"Ermənistan minalı ərazilərin xəritəsini siyasi məqsədlərlə bağlı olaraq Azərbaycana vermir" - RƏY

Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonunun Papravənd kəndində növbəti mina partlayışı baş verib. Partlayış nəticəsində Ağdam rayon polis şöbəsinin əməkdaşı, xidmət başında olan polis nəfəri xəsarət alıb. Bu hadisə bir daha göstərir ki, Ermənistanın bölgədə illərlə davam etdirdiyi mina terroru bu gün də insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. Azərbaycan torpaqları 30 ildən artıq bir müddətdə Ermənistanın işğalı altında qaldığı dövrdə məqsədyönlü şəkildə minalanıb. 2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız azad edilsə də, Ermənistan tərəfindən basdırılmış yüz minlərlə mina həmin ərazilərdə həyatın tam bərpasını əngəlləyir. Ermənistan isə beynəlxalq hüququn tələblərinə zidd olaraq mina xəritələrinin əksəriyyətini ya təqdim etmir, ya da təqdim etdiyi xəritələr qeyri-dəqiq və istifadəyə yararsız olur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov Crossmedia.az-a açıqlama verib:
“44 günlük vətən müharibəsindən sonra çox maraqlı bir vəziyyət yaranıb. Bəzi proseslərə nəzər saldıqda görürük ki, Ermənistanın 30 il ərzində Azərbaycana verdiyi bəlalar arasında minalar da var. Çünki 30 il ərzində Azərbaycan silahlı qüvvələri ilə Ermənistan silahlı qüvvələrinin yerləşdiyi ərazilər minalarla əhatələnmişdi. Bundan sonrakı proseslərə də nəzər saldıqda görürük ki, çox böyük ərazilərdə Ermənistan tərəfi minaların basdırılmasına nail olub. 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfi onlar üçün yaradılan humanitar imkanlardan başqa məqsədlərlə istifadə etdi. Hətta bir sıra rayonlarda müxtəlif diversiya qrupları tərəfindən çoxsaylı minalar basdırmışdı. Basdırılan minaların istehsal tarixinə baxdıqda görürük ki, 2021-2022-ci illərə aiddir. Bütövlükdə o da məlumdur ki, Ermənistan işğal altında olan torpaqlarda bir milyon mina yerləşdirib. Bu gün minaların xəritələrini Ermənistan tərəfi müxtəlif məqsədlərlə vermir. Bu, əsasən siyasi mahiyyət daşıyır. Tofoqrafik materialları təzyiq məqsədilə özlərində saxlayırlar. Digər bir tərəfdən minaların aşkarlanmasının gecikdirilməsi, orada bərpa və qurucluq işlərinin bitirilməsinə mane olmaq, məskunlaşmağı pozmaq üçündür".
Siyasətçinin sözlərinə görə, rəsmi İrəvan bu yolla prosesi maksimum ləngitməyə çalışır: "Bununla Ermənistan müharibədən sonra da öz əməllərindən əl çəkmədiyini göstərir. Ermənistanın bu addımı beynəlxalq hüququn təməl prinsiplərinə ziddir. Bu, insanlıq əleyhinə olan bəşəri cinayət hesab olunur. Zaman-zaman Azərbaycana məxsus müxtəlif nəqliyyat vasitələri və vətəndaşlar mina terroru qurbanı olub. Əgər Ermənistan özünü sülh göyərçini kimi təqdim edirsə ilk növbədə mina terroruna son verməli və mina xəritələrini Azərbaycana təqdim etməlidir”.
Ayhan
17:27 30.06.2025
Oxunuş sayı: 749