“Onlar Paşınyanı devirmək, sülh prosesini məhv etmək istəyirlər” - Deputat

Ermənistanda revanşist dairələrin siyasi fəallaşması son günlər daha da diqqətçəkici hal alıb.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan parlamentin sədri Alen Simonyana qarşı məhkəmə iddiası qaldırmaqla yenidən ictimaiyyətin diqqət mərkəzinə düşüb. Koçaryan Simonyanın sosial şəbəkələrdə səsləndirdiyi təhqiramiz ifadələrə görə üzr istəməsini və təkzib yaymasını tələb edir.
Bu iddia, həmçinin onun Baş nazir Nikol Paşinyana qarşı da kompensasiya tələbi ilə etdiyi çıxışlarla birlikdə, Ermənistanda revanşist siyasi qüvvələrin mövcud hakimiyyətə qarşı təzyiqlərini artırmaq cəhdlərinin bir nümunəsi kimi qiymətləndirilir.
Bu cür proseslər Ermənistan daxilindəki gərgin siyasi mühiti daha da qızışdırmaqla yanaşı, regionda sülh və sabitliyə yönəlik səylərə də mənfi təsir göstərə bilər. Bəs bu proseslərin kökündə nə dayanır? Pərdə arxasında hansı oyunlar gedir?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-a açıqlama verib:
“Ümumiyyətlə gələn il Ermənistanda parlamanet seçkiləri gözlənilir. Bu mənada siyasət meydanında rəqabət artır. Eyni zamanda Azərbaycanla sülh müqaviləsi yaxınlaşdıqca revanşist qüvvələr, radikallar öz cəhdlərini artırırlar. Müəyyən mənada da Ermənistan baş naziri Nikol Paşinyana təhlükə yaratmaq istəyirlər. Bu tendesniyaların tərkib hissəsi olaraq görürük ki, Koçaryanda aktivləşib, müəyyən xarici qüvvələrlə də əlaqələri gücləndirir. Bütün bu proseslərin ardında sülh prosesinə mane olmaq və Paşinyanı devirmək cəhdləri durur. Mən inanıram ki, Ermənistan cəmiyyəti belə radikal qüvvələrə səs verməyəcək və bunlar marginallaşmış qüvvə kimi qalacaqlar”.
Ayhan
12:59 11.07.2025
Oxunuş sayı: 1197