"Rusiya düzgün hesab aparmır, çünki..." - DEPUTAT

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenski ilə avqustun 10-da baş tutan telefon danışığı zamanı bir çox strateji məsələlər müzakirə olunub.
Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
Məlum olduğu kimi, Ukrayna ilə müharibə şəraitində olan Rusiya son zamanlar Azərbaycana qarşı da təzyiqləri artırıb. Ritorikasından açıq - aydın məlum olur ki, Moskva Bakı ilə Kiyev arasındakı yaxınlaşmanı qəbul etmək istəmir və bütün imkanları ilə buna mane olmağa çalışır.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Rusiya son dövrlərdə atdığı addımlarla nəinki yaxın və uzaq qonşularını, həm də dünya ölkələrini də özünə düşmən edir: "Xarici siyasətin istər qaba istərsə də, yumşaq vasitələrinin özünəməxsus formaları var. Ancaq Rusiyanın etdikləri heç bir qaydaya sığışmır. İsrarla ətrafdakı dostları özünə düşmən etməyə çalışır. Bundan başqa qeyd etmək lazımdır ki, Rusiya Azərbaycana münasibətdə 2022-ci ildə imzalanmış Moskva bəyənnaməsini də gözardı edir. Və beləliklə ortaya çox eybəcər təzahürlər çıxır. Beləliklə, Rusiya nüfuzunu və ciddi dövlət imicini itirir. Azərbaycan həmişə beynəlxalq hüquqa uyğun addımlar atıb, qərarlar qəbul edib".
Parlamentari söyləyib ki, Azərbaycan daim qonşu dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyib: "Bu dəstək daimi olacaq. Bunu anlamaq Rusiya üçün niyə bu qədər çətindir başa düşülən deyil. Eyni zamanda söhbət Rusiya-Ukrayna müharibəsinə birbaşa müdaxilədən yox, müharibənin yaratdığı humanitar böhranı aradan qaldırmaqdan gedirsə, məncə, ən qəddar imperiyalar belə bunu anlayışla qarşılamalıdır. Nəticədə bir xalqın var olma çabasından, zəruri humanitar ehtiyaclarından söhbət gedir və Azərbaycan bu addımları atır. Bu addımların topla tüfənglə qarşılanması, humanist dəyərlərin topla tüfənglə qarşılaşması deməkdir. Rusiya düşünür ki, bu cür addımlarla Azərbaycana təsir etməyi bacaracaq və Azərbaycanın yaratmış olduğu yeni reallıqdan geri çəkilməyə məcbur edəcəkdir. Mənə elə gəlir ki, Rusiya düzgün hesab aparmır. Çünki artıq yeni reallıqlar var və bunlar dəyişməyəcək. Yaxşı olar ki, Rusiyada bunu qəbul etsin”.
Ayhan
15:25 11.08.2025
Oxunuş sayı: 4495