqamətində fəaliyyətsiz təsisat kimi tarixə düşdü. Bu qurumun ləğvinin heç bir mənfi nəticəsindən söhbət gedə bilməz. Ona görə də yekun sülh üçün Azərbaycanın 2 əsas şərtindən biri qrupun ləğv edilməsi idi. Uzun tərəddüddən sonra Ermənistan Azərbaycanın bu şərtini yerinə yetirməyə məcbur oldu. Biz qrupun ləğvinin müsbət nəticələrindən danışa bilərik. Belə ki, artıq Ermənistanda revanşist qüvvələr üçün ATƏT adlı “çətir” olmayacaq”.
Ayhan
18:09 12.08.2025
Oxunuş sayı: 1009