ABŞ-də razılığa gəlindi: Sülh müqaviləsi nə zaman imzalanacaq? - "...Gözləyə bilərik"

Prezident İlham Əliyev ABŞ və Ermənistanla üçtərəfli görüş üçün avqustun 7-8- də ABŞ-də rəsmi səfərdə olub. Səfər çərçivəsində ciddi danışıqlar aparılıb və hər iki tərəfi məmnun edən razılaşmalar əldə edilib. Birinci vitse-prezident Mehriban Əliyeva öz sosial media hesabında görüşlə bağlı paylaşım edib. Paylaşımda deyilir:
“Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş Naziri tərəfindən Birgə Bəyannamə imzalanıb və sülh sazişinin paraflanması ilə yekun sülh müqaviləsi istiqamətində mühüm addım atılıb. Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm! Qoy hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!”
Birinci vitse-prezident qeyd edib ki, sülh sazişi istiqamətində mühüm addım atılıb və tərəflər sülhə heç vaxt bu qədər yaxın olmayıb. Bəs sülh müqaviləsi nə zaman imzalanacaq?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aqil Abbas Crossmedia.az-a açıqlama verib:
“Birinci vitse-prezident Mehriban Əliyeva çox dəqiq ifadə edib. Addım atılıb və Ermənistanda referendum keçirildikdən, ölkəmizə qarşı ərazi iddialarından imtina etdikdən sonra, çox güman ki, sülh müqaviləsi imzalanacaq. Müqavilə hazırdır, artıq sənədlərə də imza qoyulub. 30 il gözləmişik, 5-6 ay daha gözləyə bilərik, bu problem deyil. Hazırda ABŞ istəyir ki, Azərbaycan və Ermənistan arasında müəyyən ticarət əlaqələri qurulsun, ardınca isə sülh müqaviləsi imzalansın. Digər mühüm məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Artıq sülhün qapısı hər iki tərəfdən açılıb. İnanıram ki, yaxın gələcəkdə sülh müqaviləsi də imzalanacaq.”
Ayhan
13:29 09.08.2025
Oxunuş sayı: 5394