Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində zərər görmüş şəxslər məhkəmədə ifadə veriblər







Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər,
müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və
aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə
terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu
zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako
Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində
olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 31-də
davam etdirilib.
Crossmedia.az
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,
Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova)
keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə
tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda
təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir
qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını
müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim
Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini,
dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib,
habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini
izah edib.
Zərərçəkmiş
şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı qismində çəkilişlər üçün Kəlbəcərə
ezam olunduğunu, 2021-ci il iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən
rayonun Susuzluq kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tankəleyhinə
minanın partladığını bildirib. O, hadisə nəticəsində AzTV-nin operatoru Sirac
Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm
İbrahimovun və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini
Arif Əliyevin şəhid olduğunu, özü də daxil olmaqla dörd nəfərin bədən xəsarətləri
aldığını söyləyib.
E.Məmmədov
dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə baş verən
yolun əvvəllər istifadə edilmiş yol olduğunu bildirib. “Fikrimcə, mina
diversiya nəticəsində sonradan yerləşdirilib”, - deyə o əlavə edib.
Onunla
eyni avtomobildə olmuş, hadisə nəticəsində yaralanmış zərərçəkmiş şəxs Şöhrət Cəfərov
E.Məmmədovun söylədiklərini təsdiqləyib və deyib: “Biz dörd nəfər “KamAZ”
markalı avtomobilin sərnişin bölməsində idik. Digər üç nəfər həlak oldu, mən isə
təsadüf nəticəsində, bir möcüzə sayəsində sağ qaldım”.
Baş
prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Ağarza
Əmirov 2012-ci ildə Tərtər rayonunun Çaylı kəndində hərbi xidmətdə olarkən Ermənistan
silahlı qüvvələrinin açdığı atəş nəticəsində güllə yarası aldığını bildirib.
Kamran
Namazov ifadəsində deyib ki, 2021-ci il mayın 11-də Gədəbəydə kənd təsərrüfatı
işləri ilə məşğul olarkən minaya düşüb, ayağı amputasiya edilib. O, Baş
Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir
Bayramovun suallarına cavabında hadisə zamanı Səddam Nəsibovun da xəsarət
aldığını söyləyib.
Zərərçəkmiş
şəxs Səddam Nəsibov ifadəsində K.Namazovun dediklərini təsdiqləyib.
İlqar
Həşimov ifadəsində 2020-ci il dekabrın 21-də Zəngilanda həqiqi hərbi xidmət
zamanı “Ural” markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək xəsarət
aldığını söyləyib. O, dövlət ittihamçısı Fuad Musayevin sualına cavabında hadisə
zamanı daha iki nəfərin xəsarət aldığını deyib.
Ramazan
Sindiyev hərbi xidmət zamanı 2016-cı ilin avqustun 4-dən 5-nə keçən gecə Lələtəpədə
Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib.
Əfqan
Ələkbərli ifadəsində 2023-cü il avqustun 24-də Xocalının Sığnaq kəndində kənd təsərrüfatı
işləri görərkən minaya düşərək yaralandığını deyib.
Sevda
Bəşirova ifadəsində Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 3-də Ermənistan
silahlı qüvvələrinin Beyləqan rayonunu artilleriya atəşinə tutması nəticəsində
qəlpə yaraları aldığını deyib.
Fərid
Əliyev ifadəsində 2021-ci ilin avqust ayında ANAMA əməkdaşı qismində minatəmizləmə
işləri zamanı Ağdamda mina partlayışı nəticəsində xəsarətlər aldığını söyləyib.
İfadə
verən Dəyanət Aslanov, Hacı Muradov, Toğrul Ağayev, Nahid İsfalyev, Müşfiq
İbrahimli, Elnur Yusifov, Tərlan Quliyev, Mənsur Babayev, Şirin Abbasov 2020-ci
ildə Vətən müharibəsi zamanı müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin
açdığı atəşlər nəticəsində yaralandıqlarını söyləyiblər.
İfadə
verən Rafis Məmişov və Azad Muxtarov 2021-ci il fevralın 2-də mülki şəxs
qismində Füzuli rayonunun işğaldan azad edilmiş hissəsində minaya düşərək xəsarət
aldıqlarını bildiriblər.
Zərərçəkmiş
İman Baxşəliyev 2021-ci il martın 13-də Ağdamda qoyun otararkən minaya düşərək
sağ ayağını itirdiyini söyləyib.
Zərərçəkmiş
Nurəddin Əzizli ifadəsində 2021-ci il fevralın 26-da Qubadlı rayonunda hərbçi
kimi minatəmizləmə işləri apararkən mina partlaması nəticəsində xəsarətlər
aldığını söyləyib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına
cavabında ərazidən təxliyə zamanı da mina partlayışı baş verdiyini, nəticədə xəsarət
alanların olduğunu bildirib.
İfadə
verən Rahil Dövlətov, Anar Dadaşzadə, Zabil Allahverdiyev, Tural İşiyev, Nicat
Alıyev, Səbuhi Həsənov, Elnur Abbaszadə, Elnur Həşimov, Nəsrəddin Vəlicanov, Dəmir
Şirinov və Ceyhun Əliyev Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində
müxtəlif tarixlərdə zərər çəkdiklərini deyiblər.
Zərərçəkmiş Ələkbər Musayevin hüquqi varisi – atası Əlövsət Musayev ifadəsində oğlunun Vətən müharibəsi zamanı düşmən tərəfindən açılmış atəşlər nəticəsində şəhid olduğunu, nəşinin 2021-ci il aprel ayında tapıldığını söyləyib.
