"Bu tədbirin Qarabağda keçirilməsi bir daha sübut edir ki, Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır" - Deputat

Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi və regiondakı proseslərə aktiv şəkildə yön verməsi ölkəmizin çoxşaxəli diplomatiyasının nəticəsidir. Ənənəvi tərəfdaşlıq çərçivəsindən çıxaraq qlobal çağırışlara cavab verməyə çalışan Azərbaycan, beynəlxalq tədbirlərə ev sahibliyi etməklə həm öz siyasi iradəsini nümayiş etdirir, həm də regional inkişaf və təhlükəsizlik baxımından önəmli təşəbbüslərlə çıxış edir. Bu kimi tədbirlər, eyni zamanda ölkənin strateji məqsədlərinə xidmət etməklə yanaşı, azad edilmiş ərazilərin bərpa prosesi üçün də beynəlxalq diqqət mərkəzi rolunu oynayır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fariz Rzayev Crossmedia.az-a açıqlama verib:
"İlk olaraq qeyd etməliyik ki, bu çox mühüm və beynəlxalq əhəmiyyətli tədbirdir və Azərbaycanın xarici siyasəti üçün böyük önəm daşıyır. Azərbaycan çoxtərəfli diplomatiyadan öz xarici siyasətinin prioritet mesajlarının təbliği üçün çox fəal şəkildə istifadə edir. Bu təşkilat isə regionumuzu və regionda yerləşən böyük gücləri birləşdirən əsas və nüfuzlu qurumlardan biridir. Burada təkcə iqlim məsələləri deyil, eyni zamanda iqtisadi əlaqələr, tranzit koridorları və digər vacib inteqrasiya məsələləri də müzakirə olunacaq. Digər tərəfdən, bu tədbir Qarabağın bərpası baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, tədbir çərçivəsində Qarabağda aparılan quruculuq işləri dünya ictimaiyyətinə təqdim edilir, işğal dövründə törədilən dağıntılar beynəlxalq auditoriyaya çatdırılır və eyni zamanda “ağıllı kənd” layihələrinin inkişafı nümayiş olunur. Bu tədbirin Qarabağda keçirilməsi bir daha sübut edir ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir".
Ayhan
17:35 03.07.2025
Oxunuş sayı: 772