Ermənistan "üç meymun" oynayır: "Mina xəritələrinin tam və real versiyasını Azərbaycana təqdim etməlidir"

Avqustun 6-da Kəlbəcərdə təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələrinin basdırdığı minaya düşüb. Bildirilib ki, 5 hərbi qulluqçunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır. Faktla bağlı cinayət işi açılıb.
Bu, ilk belə hal deyil. Azərbaycan hərbçiləri və mülki şəxsləri müntəzəm olaraq ermənilərin mina terrorunun qurbanı olurlar. Buna rəğmən, İrəvan "üç meymun" oynayır- təzminat ödəməkdən yayınır, minalı ərazilərin xəritəsini verməkdən yayınır. Sanki hər şeydən xəbərsizdir və baş verənlərə görə məsuliyyət daşıyan o deyil...
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, işğaldan azad olunmuş ərazilər hələ də tam şəkildə minalardan təmizlənməyib: “Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. İlk növbədə onu qeyd etməliyik ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqlik faizi olduqca aşağıdır. Bu xəritələr, demək olar ki, istifadəyə yararsızdır. Bu səbəbdən Azərbaycan bütün əraziləri öz gücü və resursları hesabına minalardan təmizləməyə məcbur qalır. Bu isə həm vaxt, həm də böyük maliyyə vəsaiti tələb edən çətin bir prosesdir. Artıq 5 ildir mina təmizləmə işləri davam etdirilir, amma hələ də qarşıda xeyli iş var. Ərazilərin böyük hissəsi hələ də mina təhlükəsi altındadır. Ermənistan mina xəritələrinin tam və real versiyasını Azərbaycana təqdim etməlidir. Beynəlxalq ictimaiyyət də bu məsələdə Ermənistana ciddi təzyiqlər göstərməlidir".
N.Həmzəyev xatırladıb ki, Vətən müharibəsindən sonra, xüsusilə 2021-2023-cü illər ərzində separatçılar tərəfindən minalar plansız şəkildə müxtəlif ərazilərə basdırılıb: “Onlar əraziləri tərk edərkən, məqsədli şəkildə mülki və hərbi şəxslərə zərər yetirmək üçün minalar yerləşdiriblər. Bu minaların nəticəsində bir çox vətəndaşımız həyatını itirib və ya xəsarət alıb. Hazırda bəzi separatçılar Azərbaycanda mühakimə olunur və onlardan mühüm məlumatlar əldə edilə bilər. Bəzi cinayətkarlar isə hələ də azadlıqdadır. Hesab edirəm ki, gec-tez onlar da ədalət qarşısında cavab verməli olacaqlar. Ermənistan həmin şəxsləri Azərbaycana təhvil verməlidir. Eyni zamanda, mina təhlükəsi və münaqişə nəticəsində ölkəmizə dəyən ziyanın kompensasiyası da ödənilməlidir".
Parlamentari mina təhlükəsinə qarşı ictimai maarifləndirmənin vacibliyini də vurğulayıb: “Vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərə səfər edərkən son dərəcə diqqətli olmalıdırlar. Təmizlənməmiş ərazilərə girmək olmaz. Unutmayaq ki, bu minalar insanlığa qarşı yönəlmiş cinayətlərdir və beynəlxalq hüquq normalarını pozur. Bəzi hallarda Ermənistan tərəfindən basdırılan minalar insanlara daha çox zərər yetirmək məqsədi daşıyır. Onlar bir neçə mərtəbəli, sürpriz minalar basdırıblar. Bu minalar strateji deyil, insanlar üçün həssas yerlərdə yerləşdirilib. Məqsəd açıqdır – vətəndaşlarımızın mina qurbanına çevrilməsi. Hər kəs mina təhlükəsinə qarşı son dərəcə ehtiyatlı davranmalı, təhlükəli ərazilərə daxil olmamalıdır. Yeni faciələrin yaşanmaması üçün diqqətli olmaq hamımızın borcudur".
Mehriban Yariyeva
11:49 07.08.2025
Oxunuş sayı: 965