"Əliyev və Paşinyan arasında gözlənilən görüşün konkret hansı nəticələrə gətirib çıxaracağını söyləmək çətindir" - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında "Əbu-Dabidə" keçirilməsi planlaşdırılan görüşün rəsmi şəkildə təsdiqlənməsi bölgədə böyük maraq doğurub. Strateji cəhətdən önəmli hesab olunan bu görüş, tərəflər arasında gərginlik fonunda davam edən diplomatik təmasların növbəti mərhələsi kimi qiymətləndirilir. Seçilən məkanın neytral olması və prosesin diplomatik müstəvidə davam etməsi isə Azərbaycanın sülhə sadiq mövqeyinin göstəricisi kimi dəyərləndirilir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Crossmedia.az-a açıqlamasında qeyd edib: "Bu görüş ikitərəfli təmasların davam etdirilməsi baxımından Azərbaycanın mövqeyini bir daha nümayiş etdirir. Bəlli olduğu kimi, görüş üçün seçilən məkanın neytral xarakter daşıması da ölkəmizin indiyədək izlədiyi strateji xəttə tam uyğun gələn bir yanaşmadır".
Deputat qeyd edib: "Görüşün konkret hansı nəticələrə gətirib çıxaracağını söyləmək çətindir və bu barədə ehtimallar irəli sürülməsi də məqsədəuyğun hesab edilməməlidir. Çünki Azərbaycan tərəfindən irəli sürülən şərtlər, eləcə də bu şərtlər çərçivəsində Ermənistan hakimiyyətinin atmalı olduğu addımların miqyası artıq bəllidir".
"Son dövrlərdə Ermənistan tərəfindən bir sıra konstruktiv açıqlamalar verilir və bu prosesə mane olan faktorların aradan qaldırılması istiqamətində müəyyən addımlar atılır. Lakin bu prosesin nə dərəcədə davamlı olacağını zaman göstərəcək" - deyə Elçin Mirzəbəyli sonda vurğulayıb.
Bənövşə Zahidli
15:58 09.07.2025
Oxunuş sayı: 473