Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumu yekunlaşıb

Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumu iyulun 1-də öz işini başa çatdırıb.
Crossmedia.az xəbər verir ki, bağlanış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, forumun zəngin proqramı, canlı fikir mübadiləsi və gün ərzində aparılan məqsədyönlü müzakirələr böyük iş görüldüyünü söyləməyə əsas verir.
Forum çərçivəsində iki ölkənin parlamentləri arasında 2025-2026-cı illər üçün ikitərəfli və çoxşaxəli əməkdaşlığı əhatə edən yeni “Yol xəritəsi” imzalandığını xatırladan spiker Sahibə Qafarova qeyd edib ki, forumun mühüm nəticələrindən biri də iki ölkənin parlamenti arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın Nizamnaməsinin imzalanması oldu.
O, qeyd edib ki, bu forumla gələcək hərtərəfli, möhkəm və dərinləşmiş əməkdaşlığın təməli qoyulur və parlamentlərarası forum parlamentlərarası dialoqun mühüm platforması və səmərəli
mexanizmi olacaq.
Bağlanış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva forumun əhəmiyyətindən danışaraq, tədbirdə müzakirə edilmiş məsələlərin vacibliyini qeyd edib. O, forumda aparılmış konstruktiv fikir mübadiləsinin iki ölkə və
xalqlar arasında münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.
Tənzilə Narbayeva diqqətə çatdırıb ki, Özbəkistan-Azərbaycan parlamentlərarası Forumu parlament əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qədəm qoyduğunun təcəssümüdür.
Tədbirin sonunda Xivə Bəyannaməsi qəbul edilib.
20:12 01.07.2025
Oxunuş sayı: 867