Komitə sədri “Müdafiə haqqında” qanuna dəyişiklikləri açıqlayıb

“Müdafiə haqqında” qanuna dəyişiklik ərazi müdafiəsinin Silahlı Qüvvələrin dövlət və yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirməsini nəzərdə tutur.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatının təhlili dövlətin ərazi müdafiəsinin təmin edilməsini nəzərdə tutan qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə zərurət olduğunu göstərdi:
"1993-cü il noyabrın 26-da qəbul edilmiş “Müdafiə haqqında” qanun Azərbaycanın müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirir. Bu qanunun “Ərazi müdafiəsi” adlanan 17-ci maddəsində ərazi müdafiəsinin hansı məqsədlə təşkil olunması müəyyən edilsə də, “Ərazi müdafiəsi”nin anlayışı verilməyib. Təqdim edilən layihədə 17-ci maddə yeni redaksiyada verilməklə, ilk növbədə, “Ərazi müdafiəsi” anlayışı müəyyən edilir".
Deputat deyib ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumda Konstitusiyaya qəbul edilmiş dəyişikliklərə görə Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Ordusu və başqa silahlı birləşmələrdən ibarət olması müəyyən edildiyindən “Müdafiə haqqında” qanunun 17-ci maddəsinin 2-ci hissəsinin redaksiyasının da təkmilləşdirilməsi təklif edilir:
"Dəyişikliyə görə, ərazi müdafiəsinin Silahlı Qüvvələr tərəfindən dövlət və yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi nəzərdə tutulur. Layihəyə əsasən, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycanın ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən edilir və həmin sənəd də dövlət başçısı tərəfindən müvafiq normativ hüquqi aktla təsdiq edilir".
13:08 21.06.2025
Oxunuş sayı: 747