Zərərçəkmiş
Asəf Məhərrəmovun hüquqi varisi – atası Bəxtiyar Məhərrəmov övladının Vətən
müharibəsində düşmən tərəfindən açılmış atəşlər nəticəsində yaralandığını, səhhətində
hələ də ciddi problem olduğunu deyib.
Siyasət
Allahverdiyev 2022-ci il dekabrın 14-də Kəlbəcərin Çıraq kəndində ekskavatorla
işləyərkən baş vermiş mina partlayışı nəticəsində xəsarətlər aldığını söyləyib.
Elmxan
Baxşalıyev 1992-ci il dekabrın 10-da Zəngilanın Qazançı kəndində əsir
götürüldüyünü bildirib. O, Ermənistanda və Azərbaycanın həmin vaxt Ermənistan
silahlı qüvvələrinin işğalı altında olan ərazilərində saxlanılıb. 1996-cı il
mayın 10-da azad olunaraq Azərbaycana qaytarılıb. Əsirlik müddətində döyülüb, dəhşətli
işgəncələrə və qeyri-insani rəftara məruz qalıb.
Dəyanət
Zahidov 2015-ci ildə Tərtər-Ağdərə istiqamətində, Elxas İsrafilov 2022-ci ildə
Laçında hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində
xəsarət aldıqlarını bildiriblər.
Çingiz
Hacıyev ifadəsində bildirib ki, 1991-ci ildə Xocalının Quşçular kəndində heyvan
otaran zaman əlisilahlı ermənilər tərəfindən hücuma məruz qalıb və yaralanıb.
Xalid
Dostalıyev ifadəsində 1995-ci il avqustun 17-də 6 nəfər hərbçi ilə birlikdə
Murovdağda azaraq Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin
işğalı altında olan ərazilərinə keçdiyini, nəticədə əsir götürüldüklərini
bildirib.
Vəlizadə
Alışanov 1992-ci il oktyabrın 21-də Sərsəng su anbarının yaxınlığında düşmən tərəfindən
pusquya salınması nəticəsində yaralandığını deyib.
Onun
qardaşı Dağıstan Alışanov da zərərçəkmişin ifadəsini təsdiqləyək hadisə zamanı
özünün də yaralandığını söyləyib.
Asif
Əhmədov ifadəsində 2020-ci il noyabrın 15-də qardaşı Yasin Əhmədovla birlikdə
minaya düşdüyünü bildirib. Nəticədə qardaşı şəhid olub, özü isə bir ayağını
itirib. Onun digər qardaşı Yusif Əhmədov isə 2023-cü ilin sentyabr ayında Azərbaycan
Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olub.
Məhəbbət
Quliyev ifadəsində 2020-ci il oktyabrın 7-də Cəbrayılda və 2023-cü ildə
antiterror əməliyyatı zamanı yaralandığını bildirib.
Elməddin
Abıyev ifadəsində bildirib ki, 2003-cü il yanvarın 8-də Ağdamda postda Ermənistan
silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb. O, daha sonra əsir
götürülərək Xankəndiyə aparılıb. Əsirlikdə bir ay saxlanılıb, fevralın 6-da
buraxılıb.
Elnur
Kərimov ifadəsində deyib ki, 1999-cu ildə Naxçıvanda hərbi xidmətdə olarkən əsir
götürülüb. Əsirlik müddətində işgəncələrə məruz qalıb.
Mülki
şəxslər - Maarif Ələskərov, Samir Əsədov, Vüsal Quliyev, Füzuli Məmmədov, Sahib
Ağayev, Duman Atayev, Samir Bayramov, Nizami İbrahimov, Alman Abbasov 2020-ci
ildə Vətən müharibəsi zamanı müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin
təxribatları nəticəsində yaralandıqlarını bildiriblər.
Ramil
Kərəmov 2020-ci il noyabrın 22-də Laçın rayonunda təcili tibbi yardım
avtomobili ilə gedərkən, Ələsgər Quliyev, Fərid Cəbrayıllı, Əli Şükürov, Mahir
Mustafayev, Samir Gözəlov 2022-ci il iyunun 17-də Cəbrayıl rayonunun Xudafərin
kəndində, Yadigar Şükürov 2022-ci il avqustun 2-də Füzuli rayonunda, Nəcməddin
Hüseynov 2022-ci il avqustun 30-da Qubadlı rayonunda, Vüqar Zülfüqarlı 2022-ci
il martın 23-də Füzulidə, Namaz Bayramov 2023-cü il oktyabrın 13-də Xocavənddə,
Şükür Tağıyev və Vasif Namazov Kəlbəcərdə mina partlaması nəticəsində
yaralandıqlarını söyləyiblər.
Məhərrəm
Quliyev ifadəsində 1992-ci il oktyabrın 2-də əsir götürüldüyünü, 1 ay 10 gündən
sonra buraxıldığını deyib. O, əsirlik müddətində dəhşətli işgəncələrə məruz
qaldığını bildirib.
Zərərçəkmişlər,
həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin
nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə
prosesi avqustun 1-də davam etdiriləcək.
Qeyd
edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin,
hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında,
eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq
hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə
yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan
Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan
Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və
dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham
edilir.
Həmin
şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan
Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David
Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik
Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset
Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə
edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə),
106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib),
110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına
zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə
qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq
humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam
öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya
ictimai xadimin həyatına sui-qəsd etmə), 278
(hakimiyyəti
zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və
qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
21:34 31.07.2025
Oxunuş sayı: 1573