Vensin Münxendəki çıxışı Aİ-nin ikili standartlarını necə üzə çıxardı? - Deputat

2025-ci il Münxen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti J.D. Vens tərəfindən irəli sürülən tənqidlər, transatlantik münasibətlərdə yeni gərginlik dalğasına səbəb olub. Onun Avropa İttifaqının söz azadlığına dair siyasətlərini “Sovet dövrü” ilə müqayisə etməsi, demokratiya və dəyərlər ətrafında ciddi debatlara yol açıb. Vensin Alternativ für Deutschland (AfD) lideri Alis Vaydel ilə görüşü və Almaniya kansleri Olaf Şoltsla görüşdən imtina etməsi, Avropa siyasi sisteminə qarşı olan narazılığı daha da dərinləşdirib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva ilk olaraq bildirib ki, ABŞ-nin vitse-prezidenti J.D. Vensinin 2025-ci il Münxen Təhlükəsizlik Konfransındakı çıxışı beynəlxalq siyasətdə və Avropa-ABŞ münasibətlərində mühüm müzakirə mövzusu olunub:
“Vensinin çıxışı Avropada demokratiya və dəyərlərə dair kilid standartlar məsələsini kəskin şəkildə gündəmə gətirmiş və transatlantik əlaqələrdə ciddi gərginlik yaradıb. Vens Avropa hökumətlərini və Aİ rəsmilərini sərbəst söz azadlığını boğmaqda və “dezinformasiya” və “misinformasiya” kimi anlayışları bəhanə edərək siyasi opponentləri susdurmaqda ittiham edib. O, bunu “Sovet dövrünə xas” təcrübələrlə müqayisə edərək Avropanın öz dəyərlərindən uzaqlaşdığını iddia edib. Vens Avropada sağçı partiyaların siyasi prosesdən kənarlaşdırıldığını, xüsusilə Almaniyada “Alternativ für Deutschland” (AfD) partiyasına qarşı qoyulan “divar”ı tənqid edib. O, bu cür təcrübələrin demokratiyanın əsas prinsipi olan xalqın səsinə hörmətsizlik olduğunu vurğulayıb. Onun AfD lideri Alis Vaydel ilə görüşməsi və Almaniya kansleri Olaf Şoltsla görüşdən imtina etməsi də bu mövqeyi gücləndirən addım kimi qiymətləndirilib. Vens Avropadakı miqrasiya siyasətlərini “nəzarətdən kənar” kimi xarakterizə etmiş və bunu Avropanın “özünü məhv etməsi” kimi təqdim edib. ABŞ Konqresinin Avropa İttifaqının (Aİ) Rəqəmsal Xidmətlər Aktına (Digital Services Act - DSA) qarşı tənqidləri və “xarici senzura” iddiaları, J.D.Vensin Münxen Təhlükəsizlik Konfransında səsləndirdiyi tənqidlərlə birbaşa əlaqəlidir və Avropa ilə ABŞ arasında transatlantik münasibətlərdəki gərginliyi daha da dərinləşdirən mühüm bir məsələdir”.
Deputatın sözlərinə görə, bu məsələ xüsusilə Aİ-nin rəqəmsal platformalarda senzura tətbiq edən qanunu qəbul etməsi iddiası ilə bağlıdır:
“ABŞ Konqresi DSA-nın senzurasının “əsasən tək tərəfli” olduğunu və siyasi konservativlərə qarşı yönəldiyini iddia edir. Aİ özünü demokratiya və söz azadlığının müdafiəçisi kimi təqdim etsə də, DSA-nın tətbiqi və bəzi Avropa ölkələrində (məsələn, Rumıniyada) seçkilərə müdaxilə kimi hallar bunun əksinin sübutudur. Əgər Azərbaycan Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktına (DSA) bənzər bir qanun qəbul etsəydi, Aİ və Qərbdə fəaliyyət göstərən beynəlxalq təşkilatların reaksiyası, böyük ehtimalla, sərt tənqidlərə və ikili standartlara əsaslanan bir yanaşma olardı. Avropanın digər ölkələrdə, xüsusilə Azərbaycanda insan hüquqları ilə bağlı məsələləri qaldırması, daima təzyiq vasitəsi kimi saxlaması, lakin öz ərazisində oxşar fəaliyyətləri DSA kimi qanunlarla məhdudlaşdırması, ikili standartların və siyasi riyakarlığın açıq nümunəsidir.
Prezident İlham Əliyev 2020-ci ildə ARD kanalına müsahibəsində bəzi Qərb təşkilatlarının Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə (məsələn, Gəncə və Bərdəyə raket hücumları) susqun qaldığını, lakin Azərbaycana qarşı qərəzli hesabatlar dərc etdiyini qeyd edib. Dövlət başçısı digər bir müsahibəsində bildirmişdi ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feik-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Bu, Avropada və Qərbdə söz azadlığı ilə bağlı narrativlərin seçmə şəkildə formalaşdırıldığını göstərir. “Human Rights Watch”, “Amnesty International” və digər təşkilatların Azərbaycana qarşı ittihamları, xüsusilə Avroviziya, İslam Həmrəyliyi Oyunları, COP29 kimi mötəbər tədbirlər ərəfəsində fəallaşması, bu fəaliyyətlərin geosiyasi maraqlara xidmət etdiyini təsdiqləyir. Ümumilikdə, ABŞ-Aİ münasibətləri iqtisadi və hərbi əməkdaşlığa baxmayaraq, ideoloji və siyasi ziddiyyətlər, xüsusilə də söz azadlığı və demokratiya kimi dəyərlərin təfsiri üzrə gərginliklərlə xarakterizə olunur”.
Nəzrin Salmanova
20:56 31.07.2025
Oxunuş sayı: 1833