Slovakiya veto qoydu - Avropa Rusiyaya sanksiya tətbiq edə bilmədi

Son illərdə Avropa İttifaqının Rusiya siyasətinə qarşı sərgilədiyi sərt mövqe bəzi üzv dövlətlər tərəfindən tam dəstəklənmir.
Bu kontekstdə Slovakiyanın tutduğu mövqe xüsusilə diqqət çəkir. Rusiya-Ukrayna müharibəsi fonunda Brüsselin tətbiq etdiyi sanksiyalar siyasətinə açıq şəkildə qarşı çıxan Bratislava, özünün enerji təhlükəsizliyi və iqtisadi maraqlarını ön planda tutmağa çalışır. Slovakiyanın bu davranışı, təkcə geosiyasi seçim deyil, həm də enerji mənbələri uğrunda davam edən mübarizənin bir parçası kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:
“Slovakiya artıq xeyli vaxtdır, xüsusən də Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın əsas siyasətinin əleyhinə getməkdədir. Burda Slovakiya baş naziri Robert Fitsonun apardığı siyasətin bütün motivləri barədə dəqiq fikir söyləmək çətindir. Çünki ən zəif ehtimallardan biri Slovakiyanın indiki liderinin müəyyən gizli kanallarla Rusiya bağlılığından ibarətdir.
Ancaq bu ən zəif ehtimaldır. Slovakiyanın Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı sanksiyaların kəskinləşdirilməsinin əleyhinə olması xeyli dərəcədə bu dövlətin öz maraqları ilə bağlıdır. Bəllidir ki, Avropanın bütün iri dövlətləri, Fransa, Almaniya, Belçika, Hollandiya Rusiyanın qazından imtina etməsinə baxmayaraq, Slovakiya, Macarıstan, Avstriya hələ də Rusiya qazından asılıdır. Belə vəziyyətdə Slovakiyanın baş naziri ölkəsinin qaz təminatı üçün əlavə mənbələr axtarışındadır”.
Politoloq həmçinin bildirib:
“Hətta Fitso Bakıya da gəlmişdi ki, Azərbaycan qazının Ukrayna üzərindən Slovakiyaya nəqli ilə bağlı razılıq əldə etsin. İndiki şəraitdə isə Slovakiyanın Rusiyaya qarşı olan sanksiyalar paketinə qarşı çıxması onun məhz Ukraynanın enerji təchizatından yeni enerji mənbələri almaq istəyi ilə bağlıdır. Müəyyən qədər Fitsonu başa düşmək olar.
Çünki Slovakiya Rusiya qazından imtina etsə onun enerji ilə təminatında ciddi problemlər yaranar. Və Slovakiya lideri qorxur ki, Ukrayna məsələsində Rusiya ilə üz-üzə dayansa Rusiyanın qaz təchizatını kəsməsinə gətirib çıxara bilər. Lakin bütün bunlara baxmayaraq düşünürəm ki, nəyin bahasına olursa olsun, Slovakiya və Macarıstan AB ilə razılaşmaya məcbur ediləcək. Amma bütün hallarda Slovakiyanın da qaz təminatı üçün Avropa alternativ planlar irəli sürəcək”.
Ayhan
12:35 16.07.2025
Oxunuş sayı: 1154