Prezidentin mükafatlandırdığı jurnalistlər: Bu bizim üçün fəxrdir

Milli Mətbuatımızın 150 yaşında müasir cəmiyyətin informasiya yükünü daşıyan, gündəmin ritmini müəyyən edən və ictimai şüurun formalaşmasında mühüm rol oynayan media nümayəndələrinin təltif olunması əhəmiyyətli bir hadisədir. Bu mükafatlar təkcə fərdi fəaliyyətin deyil, bütöv bir peşəkar sahənin — jurnalistikanın dəyərini ortaya qoyur. Jurnalistika yalnız informasiya çatdırmaq deyil, həm də vətəndaş cəmiyyətini formalaşdırmaq, milli-mənəvi dəyərləri qorumaq və ictimai məsuliyyət daşımaq deməkdir. Media nümayəndələrinin təltif olunması bu missiyanın cəmiyyət tərəfindən tanınmasının və dəyərləndirilməsinin göstəricisidir.
Prezidentimizin verdiyi bu təltiflər, təkcə peşəkar uğurlara deyil, eyni zamanda dürüstlüyə, obyektivliyə və ictimai faydaya verilən dəyərin simvoludur. Bu gün media sahəsində çalışan bütün əməkdaşlar bu etimadın bir hissəsi olaraq cəmiyyətin güvənini daha da möhkəmləndirmək öhdəliyini hiss edirlər.
“Media nümayəndələrinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda adı olan bir neçə media nümayəndələri Crossmedia.az-la təəsüratlarını bölüşüb.
“Tərəqqi” medalı ilə təltif olunan BDU Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova bildirib ki, “Media nümayəndələrinin
təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"nda adının olması onu həm qürurlandırıb, həm sevindirib:
“Bu sərəncamda 3 nəslin nümayəndəsi var, jurnalist kimi ilk addımlarımı atanda baxıb öyrəndiklərim, birlikdə öyrəndiklərim, yəni reportyor kimi bərabər döyüşdüyüm və öyrətdiklərim, tələbələrim. İnanın ki, bu, mənim üçün böyük fəxrdir. Bir sözlə, mətbuatın 150-ci ildönümündə "Azərbaycanda milli mətbuatın inkişafında xidmətlərinə görə" təltif edilmək şərəfdir mənim üçün!!! 10 il əvvəl bu gün "Prezidentin Fəxri Diplomu" ilə təltif edilmişəm. Bu gün isə “Tərəqqi” medalım da var. Təşəkkür, Cənab Prezidentə təşəkkür eləyirəm ki, bu siyahıda məni də gördü!!!”
“Tərəqqi” medalı ilə təltif olunan BDU Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya kafedrasının müəllimi, dosent Zaur Babayev isə bildirir ki, hər bir zəhmət qiymətləndirilməlidir:
“Əgər qiymət verən varsa, sən doğrudan da çalışırsan ki, daha da yaxşı, daha da ruh yüksəkliyi ilə işləyəsən. Həvəslə görülən iş həmişə keyfiyyətli olur. Təbii ki, ilk növbədə mən bütün həmkarlarımı bu mükafatlardan təbrik edirəm. Mən də bütün təbriklərə qoşuluram. İnsan elə bir vaxta çatır ki, doğrudan da motivasiya almaq üçün bir söz, bir jest gözləyir. Söz — insanı hərəkətə gətirən qüvvədir, ruhlandırır, yaşamağa həvəsi artırır. Bu baxımdan medal almağım mənim üçün çox xoş oldu. İlk növbədə cənab Prezidentimizə təşəkkür edirəm. Ardınca kollektivimizə təşəkkürümü bildirirəm. Bizim jurnalistika fakültəsi doğrudan da unikal bir fakültədir. Həmişə təmizliyi, paklığı ilə seçilir. Əgər bu təmizliyin içində sənə kollektiv və rəhbərlik tərəfindən qiymət verilirsə, mənə elə gəlir ki, bu — insanın yaşadığı ən böyük xoşbəxtlikdir.
Tələbələrimə də xüsusi təşəkkür edirəm. Fakültəmizdə müəllimlərlə tələbələr arasında çox isti münasibət var. Tələbə birinci kursdan fakültəyə daxil olan gündən biz onu artıq həmkar kimi qəbul edirik. Biz deyirik ki, 40-cı kursun tələbəsiyik. Mən artıq 40 ildən çoxdur ki, fakültədə çalışıram və tələbələrlə bir yerdə öyrənir, inkişaf edirəm. Jurnalistika elə bir sahədir ki, dəqiq elmlərdən fərqli olaraq hər gün yenilənir, hər gün inkişaf edir. Çünki bu sahə sosial mühitə bağlıdır — burada baş verən hadisələr daim dəyişir və biz həmin dəyişiklikləri müşahidə edərək nəticə çıxarırıq. Hər il, hər gün yeni bir yanaşma, yeni bir çağırış doğurur. Bizim iş prosesimiz də məhz bu dinamikaya uyğun olaraq fərqlidir. Hadisələr müxtəlif istiqamətlərdə dəyişdikcə, biz də onlarla birgə dəyişmək, uyğunlaşmaq məcburiyyətindəyik. Bu dəyişikliklər bizi öyrənməyə, öz üzərimizdə işləməyə vadar edir. Bu yolda mənimlə olan bütün kollektiv üzvlərinə dərin təşəkkürümü bildirirəm. Eləcə də, bu əmək və fədakarlığa dəyər verən cənab Prezidentimizə minnətdarlığımı ifadə edirəm”.
