AMB: Milli Mətbuatın 150 illiyi münasibəti ilə yubiley pul nişanının buraxılması nəzərdə tutulmur

Azərbaycan Mərkəzi Bankı (AMB) Milli Mətbuatın 150 illiyi münasibəti ilə yubiley pul nişanının buraxılmasını planlaşdırmır.
Crossmedia.az quruma istinadən xəbər verir.
AMB xatırladıb ki, Milli Mətbuatın 135 illiyi ilə bağlı 2010-cu ildə tədavülə buraxılmış gümüş yubiley pul nişanları hazırda satışdadır. Onları əldə etmək üçün AMB-nin Elektron Xidmətlər portalındakı “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi” vasitəsilə, eləcə də birbaşa qurumun kassalarına müracət etmək olar.
AMB-nin satdığı xatirə və yubiley pul nişanları ilə bağlı ətraflı məlumat əldə etmək üçün aşağıdalı linklərə keçid etmək lazımdır.
Xatırladaq ki, Milli Mətbuatın 135 illiyi (1875 – 2010-cu illər) ilə bağlı yubiley pul nişanlarını Avstriyanın “Austrian Mint” şirkəti istehsal edib. Nişanların üz tərəfində Azərbaycan dilində ilk milli qəzet-"Əkinçi"nin baş redaktoru tanınmış ziyalı, görkəmli alim və publisist Həsən bəy Zərdabinin portreti, arxa tərəfində isə Azərbaycanın xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilib.
Portretin ətrafında görkəmli publisistin adı və həyat dövrü, xəritənin ətrafında “2010”-cu il, “Azərbaycan Respublikası” sözləri və yubiley pul nişanının nominalı göstərilib.
Yubiley pul nişanı Azərbaycanda nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
11:15 14.07.2025
Oxunuş sayı: 612