Ərdoğan Rusiya-Azərbaycan gərginliyinə münasibət bildirdi: Təmkinli olmaq lazımdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə baş verən geosiyasi və iqtisadi proseslərlə bağlı mühüm açıqlamalar verib. O, xüsusilə Zəngəzur dəhlizi, Azərbaycan-Ermənistan münasibətləri, Rusiya ilə gərginlik və Suriya məsələləri ətrafında mövqeyini ortaya qoyub.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib. Ərdoğanın sözlərinə görə, Ermənistan əvvəlki dövrlərdə Zəngəzur dəhlizi layihəsinə qarşı çıxsa da, hazırda iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik mövqe tutur. Türkiyə lideri bu dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar açan bir layihə kimi qiymətləndirib: “Zəngəzur dəhlizi bizim üçün bir geoiqtisadi inqilabdır. Bu layihə bölgədə əməkdaşlığın və rifahın əsasını təşkil edə bilər”.
Azərbaycan və Rusiya arasında son vaxtlar müşahidə edilən diplomatik gərginliklə bağlı da açıqlama verən Ərdoğan bildirib ki, Türkiyə hər iki ölkə ilə dərin strateji və diplomatik münasibətlərə malikdir və bu səbəbdən prosesi yaxından izləyir: “Biz tərəfləri təmkinli olmağa çağırırıq. Hədəfimiz bölgədə sabitliyin və əməkdaşlığın qorunmasıdır”.
Türkiyə Prezidenti həmçinin Ermənistan və Azərbaycanın imzalayacağı sülh sazişinin Cənubi Qafqazın gələcəyinə mühüm təsir göstərəcəyini qeyd edib: “Əldə olunacaq barışıq regionun ab-havasını dəyişəcək. Bir-birinin ardınca tarixi fürsət pəncərələrinin açıldığını görəcəyik”.
Suriya ilə bağlı iqtisadi və strateji təşəbbüslərə də toxunan Ərdoğan, ölkənin şimalında azad ticarət zonalarının, logistik mərkəzlərin və sərhəd bazarlarının qurulmasının mümkünlüyünü bildirib. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı müzakirələri də xatırladıb: “Qardaşım İlham Əliyev mənə bildirdi ki, Azərbaycan Suriyaya təbii qaz dəstəyi verməyə tam hazırdır”.
Ərdoğan, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin sadəcə dostluq deyil, dərin qardaşlıq üzərində qurulduğunu da vurğulayıb: “Bizi Azərbaycanla yalnız dostluq yox, həm də qardaşlıq bağlayır. ‘İki dövlət – bir xalq’ ifadəsi təsadüfi deyil. Biz bunu tarix boyu dəfələrlə sübut etmişik. Ona görə də regionda baş verənləri kənardan izləyə bilmərik”.
14:25 05.07.2025
Oxunuş sayı: 1090