"Tramp Azərbaycanı, İlham Əliyevi tanıyır" - DEPUTAT

Prezident İlham Əliyevin ABŞ-li həmkarı Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri bir çox rəsmi və qeyri-rəsmi məqamlarla yadda qaldı. Tramp və İlham Əliyev arasında olan səmimi söhbətlər dövlətlərimiz arasındakı münasibətlərin yaxşı səviyyədə olmasından xəbər verir. Bu səmimi söhbətlər zamanı Tramp bir neçə dəfə dövlətimizə, millətimizə olan xoş münasibətindən danışıb. Bu söhbətlər çərçivəsində Tramp qeyd etdi ki, Azərbaycan xalqı böyük xalqdır. Bu da Trampın xalqımıza olan xoş münasibətinin təcəssümü idi.
Trampın xalqımıza olan münasibəti, ABŞ-Azərbaycan münasibətləri ilə bağlı Milli Məclisin deputatı Vüqar İsgəndərov Crossmedia.az-a açıqlama verib:
“ABŞ prezidenti Donald Trampın Azərbaycana və dövlət başçımıza olan mövqeyi birinci prezidentlik dövründən bəlli idi. Əslinə qalsa biz Vətən müharibəsində həm hərbi həm də siyasi proseslərdə ABŞ-nin neytrallığını gördük. Tramp həqiqətən də özünü müharibə prezidenti kimi yox sülhdən yana olan, sülh yaradan prezident kimi göstərir. Cənab prezident İlham Əliyev də bunu dəfələrlə söyləyib ki, Trampın hakimiyyəti dövründə dünyada müharibələr olmayıb. Sadəcə terror hadisələri və lokal münaqişələr baş verib. Bu mənada Tramp ölkəmizə sayğı ilə yanaşan ABŞ prezidenti olub. Təbii ki, burda İlham Əliyevin də keyfiyyətləri və ümumiyyətlə ABŞ Azərbaycan münasibətləri konteksindən baxsaq əvvəlki illərdə normal strateji tərəfdaşlıq olduğu məsələsi də ortadadır. Təəssüflər olsun ki, Biden administrasiyası bütün bu münasibətləri pozdu və çox yarıtmaz bir siyasətlə ABŞ-
Azərbaycan münasibətlərinə ziyan vurdu. Biz Trampın yenidən hakimiyyətə gəlməsi ilə əmin idik ki, münasibətlər normallaşacaq. Bilirdik ki, Tramp Azərbaycanı, İlham Əliyevi tanıyır. Azərbaycanın tək indi deyil, Qoşulmama Hərəkatına sədr olduğu dövrdə də güclü oyunçu olduğunu ABŞ bilirdi. Vaşinqtonda qazandığımız uğurlar və bunun Tramp tərəfindən dəyərləndirilməsi bu gücü bir daha sübut edir”.
Ayhan
16:22 11.08.2025
Oxunuş sayı: 988