İlham Əliyevlə Paşinyan ABŞ-də görüşür: "Sülh sazişi..." - Elmar Məmmədyarov

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir.
Dövlət başçısını “Joint Base Andrews” hərbi hava bazasında rəsmi şəxslər qarşılayıblar.
Dövlət başçınının ABŞ-də Ermənistam baş naziri Nikol Paşinyanla görüşü gözlənilir. Həmçinin Ağ Ev rəhbəri Donald Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də gündəmdədir.
Ehtimal olunur ki, görüş nəticəyönümlü olacaq və konkrte sənədlər imzalanacaq. Bundan sonra bölgədə tamamilə yeni reallıqların yaranacağı istisna edilmir.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov gözlənilən görüşün nəticələri barədə ehtimallarını Crossmedia.az-la bölüşüb.
O, bildirib ki, ABŞ-də müəyyən sənədlər imzalana bilər: "Bu, hər şeydən əvvəl Trampa xal qazandıracaq, onun reytinqinə təsir edəcək. Sülh sazişinin imzalanacağını, düzü, düşünmürəm. Bunun üçün əvvəlcə Ermənistan Azərbaycanın haqlı, məntiqli tələbinə uyğun olaraq konstitusiyasını dəyişdirməlidir. Çünki Ermənistanda növbəti hakimiyyət keçmiş konstitusiyaya istinad edərək yenə də Azərbaycan torpaqlarına iddia edə bilər. Digər məsələ ATƏT-in Minsk Qrupu ilə bağlıdır. Məncə, tərəflər sülh sazişi imzalanandan sonra Minsk Qrupunun ləğvi üçün birlikdə müraciət edə bilərlər".
Diplomatın fikrincə, Avropa ABŞ-nin atdığı addımları dəstəkləyir: "Amma Rusiya və İranın bu məsələ ilə bağlı mövqeləri qeyri - müəyyəndir. Türkiyənin "oyundankənar" vəziyyətdə olduğunu iddia edənlər isə səhv düşünürlər. Ankara və Vaşinqton NATO müttəfiqi bir çox hallarda bir - birilərini dəstəkləyirlər. Üstəlik, Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır".
Kənan Novruzov
16:07 07.08.2025
Oxunuş sayı: 1120