"Paşinyan başa düşür ki, vəziyyət ölkəsinin və özünün əleyhinədir" - Deputat

Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə deyib ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var.
"Ermənistan xalq səsverməsi ilə təsdiqlənmiş yeni konstitusiyaya ehtiyac duyur. Xalqın doğma hesab edəcəyi konstitusiyaya ehtiyac var", - o bildirib.
Baş nazirin sözlərinə görə, yeni konstitusiya ölkənin bu gün mövcud olduğu reallığı əks etdirən konkret məqsədə malik olmalıdır.
Məlum olduğu kimi, Ermənistanın konstitusiyasını dəyişməsi Azərbaycanın sülh sazişi üçün əsas şərtlərindəndir. Çünki bu sənəddə Azərbaycan ərazilərinə qarşı konkret ərazi iddiaları var. Belə olan halda sülh sazişinin imzalanması mümkün deyil.
Sual yaranır: Paşinyan artıq Azərbaycanın şərtlərini qəbul edib və xalqı konstitusiya dəyişikliyinə hazırlaşır?
Milli Məclisin deputatı Jalə Əliyeva bu barədə Crossmedia.az-a açıqlamasında deyib ki, Ermənistan çıxılmaz vəziyyətdən qurtulmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməyə çalışır: "Ermənistanın baş naziri Nikol Paşinyan ötən günlərdə ölkədə yeni Konstitusiyanın qəbulunun vacib olduğunu bəyan edib. Dalana dirənən, ənənəvi havadarlarından və müttəfiqlərindən istədiyi dəstəyi ala bilməyən Ermənistançıxış yolunu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqda, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsi şərtlərinə razılaşmaqda görür. Paşinyan anlayır ki, mövcud vəziyyət ilk növbədə onun özünə, ölkəsinə və xalqına qarşı çevrilir".
Deputat Azərbaycanın bölgədə nüfuzlu və qələbə qazanan dövlət olaraq regional layihələrdə əsas rol oynadığını vurğulayıb: "Azərbaycan bu gün bölgənin qalib və güclü ölkəsidir. Qalib bir dövlət kimi bölgədə böyük nüfuza malikdir. Eyni zamanda Azərbaycan regionda və dünyada həyata keçirilən layihələrdə söz sahibidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bölgədə Azərbaycanın iştirakı və razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz. Azərbaycanın itirəcəyi bir şey yoxdur — itirən Ermənistandır. Bugünkü reallıqda dalana dirənən, iqtisadiyyatı çökmüş, əhalisi rəhbərliyə qarşı çevrilmiş, müharibədə məğlub olmuş ölkə Ermənistandır. Belə bir şəraitdə Ermənistanın yaşaması, inkişafı və sabitliyi düzgün atılan addımlardan və veriləcək rasional qərarlardan asılıdır. Bu qərarlardan biri də Konstitusiyanın dəyişdirilməsinə razılıq verməkdir. Çünki mövcud Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və təhdidlər mövcuddur. Bu müddəalarla Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalaya bilməz".
J.Əliyeva yekunda Zəngəzur dəhlizi ilə bağlı diplomatik uğurdan bəhs edib: "Gündəlikdə olan əsas məsələlərdən biri də Zəngəzur dəhlizidir. Bu dəhliz yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə və qonşu ölkələr üçün iqtisadi inkişaf və siyasi sabitlik vəd edir. Paşinyanın son açıqlamaları və Türkiyəyə etdiyi səfər göstərir ki, sülh müqaviləsinin imzalanması üçün masa arxasına oturulacaq gün uzaqda deyil. Bu isə növbəti dəfə Azərbaycanın diplomatik və siyasi uğuru olacaq. Hər bir uğurun arxasında isə Prezident İlham Əliyevin dəmir iradəsi, dəmir imzası və dəmir möhürü dayanır".
Fatimə Nəbiyeva
11:55 08.07.2025
Oxunuş sayı: 5545