Rauf Arifoğlu: "Heydər Əliyev bizi qoruyurdu"

"Heydər Əliyevlə bir neçə dəfə görüşmüşəm və iki dəfə birə-bir mükalimələrimiz də olub. Qeyd etmək istəyirəm ki, Heydər Əliyev dövründə Azərbaycan mediası quruluş və yüksəliş illərini yaşayırdı. Ümumilikdə, müxalif media və partiyaların hamısı Heydər Əliyev dövründə formalaşdı, gücləndi, təşkilata, struktura çevrildi".
Bunu Crossmedia.az-a geniş müsahibəsində Əməkdar jurnalist, “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu deyib.
O bildirib ki, bunu Heydər Əliyev özü istəyirdi, açıq cəmiyyət onun planlarına daxil idi: "Gələcəkdə lazım ola biləcək milli müqavimət mərkəzləri baxımından siyasi təşkilatlanmanı özü təşviq edirdi. Heydər Əliyev hələ o vaxt texniki cəhətdən indi-indi yaranan canlı yayım modunu ANS-ə, Space-ə vermişdi. İmkan yaradırdı ki, Azərbaycanda demokratiya və söz azadlığı inkişaf eləsin, kimlər güclüdürsə, önə çıxsın, tanınsın. Deyərdim, Heydər Əliyev bizim düşündüyümüz demokratlardan qat-qat üstün bir demokrat idi. Hətta bunu mən sonradan bilmişəm ki, Heydər Əliyev pərdəarxasından bizi qoruyurdu. Kimdən qoruyurdu? Onunla bərabər biz güc nazirlərini, nazir müavinlərini, komitə sədrlərini, icra başçılarını da tənqid edirdik. O isə onlara deyirmiş ki, “mən dözürəm, siz də dözməlisiniz, heç bir şey etməməlisiniz”. Bunu bir dəfə demişəm, yazılı da təkrar edim – Heydər Əliyevlə münasibətdə Elçibəy iqtidarı və tərəfdarları çox feci səhvə yol verdilər. Düzgün etdilər ki, onu Azərbaycanın ən kritik dövründə Bakıya dəvət etdilər. Lakin bundan sonra, hamımızın da içində olduğu Azərbaycanı xilas etməyə gələn insana qarşı düşmənçilik başladı. Sərt və düşməncə ritorika, Heydər Əliyevi Surət Hüseynovla meydanda tək buraxıb, vəzifələrdən istefa (adına “vəzifəmi dondurdum” deyirdilər), əks fəaliyyət və sair əməllər başladı".
R.Arifoğlu söyləyib ki, nəticədə Elçibəy komandasının özü hakimiyyətdən və bütün proseslərdən kənarda qaldı: "Bu yanlışın acı nəticələri bizlər üçün indiyə qədər də davam edir. İlham Əliyev isə bir qurtuluşçu liderdir. Onun müasiri olmaq, onunla bir dövrdə yaşamaq özü Allahın lütfüdür. Elə bu məqamda bir zamanlar yazdığım bir yazıdan – özümdən iqtibas gətirim: “İlham Əliyev son 200 ildə Azərbaycanın başına gəlmiş ən yaxşı hadisədir. İlham Əliyev əgər Azərbaycanın başına gəlməsəydi, başımıza çox pis şeylər gələcəkdi. Ən pisi də budur ki, biz Qarabağı qaytara bilməyəcəkdik…”
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/index.php/az/article/38571
Elmir Heydərli
12:13 30.07.2025
Oxunuş sayı: 1279