Fəxri diploma layiq görülən “Teleqraf” İnformasiya Agentliyinin direktoru İmdad Əlizadə isə qeyd edib ki, təltif olunmaq, mükafata layiq görülmək çox gözəl bir hissdir:
“Bu, ilk növbədə insanın əməyinin qiymətləndirilməsidir, eyni zamanda gələcək uğurlu fəaliyyət üçün böyük bir stimul və təkandır. Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülməyim münasibətilə cənab Prezident İlham Əliyevə ürəkdən təşəkkür edirəm. Bu bayram sözün əsl mənasında mənim üçün ikiqat bayrama çevrilib. Belə yüksək səviyyədə mükafata layiq görülmək mənim üçün böyük bir şərəfdir. Azərbaycan mətbuatının 150 illik yubileyi ilə əlaqədar təltif olunan media nümayəndələri arasında mənim adım var. Sərəncam elan olunandan sonra — dünəndən bu günə qədər — çox sevincliyəm. Dostlar, tanışlar, qohumlar zəng edirlər, mesaj yazırlar, məni təbrik edirlər. Elə insanlar var ki, illərdir onları görməmişəm, uzun müddətdir aramızda heç bir ünsiyyət olmayıb. Onlar mətbuatdan və sosial şəbəkələrdən xəbər tutub mənimlə əlaqə saxlayırlar, səsini eşidirəm, təbriklərini alıram. Hətta elə adamlar var idi ki, telefonun yoxdur, buna görə də telefon nömrəsini müxtəlif yerlərdən tapıb əlaqə qurub təbrik edirlər. Bu gözəl sevinci mənə yaşatdığı üçün qalib Ali Baş Komandana — Prezident cənab İlham Əliyevə təşəkkürümü bildirirəm. Eyni zamanda onun Azərbaycan mətbuatı ilə bağlı media siyasətini də çox yüksək qiymətləndirirəm. Son illərdə media sahəsində imzalanan sərəncamlar, fərmanlar və atılan addımlar bunun açıq göstəricisidir. Biz Bakıda jurnalistlərə ödənişsiz mənzil verilməsini görmüşük. Hər yubiley ilində jurnalistlər təltif olunur. Dövlət mütəmadi olaraq mətbuatın maddi vəziyyətinin yaxşılaşdırılmasına da dəstək verir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda uğurlu və davamlı media siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin media və onun nümayəndələrinə olan münasibəti müsbətdir. Bu şəraitdə Azərbaycan mətbuatı fəaliyyətdədir. Jurnalistlərə qarşı dövlət qurumları tərəfindən hər hansı bir təzyiq yoxdur və bu, birbaşa Prezidentin bu sahədə tutduğu mövqe ilə bağlıdır”.
“Tərəqqi” medalı ilə mükafatlandırılan Yurd.Media saytının təsisçisi və baş redaktoru Murad Əliyev vurğulayıb ki, Tərəqqi medalı ilə təltif olunmağı onun üçün böyük qürur hissi doğurub:
“Bu mükafat yalnız 20 illik mətbuat sahəsindəki fəaliyyətimə verilən qiymət idi, həm də bundan sonrakı dövrdə mənə ruhlandırıcı bir stimul oldu. Bilirsiniz ki, “Yurd Media” Azərbaycanın bölgələri ilə bağlı xəbərlərin yayımlanmasına yönəlmiş bir platformadır. Bu mükafat bölgələrin tərəqqisinə xidmət edən jurnalist fəaliyyətimin daha da güclənməsi üçün bir təşviqdir. Cənab Prezidentin mətbuata verdiyi daimi dəstək göz önündədir. Təsadüfi deyil ki, cənab Prezident , “medianın dostu” adlandırılır. Prezident hər zaman seçilən jurnalistlərin əməyini dövlət mükafatları ilə dəyərləndirib. Bu gün biz qalib Azərbaycanın, ərazi bütövlüyünü təmin etmiş, suveren bir dövlətin informasiya cəbhəsində dayanan media nümayəndələriyik. Bu qürur hissi ilə yanaşı, üzərimizdə böyük bir məsuliyyət də daşıyırıq — cənab Prezidentin həyata keçirdiyi məqsəd və niyyətləri mətbu orqanlarımızda layiqincə işıqlandıra bilək”.
Nəzrin Salmanova
21:38 22.07.2025
Oxunuş sayı: 1578