Rusiya agentləri Azərbaycanda başqa qurumlarda da var - ŞOK

“Sputnik Azərbaycan” informasiya agentliyinin Bakıdakı ofisində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat cəmiyyətdə ciddi rezonans doğurub. İki nəfərin saxlanılması ilə nəticələnən bu proses, ölkəmizdə milli təhlükəsizlik və informasiya suverenliyi məsələlərinin nə dərəcədə həssas və vacib olduğunu bir daha gündəmə gətirib. Xüsusilə də bu hadisə Rusiya ilə informasiya əlaqələrinin təhlili baxımından əhəmiyyət kəsb edir. Çünki son illərdə Rusiyanın informasiya məkanında Azərbaycana qarşı apardığı məqsədli təbliğat, dezinformasiya və ictimai rəyə təsir cəhdləri ölkəmizin daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirilə bilər.
“Sputnik Azərbaycan”ın fəaliyyəti isə bir çox hallarda bu informasiya strategiyasının tərkib hissəsi kimi çıxış edib. Azərbaycanın bu cür təsirlərə qarşı hüquqi və operativ reaksiya verməsi dövlət maraqlarının və informasiya müstəqilliyinin qorunması baxımından tamamilə zəruri addımdır.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət Crossmedia.az-a açıqlama verib:
“Federal Təhlükəsizlik Xidməti-nin agentləri Azərbaycanda başqa qurumlarda da az deyil. Özəlliklə sosial media üzərindən Azərbaycan ictimai rəyinə təsir etmək üçün çalışanlar bu və ya digər şəkildə gözə dəyirlər. Düşünürəm ki, Azərbaycan DTX-i bu şəxslərə də diqqət ayırmalıdır. Bu şəxslər həm Azərbaycan həm Rusiya vətəndaşı ola bilər. Həmçinin dəxli olmayan məsələlərlə gündəmi zəbt eliyən şəxslər də ola bilər. O baxımdan düşünrəm ki, DTX yetərincə geniş araşdırma aparmalıdır. Ümumiyyətlə Azərbaycanın milli maraqlarına uyğun məsələlər müzakirə edilərkən özəlliklə Azərbaycanın üzərinə xarici qüvvələr gələndə bu cür adamlar sezdirmədən cəmiyyətdə ictimai rəyi dəyişdirməyə çalışırlar. Düşünürəm ki, iki nəfərin həbsi ilə məsələ bitməyəcək, lazımdır ki, bununla bağlı daha geniş miqyaslı işlər aparılsın”.
Ayhan
19:02 30.06.2025
Oxunuş sayı: 973